Modern.az

Vətənpərvər “bomj”

Vətənpərvər “bomj”

Ölkə

30 Mart 2012, 14:38

İlqar Məmmədov 40 ildən çoxdur ki, Bakı şəhərində yaşayır. 1971-ci ildə yağışlı-çiskinli bir payız günü ucqar dağ rayonundan paytaxta pənah gətirib. Bir müddət dayısının Bayıl qəsəbəsindəki darısqal mənzilində yaşayıb. Sonra isə atasının kənddən göndərdiyi pulla Binəqədi rayonunda ucuz bir daxma alıb. Fələyin ondan üz döndərdiyi günə kimi həmin evdə yaşayıb.

İlqar kişi xoşbəxt ailə başçısı ola bilməyib. Sevib-seçdiyi bir qızla ailə həyatı qursa da, tale 30 il bir damın altında yaşayan bu cütlüyə övlad bəxş etməyib. Xanımı 10 il əvvəl dünyasını dəyişəndən sonra İlqar Məmmədov tək qalıb. Tənha yaşamaq nə qədər çətin olsa da, ikinci dəfə ailə həyatı qurmağı ağlına gətirməyib. Otuz ildə bir dəqiqə belə onu tərk etməyən həyat yoldaşına sonsuz ehtiramını məhz bu cür ifadə etmək istəyib. İndi haqq dünyasında olan xanımının ruhunun hopduğu divarlar uzun qış gecələrində yeganə “həmsöhbəti” olub. Ən ağır dəqiqələrində acılı-şirinli xatirələr onun köməyinə çatıb. Bu köhnə, darısqal mənzili günlərin birində ona çox görəcəklərini heç vaxt ağlına gətirməyib.

İlqar Məmmədov ARDNŞ prezidenti Rövnəq Abdullayevin yurdunu viran qoyduğu Bakı sakinlərindən biridir. Ötən il Rövnəq Abdullayev ərazinin ARDNŞ-ə məxsus olduğunu əsas gətirərək, onun evini sökdürüb. Elə o vaxtdan da İlqar kişi küçələrdə gecələyir. Onun Rövnəq Abdullayevin sayəsində “bomj”a çevrilən neçənci Azərbaycan vətəndaşı olduğunu isə Allahdan başqa heç kim bilmir.

İndi İlqar Məmmədov Binəqədi rayonu ərazisində taxtadan düzəltdiyi darısqal bir daxmada yaşayır. Evində olduğu kimi, daxmasının divarında da Azərbaycanın üçrəngli bayrağını asıb. Məmurlar tərəfindən evinin başına uçurulması onun Azərbaycan dövlətinə, bu dövlətin atributlarına olan sevgisini azaltmayıb. Əksinə, doğma bayrağa olan məhəbbəti ona yaşamaq üçün əlavə stimul verib.

İlqar Məmmədovun haqsızlıqla üzləşməsi barədə xəbərlər Azərbaycanın hüdudlarından kənara çıxıb. Ötən həftə İran telekanallarından birinin əməkdaşları İlqar dayının darısqal mənzilində qonaq olublar. İlqar Məmmədov xarici jurnalistlərə müsahibə verməyə razılaşandan sonra İrandan gələn müxbir divardakı Azərbaycan bayrağını tərsinə asmaq istəyib. Oxumuş adam olan İlqar dayı əcnəbi jurnalistin niyyətini başa düşəndə bərk qəzəblənib. O, daxmasındakı jurnalistləri yaşına uyğun olmayan cəldliklə itələyib bayıra çıxarıb. Sonra isə deyib ki, nəinki siz, heç prezidentiniz Əhmədinejad da mənim bayrağıma hörmətsizlik edə bilməz. Qocanın qımırını görən iranlı jurnalistlər sakitcə onun daxmasından uzaqlaşıblar...

Üç gündür bu söhbətin təsiri altındayam. Bir sual gecə-gündüz beynimi deşir: bu cür qeyrətli vətəndaşı öz ölkəsində “bomj”a çevirmək insafdandırmı?

İnsafdandırmı, Rövnəq müəllim?!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı