Səbuhi Məmmədli
Onunla ilk dəfə nə vaxt görüşmüşəm yadımda deyil. Yəqin ki iyirmi ili haqlayar. Onda mən yaşda idi. Amma BU YAŞA qədər artıq indiki YAŞI qədərə sığışacaq bir ömür yolu keçmişdi.
***
Cavad kişinin evində uşaq vaxtı onu necə çağırırmışlar bunu deyə bilmərəm. Yəqin ki, «Tofiq». Ya da başqa cür əzizləyici halda. 10-15 yaşında, 20-də necə olub onu deyə bilmərəm. Yəqin ki, Hüseynov Tofiq. Axı, məktəb, ali məktəbdə necə çağırmalıydılar ki? Mən onu tanıyanda onu «Qara Tofiq» kimi tanımışam. Bu lənətə gəlmiş İnternetdə Tofiq Hüseynov yazıb axtarış versən, ondan başqa Allah bilir nə qədər, nə «rəng»də «tofiqhüseynovlar» çıxacaq. «Qara Tofiq» yaz…
***
İndi neyləyək bütün Azərbaycana özünü belə tanıdıb. İnternet də bizə baxıb «öyrənib». Nə internet eee, guya doğulduğu Tovuzda, - risq edib deyərdim ki, hətta doğulduğu kənddə belə - kimdənsə Tofiq Hüseynovu soruşsan tanıyacaqlarmı ki, məhz ODUR! Amma…
***
2000-ci il idi, səhv etmirəmsə. Milli Məclisə seçkiyə qatılmaq istəyirdi. Lazım olan iki min imzanı yığmışdı, amma yerli hakimiyyət onu qeyd almaq istəmirdi. Çünki seçilməyəcəyinə şübhə edənin ağzı əyilərdi. Təsəvvür edin, həmin iki min adam və üstəgəl daha iki min dairənin ağzını kəsdirmişdi ki, biz bu adamın xeyrinə imza vermişik. Uzun danışmayacam, sonda onu qeydə almadılar. Nə bilim, min bir bəhanə gətirdilər. O vaxt paytaxtdan Tovuza bir qrup jurnalist getmişdi. Hamı bu mərəkənin nəylə qurtaracağını gözləyirdi. Mərəkə bitdi, hamı dağılışdı, elə biz də. Bu vaxt «Şərq»dən olan həmkarımız Yadigar qayıdıb ondan soruşdu:
- Mən reportajımda nə görmüşmsə, hamısını yazacam. Ədalətlə, vicdanla. Amma sizdən bir söz sruşmaq istəyirəm.
Dedik, yəqin Yadigar soruşacaq ki, niyə deputat olmaq istəyirsiz? Bəlkə özü də bel fikirləşirdi.
Amma Yadigar qəfil:
- Sizə niyə «Qara Tofiq» deyirlər?
O, güldü.
- Bu adı…
- Demək istəyirsən kim qoyub?
- Hə, harda qazanmısız?
Rusca cavab verdi:
- Na uliçnıx boyax. (Küçə döyüşlərində)
***
Döyüşmək doğurdan da onun, psevdovətənpərvər şüar qışqıranlardan fərqli, onun və onun kimi adamların alın yazısıdır. Bu «yazı prossesi» yəqin ki, indi də davam edir və edəcək. Onda məhz niyə «Qara». Bunu dostumuz Oqtay belə izah edir:
«Qara güclü müdafiə sistemi olan bir rəngdir. O bütün rənglərin qatışığında öz keyfiyyətini saxlayır, rənginin orijinallığını qorumağı bacarır. Qara özgə boya sevməyən rəngdir, elə buna görə də o, yad rənglərin ləkələrini tez bir zamanda çevrəsinə daxil etməklə əridə bilir».
Düz deyir: Qara cəmiyyətin ictimai-psixoloji durumunda önəmli rol oynayır. Bu rəng haqqında mifoloji təsəvvürlər, inanclar da yaranıb. Qara əzəmətli, işıqlı, adamlara yetərincə düşünməkdir.
Onu da deyək ki, qara özünü sevdirməyi bacarandır, onun fövqəladə potensialı, cazibəsi var. Qara insanlara digər rənglərdən daha doğmadır, çünki bu limitsiz rəng qara gözlərdən, hətta qara saçlardan belə enerji almağa qadirdir. Başqa rənglər isə həddindən artıq parıltılı, yaxud boyalı olduğuna görə bizim görmə qabiliyyətimiz onlarla ünsiyyətdə müqavimətə çox da davam gətirə bilmir. Bu rəngə sonradan formalaşan, yəni özgə rəngləri “yeyən” süni rəng söyləmək də çətindir.
Çoxlarının təsəvvür etdiyinin əksinə olaraq qara rəngdə heç bir şər elementi, mənfi çalar yoxdur. Əksinə, bu rəng müsbət enerjisinin köməyilə vahiməli qara ştrixləri cazibəsinə daxil edib hamarlamaqla sözün əsl mənasında qara fobiyasını dağıdıb gözəl İlahi rəngə çevirir. Bütün rənglər kimi qaranın da necə təsir gücünə malik olduğun Tanrının insanlara tanıtdığı rənglərlə yaratdığı ovqatdan, pozulmayan İlahi balansdan anlamaq olur.
***
Mən onun 60 yaşının tamam olmasını bilmirdim. Bəlkə on ildir ki, heç görüşmürük də. Mən ona bircə şeyi arzulayıram. Bir yaşlı Tofiq necə «Qara Tofiq» adını qazanıbsa, qoy ilahi ona «Tofiq baba» adını da qazandırsın. Ondan o tərəfi…yaxşı olacaq, bəy!
Görüşənədək…