"O şəraitdə hücum məqsədyönlü sayılmırdı"
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyev sabiq spiker Rəsul Quliyevi 1993-cü ilin sonu, 1994-cü ilin əvvəlində 3 mindən çox hərbçinin Kəlbəcərdə ölümündə günahlandırmasından sonra ikincidən təkzib cavabı gəldi.
Modern.az saytı məsələyə həmin döyüşlərdə yüksək hərbi vəzifə tutan polkovnik-leytenant, ehtiyatda olan zabit Qurban Qurbanovdan münasibət öyrənib.
Saytımıza açıqlamasında döyüşçü bildirib ki, o vaxt vəzifəli şəxs olsa da, balaca bir adam olub: “Kəlbəcərdəki uzun əməliyyatlarda iştirak etmişəm. Amma o zaman həmin istiqamətdə Müdafiə Nazirliyi tərəfindən qruplaşmanın rəhbəri polkovnik Elxan Orucov idi. Mənim o dövrdə yuxarıların verdiyi əmr və sərəncamlardan xəbərim ola bilməzdi. O ki qaldı mənim əlimdə bir sübut ola ki, kimisə nədəsə ittiham eləyim”.
Q.Qurbanov: “Həmin dövrdə sadəcə olaraq biz hucum əmri almışdıq. Məqsəd düşmənin qüvvələrini o istiqamətə cəlb etmək idi. Əmr Ağdərə, Füzuli istiqamətlərində döyüş əməliyyatlarının müəyyən qüvvələrini o istiqamətə cəmləşdirmək məqsədi daşıyırdı. Ancaq Kəlbəcərdə uğurlu əməliyyat alındığına görə, başladılar yuxarıdan o istiqamətdə hücumu inkşaf etdirməyə”.
Polkovnik-leytenant həmin əməliyyatın 1993-cu ilin dekabrı, 1994-cü ilin yanvar-fevral ayılarında keçirildiyini deyib: “O vaxt həmin əməliyyat hərbi xəritə üzərində də yerləşdirilib. Qışın şaxtası, yolları qar bağlamışdı, hərəkət məhdudlaşmışdı. Ona görə də orada hücum məqsədyönlü sayılmırdı. Yəni bu cur şərtləri nəzərə almaq lazım idi.
O dövrki, hərbi xəritəyə baxsnız, görərsiniz ki, aşırımlar bağlı idi. Orada güclü qar düşdüyü üçün hər döngədə bi traktor işləyirdi. Orada təchizat, təminat məsələləri həddindən artıq çətin bir vəziyyətdə idi”.
Tabor komandiri bildirib ki, kimisə ittiham etmək üçün əlində gərək fakt olsun: “Kimisə ittiham etmək üçün gərək adamın əlində fakt olsun, sənə kimsə əmr və sərəncam versin, sən də onu deyə biləsən ki, bu adamı filan məsələyə görə suçlayıram. Mən o vaxt balaca bir adam idim, vəzifəli şəxs olsam da Tabor komandiri olaraq Milli Qəhrəmanın o ittihamını edə bilmərəm. Ona görə ki, mən bilavasitə əmri polkovnik Elxan Orucovun vasitəsilə alırdım. Yəni Kəlbəcər istiqamətində döyüşləri o idarə edirdi”.
Mail Ağaxanov