Modern.az

Qadınlarda gözəlliyə, yoxsa ağıla üstünlük verilməlidir? - POLEMIKA

Qadınlarda gözəlliyə, yoxsa ağıla üstünlük verilməlidir? -  POLEMIKA

Ölkə

7 Aprel 2012, 10:54


Gözəllik deyəndə öncə zərif, incə varlıq olan xanımlar yada düşür. Ancaq bəzən də qənirsiz gözəl olan xanımlar bu gözəlliyin problemlərini də yaşamalı olurlar.

Görəsən xüsusi gözəllik doğrudanmı xanımlarımızın başına bəladır? Onlar gözəllik, ağıl, bacarıq, yoxsa savada üstünlük verirlər?

Təbii ki, burada xanımların fikri maraqlı olardı.

ANS telekanalının əməkdaşı Afət Telmanqızının sözlərinə görə, insan xaricən gözəl olmasa da,daxilən gözəl olmalıdır: “Elə insan var gözəl deyil, amma onda ağıl , savad, bacarıq var və bunlar birləşəndə kamil insan olur. Kimsə fikirləşməsin ki, mən gözələm, mənə hər yerdə yaşıl işıqdı, elə fikir düzgün deyil. Ümumi qadınları götürdükdə, mən gözəl qadın görəndə xanım olmağıma baxmayaraq, baxıram,gözəllik vurğunuyam. Ancaq gözəllik hər şeyi həll etmir. Ola bilər ki, gözəl olsun, amma ağıl, savad, bacarıq olmasın. Mən onları yetkin kamil insan hesab etmirəm. Amma bu o demək deyil ki, mən xarici gözəlliyə önəm vermirəm”.

Gənc yazar Günel Mövlud  mövzuyla bağlı dedi ki, zahiri görünüşdən, ağıldan daha öncə humanist və gözəl ürəkli insan olmaq lazımdır: “Çünki insan humanist olmayanda nə ağlın, nə gözəlliyin əhəmiyyəti olur. Zahiri gözəllikdən daha əsas ürəyin gözəlliyidir. Amma təbii ki ağılsız insanla da yola getmək, münasibətdə olmaq çətindir”

“Ədalət” qəzetinin  baş redaktoru İradə Tuncay isə qeyd etdi ki, gözəllik, ağıl, savad, bacarıq kimi müsbət keyfiyyətlərin bir yerdə cəmlənməsini üstün tutur.  “Ağıllı qadından  əks cinsin nümayəndələri qorxurmu?”  sualını isə o, “Əks cinsin nümayəndəsi zəifdirsə, qorxur”, deyə cavablandırdı. Müsahibimiz əlavə etdi ki, rlə adamlar var gözəldir, ancaq ağzını açıb danışanda tanıdığına peşman olursan”.

Millət vəkili, BDU nin professoru Jalə  Əliyeva bildirdi ki, bütün insani keyfiyyətlərin birləşməsi daha yaxşı olardı: “Qadının çirkini olmur, baxımsızə olur. Belə bir deyim var: insanı geyimiylə qarşılayıb əxlaqıyla yola salırlar”. “Ağıllı qadın kişi üçün təhlükə deyil ki?” sualına isə “Hər bir güclü kişi arxasında  güclü qadın dayanır. Qadının ağıllı, savadlı olması, əsla təhlükə törətmir” deyə cavab bildirdi. O, nümunə kimi ölkəmizin birinci xanımını göstərdi: “Gözəllik, bacarıq, savad, ağıl kimi  keyfiyyətlərin bir şəxsdə, xüsusılə bir xanımda cəmləşməsi  təhlükə deyil, cəmiyyət  üçün bir sərvətdir”.

Məsələyə əks cinsin nümayəndələrinin də fikirlərini öyrəndik.

Millət vəkili Aqil Abbas qeyd etdi ki, o, xanımda ağıl, savad kimi müsbət keyfiyyətləri qiymətləndirir: “Gözəlliklə cəmiyyətə xeyir vermək olmur, ağıl, savadla cəmiyyətə xeyir vermək olur. Ağıl, savad, bacarıq, gözəllik kimi keyfiyyətlərin  bir yerdə cəmləndiyi xanıma  rast gəlməmişəm”.

Mediaforum saytının redaktoru Hikmət Sabiroğlu ümumiyyətlə, insanda həm gözəllik, ağıl, savad, həm də bacarıq kimi keyfiyyətləri qiymətləndirdiyini bildirdi. O, gözəlliyin ikinci planda olduğunu, əsas insanın daxilən gözəl olmalı olduğunu vurğuladı: “Amma xanımda əsasən ismət, namus kimi keyfiyyətlərin olmasını daha üstün tuturam”.

Sevimli aktyorumuz Rasim Balayev isə dedi ki, savad, ağıl, gözəllik, bacarıq kimi keyfiyyətlər kompleks şəkildə bir nəfərdə cəmləşsə, daha yaxşı olar: “Belədə əks cinsin nümayəndəsi tərəfindən ona təhlükə törənməz. Çünki sadalağımız xüsusiyyətlər sırasında ağıl da var”. Digər həmsöhbətlərimizdən fərqli oplaraq aktyor xanımda xarici gözəlliyə böyük önəm verdiyini vurğuladı: “Zahirən gözəl olub digər müsbət keyfiyyətlərə sahib olmaq və ya müsbət keyfiyyətlərə sahib olub zahirən çirkin olmaq da xoş deyil. Savad, ağıl, bacarıq, gözəllik bir xanımda  kompleks şəkildə vəhdət təşkil etsə, daha yaxşı olar”.

Aygün ASİFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı