Modern.az

Tağı Əhmədov: “İngiltərədə mənə Azərbaycanca bir kəlmə söz deyə bilmədilər”

Tağı Əhmədov: “İngiltərədə mənə Azərbaycanca bir kəlmə söz deyə bilmədilər”

Ölkə

27 Mart 2012, 17:52

“Eurovision-2012” Mahnı Müsabiqəsinə artıq sayılı günlər qalıb. Yarışmaya ev sahibliyi edən ölkəmizdə müsabiqənin yüksək səviyyədə keçirilməsi üçün müxtəlif tədbirlər keçirilir. Bunlardan ən əsası ölkəyə gələn qonaqların rahatlığı üçün informasiyaların ingilis dilində verilməsi, bu işə səfərbər olan şəxslərin, tibb bacılarının, nəqliyyat işçilərinin və s. ingilis dilində danışmalarını təmin etməkdir.

Metro ən çox istifadə edilən nəqliyyat vasitəsidir. Çox güman ki yarışmanı izləməyə gələn qonaqlar Bakı metrosundan da istifadə edəcəklər. Hələki Bakı metrosunda qatar stansiyalara daxil olarkən sərnişinlərə informasiyalar yalnız Azərbaycan dilində verilir. Bu, “Eurovision” müddətində də belə olsa, şübhəsiz Azərbaycan dilini bilməyən əcnəbi qonaqlar üçün çətinlik yaradacaq.

Bakı Metroploteninin rəisi Tağı Əhmədov Modern.az saytına açıqlamasında informasiyaların eyni zamanda ingilis dilində verilməməsini belə izah edib:
“Bu yaxınlarda İngiltərəyə getmişdim, orada çox istədim ki, kim isə Azərbaycan dilində bir söz desin. Ancaq hamı ingilis dilində danışdı. Mənə Azərbaycan dilində bircə kəlmə də söz demədilər. Yəqin siz məni başa düşdünüz nə demək istəyirəm...”.

Metropoliten rəisi bildirib ki, ölkəyə gələcək xarici qonaqlar əgər metro işçilərinə yaxınlaşıb ingilis dilində söz soruşsalar, onlara cavab veriləcək.

“İşçilərimin ingilis dilini bilmələri üçün kurslar açmışıq. Artıq 3 aydır fəaliyyət göstərən kurslarda 50 metro işçisi ingilis dilində ümumi sözləri öyrənir. Bundan əlavə, bizdə informasiya aparatı-bloku var. Hər bir ingilis informasiya blokuna yaxınlaşıb ingilis dilində istənilən məlumatı oradan ala bilər”.

Tağı Əhmədov eyni zamanda “Avtovağzal” metro stansiyasında gedən işlər barədə məlumat verib. O qeyd edib ki, orada işlər qaydasında davam edir və 2013-cü ilin sonuna kimi stansiya açılacaq.

Aytən ƏLİYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı