Modern.az saytı bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zamanında baş nazir işləmiş Pənah Hüseynlə ANS telekanalındakı debatda insident yaşayan Əfşar Süleymani indi də eks-prezident Əbülfəz Elçibəyin keçmiş mühafizəçisi ilə dava-dalaşa tuş gəlməsi barədə məlumat vermişdi. Elçibəyin keçmiş mühafizəçi Azad Adıgözəlli özü saytımıza bildirmişdi ki, Əfşar Süleymani bir məclisdə Türkiyənin qurucusu Kamal Atatürkü təhqir edib. Bundan sonra A. Adıgözəlli ilə Ə.Süleymani arasında ciddi problem yaranıb. Hətta Modern.az saytı keçmiş mühafizəçinin dediklərinin hamısını dərc etməmişdi. (Səbəbi isə sadədir. Qarşı tərəfin rəyini öyrənə bilmədiyimiz üçün-red)
Bundan sonra isə guya bu məsələnin şişirdildiyi, bunun sifarişlə yazıldığı kimi iddialar gündəmə gətirilib.
Bildiririk ki, biz sifarişlə işləyənlərə nifrət edirik. Sözdə deyil, əməldə jurnalistika ilə məşğul olduğumuzu artıq sübut etmişik. İnternet portalı olsaq belə, qəzetlərin gözləmədiyi etik qaydaları gözləmişik. Konkret olaraq, biz jurnalistikanın nə olduğunu bilirik. Amma kimsəyə dərs vermək məsələsindən çox uzağıq.
Qaldı Elçibəyin keçmiş mühafizəçisinin fikirlərinin Modern.az saytına yer almasına, bu, bizim deyil, Azad Adıgözəllinin öz istəyi olub.
Yenidən onunla əlaqə yaradıb dediklərini niyə təkzib etməsinin səbəblərini öyrənməyə çalışdıq. Cavabında dedi ki, heç bir sayta açıqlama verməyib. O, yazdıqlarımızın özü tərəfindən deyildiyini təsidqlədi. Bildirdi ki, bunu danımır.
Zəruri əlavə: Yazı Modern.az saytında dərc olunandan sonra Azad Adığözəlli ilə Əfşar Süleymani nə danışıb, niyə danışıb, təzədən necə dostlaşıblar, bu onların öz işidir.
Həmkarlarımıza xatırlatma: Biz yalan yazmırıq. Kimsə dediyini təkzib edəcəksə, bu, bizim təqsirimiz deyil.
Modern.az