Dövlət İqtisad Universitetinin bir neçə fakültəsinin tələbələrinin dünən semestr sonlarında bilik səviyyəsini yoxlamaq üsullarından biri olan kollokviumu boykot etməklə ali məktəbin qarşısında toplaşmasına rəsmi münasibət bildirilib.
Universitetin mətbuat xidmətinin rəhbəri Zəfər Bayramov dünən yaranan anlaşılmazlığın əsas səbəbinin bir neçə qrupun eyni zamanda bir otaqda imtahan verməsi ilə əlaqələndirib.
“Cədvəl düzgün tərtib edilmədiyindən bu cür anlaşılmazlıq yaranıb. Təbii ki, tələbələrin həyacanlarını da nəzərə almaq lazımdır. Ancaq rəhbərliyimiz dərhal hadisəyə reaksiya verdi və anlaşılmazlıq aradan qaldırıldı”.
Mətbuat xidmətinin rəhbəri tələbələrin narazılığının bir gündə 7 fənn üzrə kollokvium keçirilməsilə bağlı olması barədə iddianı isə təkzib edib.
“Bu gülüncdür. Bir gündə bu qədər fəndən kim imtahan verə bilər. Bunu etmək ağılsızlıq olar. Maksimum bir gündə 2 kollokvium salına bilər” - deyə Zəfər Bayramov vurğulayıb.
Bununla yanaşı, o bildirib ki, hazırda kollokviumun keçirilməsi üç gündən bir həftəyə qədər uzadılıb.
Eyni zamanda Z.Bayramov dünənki olaylarla bağlı hər hansı tələbənin cəzalandırılmadığını da bildirib.
“Bununla bağlı biz hər hansı tələbəyə qarşı cəza tətbiq etmədik. Tələbələr öz hüquqlarını tələb edirlər. Buna qarşı da rəhbərlik reaksiya verib və məsələ həll olunub”.
Aytən ƏLİYEVA