“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun televerilişlərlə bağlı bu gün mətbuatda dərc olunan yazısı cəmiyyətdə böyük əks-səda doğurub. Deputat köşə yazısında milli mənəvi dəyərlərimizə zidd hesab edərək “Onun yarısı”, “Toy olsun”, “Ay Zaur” kimi əyləncəli verilişlərin bağlanmasını istəyib.
Modern.az saytının əməkdaşı deputatın səsləndirdiyi ittihalmarla bağlı televiziyalarla əlaqə saxlayaraq onların məsələyə münasibətini öyrənməyə çalışıb.
Haqqında tənqidlər səslənən “Toy olsun” verilişinin aparıcısı Elgiz Əkbər millət vəkilinin fikrinə hörmət etdiyini deyib.
“Bu barədə mən heç nə deyə bilmərəm. Mən, ümumiyyətlə bütün millət vəkillərinin fikirlərinə hörmətlə yanaşıram. Əlbəttə, bu həmin deputatın şəxsi fikridir. Ona görə bu haqda başqa heç nə deyə bilmərəm”-deyə teleaparıcı bildirib.
ATV telekanalının rəsmisi Vaqif Aydınoğlu isə deyib ki, təmsil etdiyi kanal bu məsələ ilə bağlı hər hansı fikir bildirmək istəmir.
B.Sadıqovun iradına tuş gələn “Xəzər” televiziyasından kimisə danışdırmaq istəsək də, bu cəhdimiz də baş tutmadı.
Qeyd edək ki, millət vəkili 31 mart soyqırımı günü yerli kanallarda əyləncəli şou verilişlərinin yayımlanmasını mənəvi dəyərlərimizə zidd sayaraq, xüsusi ilə “Xəzər” Televiziyasında yayımlanan “Ay Zaur” verilişinin başlanmasını və kanal rəhbərliyinin Azərbaycan xalqından üzr istəməsinin vacibliyini bildirib.
Anar RÜSTƏMOV