Modern.az

Ali məktəblərə builki keçid balları: onlar hansı halda aşağı salına bilər?

Ali məktəblərə builki keçid balları: onlar hansı halda aşağı salına bilər?

Ölkə

11 Aprel 2012, 13:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) dünəndən 2012-2013-cü tədris ili üçün ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbuluna başlayıb.

Sənəd qəbulunun və qəbul imtahanlarının vaxtı artıq məlumdur. Ali məktəblərə hazırlaşan abituriyentləri maraqlandıran ən əsas məsələ isə qəbul imtahanlarından sonra ixtisas qrupları üzrə müsabiqədə iştirak ballarının aşağı salınıb-salınmayacağıdır. Düzdür, bu barədə danışmaq hələ tezdir, amma istənilən halda məsələ gündəmin aktual mövzularından biridir.
TQDK-dan bilidirilib ki, ixtisas qrupları üzrə minimum keçid balları ötənilki kimidir. Ballar qabaqcadan aşağı salınmır. Balın aşağı salınması abituriyentlərin göstərdiyi nəticələrdən asılı ola bilər.

“Ötən ilin tələbə qəbulu müsabiqəsində ixtisaslar üzrə formalaşmış keçid ballarının abituriyentlər üçün ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya biləcəyi nəzərə alınaraq “Abituriyent” jurnalının 2-ci sayında 2011-ci ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir. Odur ki, abituriyentlər keçid ballarına istinad edərkən onların hər ilin müsabiqə nəticələrindən asılı olaraq dəyişməsini nəzərə almalıdırlar”-deyə TQDK-dan bildirilib. 
Beləliklə, ali məktəblərin müsabiqəsinə keçid balları bu il də aşağıdakı kimi olacaq.  

- I, II və IV ixtisas qruplarında ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılacaqlar; 

- III ixtisas qrupunda ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər müsabiqəyə buraxılacaq. 

Ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. 

Qeyd edək ki, ötən il TQDK abituriyentlərin  nəticələrini nəzərə alaraq, bəzi ixtisas qrupları üzrə keçid balını aşağı saldı. Məsələn,  I qrup üzrə ixtisas seçimində ümumi balı 250-dən 200-ə, III qrup üzrə ixtisas seçimində keçid  balı 300-dən 250-ə salınmışdı.

Bu il də oxşar hal təkrarlana bilərmi? Bu, imtahanlardan sonra bəlli olacaq...

Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı