Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə müxalifət partiyalarından ibarət “beşliyə” nə üçün dəvət olunmadığı haqda Sərdar Cəlaloğlunun səsləndirdiyi fikirlərinə münasibət bildirib.
İ.Ağazadə qeyd edib ki, bir neçə nəfərin bir araya gəlməsi ümumilik də müxalifətin birliyi demək deyil:
“Mən o görüşdə iştirak etməmişəm. Çünki dəvət olunmamışdım. Dəvət olunan yerdə varıq, dəvət olunmayan yerdə yox. Özləri hər şeyi yaxşı bilərlər. Bizim siyasi fəaliyyətimizdə elə bir problemimiz də yoxdur. Biz özümüzün doğru bildiyimiz yolla, xətlə gedirik”.
Deputat hesab edir ki, Ümid Partiyası olmayan yerdə nəinki müxalifətin birliyindən, həmçinin görüşlərin əhəmiyyətindən də danışmaq yersizdir.
“Düşünürəm ki, Azərbaycan müxalifətinin birliyindən söhbət gedirsə, Ümid Partiyasının olmadığı yerdə bu mümkün deyil. Biz orada yoxuqsa, müxalifətin birliyi də yoxdur. Məncə, bu görüşlər çox əhəmiyyətsizdir. Müxalifət ölkədə gedən siyasi proseslərə birlik şəklində yanaşmayınca, bu görüşlərin əhəmiyyətindən danışmaq mümkün deyil”-deyə İ.Ağazadə bildirib.
Qeyd edək ki, ADP sədri Sərdar Cəlaloğlu saytımıza bildirib ki, AXCP və Müsavat partiyaları narazı olduğundan onlar İqbal Ağazadəni görüşə dəvət etməyiblər. Xatırladaq ki, müxalifətin qeyri-rəsmi görüşündə Müsavat, AXCP, ADP,AMİP və KXCP sədrləri iştirak edərək bir sıra siyasi prosesləri müzakirə ediblər.
Anar RÜSTƏMOV