(felyeton)
Yazının adını oxuyan kimi ağlınıza başqa fikirlər gəlməsin, söhbət başqa pullara susayıb vətəninin, xalqının, dövlətinin maraq və mənafelərini başqa dövlətlərin siyasi və dini mərkəzlərinə satanlardan getmir. Bu “başqa” söhbəti, tamam başqa söhbətdir.
Məsələ ondan ibarətdir ki, xalqımızın bir çox 11 il oxumuş nümayəndələri alver sövdələşmələrində pulumuzun adını və miqdarını başqa cür ifadə edirlər. Çox uzatmadan keçək “mustafa”ya...
Deməli, biri vardı, biri yoxdu... yox belə olmadı, bu axı nağıl deyil, olmuş əhvalatdır, nə qədər şahidi filanı var. Günlərin bir günündə, Tovuzda bir yas məclisində bir nəfər söhbət eləyir, deyir ki, bəs filan həkimə bir başqa pul vermişəm.
Adamın rüşvət verməsi və bunu ictimai yerdə rəsmən etiraf etməsi məni o qədər də təəccübləndirmədi, çün belə söhbətlər adidən də adi bir şeydir ölkəmizdə. Məni “cin atı”na mindirən o oldu ki, bu ağssaqal rüşvəti niyə öz manatımızla deyil, dollarla və ya rublla ödəyib. Nəticədə aramızda belə söhbət yarandı:
- Niyə basqa pul verirdin ki, öz pulumuza nə gəlib?
- Öz pulumuzdan verdim də.
- Bəs deyirsən bir başqa pul verdim?
- Başqa deyəndə, yəni, paşka deyirəm də…
- Hə paçka, …nə paçkası idi?
- Şirvan
- Şirvan nədir?
- Ayə məni dolayıbsan? Şirvan də, şirvan… yanı 10 minlik pul var ey ondan...
- Axı indi o pul yoxdur, necə verdin ona?
- A kişi, təzə pullan verdim ee, prosta o qədər eləyir.
- Nə qədər yəni?
- Bir “başqa” şirvan.
- Bir “paçka” şirvan nə qədər edir ki?
- Qoy görüm... ayə 200 manat eləyir dana indiki pulnan…1 aylıq maaşım getdi bajoğlu …
- Bəs onda de ki 200 manat verdim də. Özü də 200 manat necə bir “paçka” edə bilər, axı 2 manatlıq pulumuz yoxdur?
- Paza keçmişik ee, a bala, yanı bir başqalıq şirvan qədər vermişəm dana, 2 dənə təzə yüzlük idi…
- Belə de də, “bir başqa şirvan” əvəzinə “200 manat” demək daha rahat deyilmi?
- Ağzımız öyrəşib… təzə puldan adamın başı çıxmır…
- Dayıcan, Sovet vaxtı 50 il bu sistemlə pul alıb-vermisən, indiki pulumuz da elə o vaxtkı dəyərdədir. O vaxt da məsələn, qənd 1 manat idi, indi də, o vaxt da sən 200 manat maaş alırdın, indi də. Yazıq “şirvan” 6 ildir dövriyyədən çıxarılıb, amma hələ də ondan əl çəkə bilmirsiniz... Şirvan, Məmməd, Nizami, Qız qalası filan…Elə hökumət yaxşı eləyib pulun ustundə şəkilləri ləğv elədi…
- Bizdə baş qoyublar a bala? Sovet dağılandan sonra pulun bərəkəti də getdi, o vaxt o 200 manata bir ay adam kimi dolanırdıq, indi bir həftəyə də çatmır...
Söhbətin gerisini yazıb vaxtınızı almayım,- “ayda 200 manat qazanırsan, bəs rüşvəti necə və niyə verirsən”,.. “verməsən olmur, bəs o həkim 120 manat maaşla acından ölsün?”- kimi mənasız sual-cavabın burda nə mənası var?!
Sovet vaxtı məşhur bir anektod var idi- Bir gün SSRİ rəhbəri Xruşşovla Çinin rəhbəri Mao Tszedun görüşürlər. Mao deyir ki, bizdə istedadlı fokusniklər çoxdur, onlar bir aylıq maaşı bircə gündə xərcləyib bitirirlər. Nikita da qayıdır ki, bizdə daha istedadlıları var- ayda 200 manat alırlar, amma 500 manat xərcləyirlər…
Bizdə indi vəziyyət bu sarıdan daha heyrətamizdir. Bizim məmurların, artistlərin, həkimlərin, müəllimlərin maaşı ilə onların aylıq xərcləri arasındakı keçilməz uçuruma nəzər salmaq kifayət edir ki, məsələ aydın olsun. Mən hələ bahalı daşınar və daşınmaz əmlakı demirəm. Bax əsl “fokusnik”lər bizimkilərdir.
Məndən sizə amanat, rüşvət alanda da, verəndə də öz pulumuzdan istifadə edək, yoxsa ölkədə manatın məzənnəsi aşağı düşər, inflyasiya sürətlənər- unun qarşısını Mərkəzi Bankın məzənnəni saxlamaq üçün dövriyyəyə buraxdığı milyonlar da ala bilməz, bunun dalınca da bazarda qiymətlər, bank kreditləri daha əlçatmaz yüksəkliklərə bayraq sancar. Onsuz da bəzi “moşenniklər” qiymətləri artırmağa girəvə gəzirlər. Sonra demədi deməyin…