Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına əsasən, dünyada ən çox alkoqol Avropada qəbul edilir. Məlum olub ki, hər avropalı il ərzində orta hesabla 9,24 litr spirtli içki qəbul edir. Eləcə də ölkəmizdə son illərdə spirtli içkiyə meyl artıb. Həm dinimizdə spirtli içkinin qadağan olmasına, həm də insan sağlamlığına nə qədər ziyanlı olduğu hər kəsə məlumdur. Son illərdə spirtli içki qəbul edənlərin sayı, bu xəstəlikdən əziyyət çəkən insanlar barəsində məlumat almaq istədik.
Modern.az saytına Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Meri Qardaşxanovanın verdiyi məlumata görə, 2009-cu ildə ilk dəfə alkoqolizm xəstəliyi diaqnozu ilə ölkədə 629, 2010-cu ildə isə 548 nəfər qeydiyyata alınıb. M. Qardaşxanovanın sözlərinə görə, müalicə-profilaktika müəssisələrində 2009-cu ildə 19 786, 2010-cu ildə isə 19 921 nəfər qeydiyyata düşüb.
Azərbaycan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin təşkilati metodoki işlər üzrə direktor müavini Aytən Səmədova ölkədə son illər alkoqolizm xəstəliyindən əziyyət çəkən insanların çoxaldığını qeyd edib. Onun sözlərinə görə, respublika ərazisində 2011-ci ilə qədər 19765 nəfər alkoqolizm xəstəliyindən əziyyət çəkən insan qeydiyyata alınıb. Təkcə 2011-ci ildə 655 nəfər qeydiyyatdan keçib. A. Səmədovanın verdiyi məlumata görə keçən il 9 qadın bu xəstəlik diaqnozu ilə qeydiyyata düşüb.
“Bizdə müəlicə könüllüdür, heç bir məcburiyyət yoxdur. Yəni özləri müəlicə olunmaq istəməlidir, undan sonra onlar mərkəzə qəbul olunurlar, əks halda bunun heç bir faydası olmayacaq. Elə xəstələr var ki, müalicədən sonra tam sağalır, yenidən öz həyatına qayıdır, amma elələri də olur ki, yenidən mərkəzə müraciət edirlər” deyə Aytən Səmədova qeyd edib.
A. Səmədovan mərkəzdə indiyə qədər bu xəstəlikdən dünyasını dəyişənin olmadığını qeyd edir. Amma kiminsə evdə vəfat etməsini isə istisna etmədiyini bildirdi.

Sevinc İLTİFATQIZI