May ayında Bakıda keçiriləcək “Avroviziya-2012” Mahnı Müsabiqəsinin biletləri fevralın 29-u saat 15.00-dan etibarən eurovision.tv saytında online sistemdə satışdadır. Demək olar ki, final mərhələsinin biletləri bir gün ərzində satılıb qurtardı. Biletlər satışa çıxana qədər hər kəs, əsas da gənclər müsabiqəni canlı izləməyi çox istəyirdilər. Biletin qiymətləri bəlli olandan sonra isə gənclərin, daha doğrusu tələbələrin bu arzusu ürəklərində qaldı.
Xatırladaq ki, Azərbaycanda tələbələrin aldığı təqaüd maksimum 85 manatdır. Bu da əlaçı və zərbəçi tələbələrin aldığı məbləğdir. Əksər tələbələr isə 45-70 manat alır. Bu isə müsabiqənin final mərhələsinin biletlərinin qiymətinin yarısı qədər də deyil. Qeyd edək ki, final mərhələsinin biletlərinin qiyməti 160-240 manatdır.
Bəs tələbələr “Avroviziya-2012” mahnı müsabiqəsini canlı izləyə biləcəklərmi?
Bunu öyrənmək üçün Modern.az saytının əməkdaşı tələbələr arasında sorgu keçirib.
Bakı Dövlət Universitetinin tələbəsi Nail Mehdi biletin bahalığından şikayət etdi:
“Mən tələbəyəm. Tələbənin hardadır o qədər pulu ki, ora gedə bilə. Ona görə də getməyəcəm”.
Bakı Slavyan Universitetinin tələbəsi Sara Rəcəbova:
“Müsabiqəni televizordan izləyəcəm. Bilet almaq istərdim, ancaq konsertə getməkdə çox da maraqlı olmadığım üçün bilet almaq yadımdam çıxdı. Canlı izləmək çox istərdim. Lakin nəzərə alsam ki, izdihamda ürəyim sıxılır, sakitliyi sevirəm, evdən baxmaq daha yaxşıdır, həm də ucuzdur”.
Bakı Dövlət Universitetinin tələbəsi Araz Bayramov:
“Pulsuz iki nəfərlik bilet verən olsa, əlbəttə gedərəm. Amma daha bilet də qurtarıb. Həm də düzünü desəm, bu haqda heç düşünməmişəm. Yəqin ki, getməzdim”.
Bakı Slavyan Universitetinin tələbəsi İlhamə Feyziyeva:
”Final mərhələsinə canı baxmaq istərdim. Amma hələ bilet almamışam. Düzünü desəm, biletlərin qiyməti bahadır, ona görə də hələ fikirləşirəm. Amma əlbəttə ki, canlı izləməyi çox istərdim”.
Bakı Dövlət Universitetinin tələbəsi Aygün Şirinova:
““Eurovision” müsabiqəsində tamaşaçı kimi çıxış etmək fikirim yoxdur. Haram musiqi olan yerdə mənim nə işim var? Ona görə də bilet almağı da düşünmürəm”.
Təfəkkür Universitetinin tələbəsi Anar Kəlbiyev:
“Orada olmaq mənim üçün elə də önəmli deyil. Həm də biletin qiyməti də biz tələbələrin cibinə uyğun deyil. Müsabiqəyə getmək istəsəm də belə, biletin qiyməti buna imkan verməz”.
Bakı Slavyan Universitetinin tələbəsi Nuranə Abbasova:
“Biletin qiyməti baha olduğu üçün müsabiqəni televizordan izləyəcəm. Amma final mərhələsində olmaq istərdim. Oradakı qarışıqlıq, əsəb gərginliyi, geriyə qayıtmaq üçün nəqliyyat probleminin olacağını nəzərə alıb müsabiqəyə getmək fikirindəndən əl çəkdim”.
Bakı Dövlət Universitetinin tələbəsi Səadət Ağayeva:
“Pulum olsaydı, əlbəttə gedərdim. Amma indiki şəraitdə bu mümkün deyil. Buna görə də həmişəki kimi televizordan izləyəcəm”.
Bakı Dövlət Universitetinin tələbəsi Şəfanə İbrahimova:
“Əgər ailədən kimsə getsəydi, mən də getmək istərdim. Amma heç kim getmir, buna görə də mən bu dəfə də evdə izləməli olacam. Həm də biletlərin qiyməti mənim cibimə uyğun deyil”.
Bakı Slavyan Universitetinin tələbəsi Aytən Əliyeva:
“Möhtəşəm müsabiqəni canlı izləmək istərdim. Yarımfinallardan çox final mərhələsini izləmək istərdim. Həm biletlər bahadır, həm də Sumqayıtda yaşayıram, evə qayıtmaq problem olacaq, buna görə də müsabiqəni canlı izləyə bilməyəcəm”.
Sevinc İltifatqızı