Modern.az

Avtomobillərin evakuasiyasından yığılan vəsaitin həcmi niyə gizlədilir?

Avtomobillərin evakuasiyasından yığılan vəsaitin həcmi niyə gizlədilir?

Ölkə

30 Mart 2012, 15:34


Artıq bir neçə ildir ki, paytaxt yollarında yaranan süni tıxacların qarşısını almaq üçün  yol kənarlarında və eləcədə qadağan olunmuş yerlərdə saxlanılan avtomobillərin evakuasiyası həyata keçirilir. Belə ki, mərkəzi küçə və prospektlərdə, səkilərdə, avtomobillərin hərəkət hissəsində  saxlanılan maşınlar Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən ərazidən evakuasiya olunaraq bir başa cərimə meydançasına aparılır. Məcburi evakuasiyadan gün ərzindən onlarla avtomobilin cərimələndiyini nəzərə alaraq deyə bilərik ki, bu xidmətdən dövlət büdcəsində xeyli miqdarda gəlir daxil olur.  Lakin indiyə kimi bu sahədən büdcəyə daxil olan vəsaitlə bağlı heç bir dövlət qurumu rəsmi statistika açıqlamayıb.

Modern.az məsələni araşdırmaq üçün dəfələrlə aidiyyatı qurumlara müraciət ünvanlayıb. Öncə Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayaraq  Bakı şəhərində həyata keçirilən evakuasiya xidmətindən dövlət büdcəsinə daxil olan illik vəsaitin məbləğini öyrənməyə çalışdıq, amma bu cəhdimiz baş tutmadı. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev evakuasiya xidmətinin onların səlahiyyətində olmadığını, məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin cavabdeh olduğunu bildirdi.

“Bununla bağlı siz Bakı Şəhər Yol Polisi ilə əlaqə saxlayın. Çünki bu işlə biz yox, məhz onlar məşğul olurlar”-deyə Kamran Əliyev bizə qısaca cavab verdi.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədova da eyni sualla müraciət etdik. O da sualımızdan yayınaraq evakuasiya xidmətindən nə qədər gəlirin daxil olduğunu bilmədiyini, bununla əlaqədar onlarda heç bir məlumatın olmadığını söylədi

“Məndə şəxsən bu haqda inanın ki, heç bir məlumat yoxdur. Sözün açığı mən deyə bilmərəmn avtomobillərin evakuasiyasından il ərzində büdcəyə nə qədər gəlir daxil olur. Belə bir rəsmi statistika bizə açıqlanmayıb”.
V.Əsədovun sözlərinə görə, Bakı şəhərində gün ərzində orta hesabla 40-50 ədəd avtomobil evakuasiya olunur.

Qeyd edək ki, Nazirlər Kabinetinin göstərişinə əsasən, sürücülər evakuasiya olunmuş maşınların cərimə meydançasında və müvəqqəti saxlanc yerlərində gündəlik saxlanılması üçün 30 qəpik, evakuasiya üçün 20 manat, dayanma-durma nişanlarını pozduqlarına görə 22 manatadək cərimə ödəməlidirlər. Bu, yalnız sənədlər düzgün olduğu halda tətbiq edilir.

Lakin sənədi düzgün olduğu halda avtomobili bir neçə dəfə evakuasiya edilən sürücü  44 manat 30 qəpiyədək cərimələnir. Xatırladaq ki, cərimələr ödənildikdən sonra sürücüyə qəbz verilir və həmin məbləğ birbaşa olaraq dövlət büdcəsinə köçürülür.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı