
ADP sədri Sərdar Cəlaloğlu millət vəkili Aqil Abbasın Müsavat Partiyasını Azərbaycanın ana müxalifət partiyası hesab etməsi ilə bağlı Modern.az-a münasibət bildirib. Partiya sədri deputatın səsləndirdiyi fikirlərlə razı olmadığını bildirərək Azərbaycanda siyasi arenada ana müxalifət anlayışının olmadığını vurğulayıb.
“Azərbaycanda ana müxalifət yoxdur, ola da bilməz. İndi kimlərsə hay-küy salaraq özünü ana müxalifət adlandırırsa, bunlara ana müxalifət demək olmaz. Məncə, Azərbaycanda bir çox mübahisələrin səbəbi siyasi maarifləndirmənin kifayət qədər yüksək səviyyədə olmaması və politoloji anlayışların bəzən adi məişət anlayışları kimi istifadə edilməsindən irəli gəlir. Ana müxalifət politoloji olaraq parlamentdə təmsil olunan, hakimiyyətdən sonra daha çox səsə malik olan ikinci partiya kimi nəzərdə tutulur. Bu partiyanın say tərkibi parlamentdə qərarların qəbul edilməsində mühüm əhəmiyyət kəsb etməlidir. Bu baxımdan Azərbaycanda ana müxalifət partiyası yoxdur”-deyə S.Cəlaloğlu qeyd edib.
ADP sədri hesab edir ki, ana müxalifət anlayışı ölkədə gedən proseslərə təsir baxımından birbaşa parlamentdə təmsil olunmaqdan aslıdır:
“Müxalifət nümayəndələri seçkilərdə qələbə qazanmalarına baxmayaraq, onlar parlamentə buraxılmırlar. Parlamentdə bu vaxta qədər müxalifət elə bir say tərkibinə malik olmayıb ki, indiki Milli Məclisin reqlamentinə uyğun fraksiya təşkil eləmək imkanımız yaransın. Buna əsasən mən deyə bilərəm ki, Azərbaycanda politoloji anlamda ana müxalifət partiyası yoxdur. İndi kimlərsə özlərini ana müxalifət sayırlarsa, bu politoloji anlamda yox, simvolik anlamda qəbul edilməlidir”.
Anar RÜSTƏMOV