“Sulutəpə hadisəsi hər hansı polis bölməsi tərəfindən deyil, Daxili İşlər Nazirliyi tərəfindən araşdırılır. Hadisə ilə bağlı hesabat xarakterli izahat daxili işlər naziri Ramil Usubova təqdim ediləcək. Nazir də öz növbəsində prezidentə məruzə edəcək”.
Bunu Modern.az-a aprelin 18-də Sulutəpə qəsəbəsində ARDNŞ mühafizəçiləri tərəfindən amansızlıqla döyülmüş və huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmış jurnalist İdrak Abbasov deyib. O, bildirib ki, Sulutəpə hadisəsi ilə bağlı cinayət işinin açılıb-açılmaması ilə bağlı heç bir məlumatı yoxdur:
“İki gün əvvəl xəstəxanaya Bakı şəhər Baş Polis İdarəsindən gəmişdilər. Hesabat xarakterli izahat aldılar ki, bunu daxili işlər naziri Ramil Usubova təqdim edəcəklər. Nazir də öz növbəsində hadisə ilə bağlı prezidentə məruzə edəcək. Daxili İşlər Nazirliyindən də bir neçə gündür ki, telefonla əlaqə saxlayırlar. Bildirirlər ki, məsələ hər hansı polis bölməsi tərəfindən deyil, nazirlik tərəfindən araşdırılır. Amma səhhətim imkan vermir ki, polis bölməsinə gedib ifadə verim. Çox güman ki, onlar evə gəlib ifadəmi alacaqlar”.
Qeyd edək ki, Sulutəpə qəsəbəsində qanunsuz evlərin sökülməsi zamanı “Ayna-Zerkalo” qəzetinin əməkdaşı İdrak Abbasov uzun sürən müalicədən sonra dünən evə buraxılıb. Jurnalist bildirib ki, vəziyyəti qənaətbəxş olsa da, səhhətində ciddi problemlər qalır. Bundan sonra müalicəsi ev şəraitində davam etdiriləcək.
Gültəkin Ələsgər