Modern.az

Azərbaycanda hicab: İsmət rəmzi yoxsa problem məngənəsi? - RƏYLƏR

Azərbaycanda hicab: İsmət rəmzi yoxsa problem məngənəsi? - RƏYLƏR

Ölkə

7 May 2012, 10:41

Bütün demokratik ölkələrdə olduğu kimi, bizdə də din dövlətdən ayrıdır. Ölkəmizin əksər hissəsini etnik müsəlmanlar təşkil edir. Məhz bu səbəbdən də, dindar   xanımlarımız İslam qaydalarına əməl edərək, hicab bağlamağa üstünlük verir. Onlar bunu müqəddəs kitabımız olan Qurani-Kərimdə vacib buyrulduğu üçün etdikərini bildirirlər. Amma hicab və çadra ilə bağlı məsələlər cəmiyyətdə  birmənalı qarşılanmır. Müxtəlif rəylər mövzu ilə bağlı bəzən ciddi debatlarda gətirib çıxarır. .

Maraqlıdır, Azərbaycan cəmiyyətində hicab problemi nədədir?

Sərdar Cəlaloğlu: “Şeyxülislamlıq və dini komitə vicdan azadlığına dəstək verə bilmir”

Azərbaycan Demokrat Partiyasını sədri Sərdar Cəlaloğlu öncə hicab anlayışına aydınlıq gətirdi. Onun fikrincə, hicab tək geyimdə deyil, həm də davranışda olmalıdır. Partiya sədri indiki dövrdə din xadimlərinin, mollaların, dindən xəbərsizliyindən, əksəriyyətinin dövlətə xidmət etmək məqsədi güddüyündən də narazılığını bildirdi: “Nə Şeyxülislamlıq, nə də dini komitə ölkədə vicdan azadlığının qarşısını ala biləcək qüvvə kimi çıxış edə bilir, əksinə birləşib ölkənin vicdan azadlığını pozmaqla məşğuldurlar. Ümumiyyətlə, hicablı xanımlara qarışı Peyğəmbərimiz də (s.ə.s) şərh verməkdən çəkinib. Odur ki, bizim də bu barədə nəsə deməyə haqqımız yoxdur. İndi İslamı dərindən bilən də, bilməyən də bu barədə istədiyi kimi  şərh verir”.

İlqar İbrahimoğlu: “Xalqımızın mental kodunda "örpəkli ana" obrazı həkk olunub”

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri  İlqar İbrahimoğlu bildirdi ki, Azərbaycanda hicab məsələsinə problem kimi baxılmamalıdır:
“Əsrlərdən bəri xalqımızın mental kodunda "örpəkli ana", "yaşmaqlı qız-gəlin" obrazı həkk olunub. Bu səbəbdən də bir xalq və millət olaraq azərbaycanlılar üçün örpək anlayışı qətiyyən yad deyil”.
İ.İbrahimoğlu hicabın problemə çevrilməsini əslində bəzi məmurların, bəzi təhsil ocaqları rəhbərlərinin solipsik baxışlarının doğurduğu acı nəticə kimi dəyərləndirir:
“Baxış bucağının özünəməxsusluğu sayəsində, bəzi fərdlərdə cəmiyyətin bir qisminin dünyagörüşünü qəbul etməməklə bağlı lokal providensiallıq təzahür olunur. Faktiki olaraq, problem olmayan yerdə süni surətdə problem yaradılır. Halbuki, məsələyə konstruktiv yanaşma tərzi, bu sahədə olan dünya təcrübəsini tədqiq etməyi labüd edir. O cümlədən, insan haqları sahəsində yarana biləcək problemləri həll edəcək sxemlərin dəqiq alqoritmini öyrənib tətbiq etməyi ehtiva edir. Yəni, burada "velosiped icad etməyə" ehtiyac yoxdur. Problemləri yaranmadan öncə çözə bilən, qabaqlayıcı, işlək modellər həqiqi insan haqlarının təmin olunmasına əsaslanmalıdır. Məhz insan haqlarını məhdudlaşdırmaq cəhdləri nəticəsində ictimai yaralar süni olaraq yaranır. Sonradan bunları həll etmək zərurəti meydana gəlir. Bir halda ki, problemi yarada biləcək ilkin amillərin müəyyən edilməsi və vaxtında aradan qaldırılması - sağlam, vəhdətli bir ictimai mühitin formalaşmasının mühüm zəminidir”.

Eldar Namazov: “Bu məktəb direktorları, məmurlar səviyyəsində həll  olunası məsələ deyil”

“Azərbaycan Naminə” İctimai Forumun rəhbəri Eldar Namazov Azərbaycanda hicaba problem kimi yanaşmağın səbəbini bu haqda qanunun olmamasında görür:
”Milli Məclis bu məsələylə bağlı qanun qəbul etməlidir. Bununla bağlı ciddi ictimai müzakirələr aparılmalı, parlamentə inanclı insanlar, ekspertlər dəvət olunmalı, bütün fikirlər öyrənilməlidir və onun əsasında xüsusi qanun qəbul olunmalıdır. Əks halda, bu məktəb direktorları, məmurlar səviyyəsində həll olunası məsələ deyil. İstər iş həyatında, istər təhsildə hicablı xanımlara təzyiq əmək hüquqlarına, təhsil hüquqlarına müdaxilədir”.
E.Namazov hicablı xanımlara qarşı birmənalı olmayan münasibəti qınayır: “Ölkəmizdə vicdan azadlığı var, hər bir insanın özünün seçim hüququ olduğundan bu seçimə hörmətlə yanaşmaq lazımdır”.

Millət vəkili  İlyas İsmayılov isə hicabı hər kəsin şəxsi seçimi adlandırdı və ölkəmizdə belə bir problemin yaşanmadığını söylədi. Onun sözlərinə görə, Azərbaycanda vicdan azadlığı hüququ var, hər kəs seçimində sərbəstdir.

Dövlət Komitəsi: “Bu cəhdlər riyakar planları həyata keçirmək məqsədi güdür”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov isə hesab edir ki, respublikamızda hər kəsin istədiyi dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ qanunvericiliklə yüksək səviyyədə qorunur:
“Təəssüf ki, bəzən din pərdəsi altında gizlənərək şəxsi və qrup maraqlarına xidmət edənlər Azərbaycanın müstəqil dövlət olduğunu anlamır. Əslində, bu istiqamətdə edilən cəhdlər din təəssübkeşliyindən yox, məkrli, riyakar planları həyata keçirmək məqsədi güdür. Əgər belə qruplar ölkəmizdə din pərdəsi altında məqsədlərinə nail olacaqlarını düşünürlərsə, yanılırlar. Çünki buna nə Azərbaycan dövləti, nə də cəmiyyətimiz imkan verəcək. Yalançı din təəssübkeşlərinin, İslam adından danışan siyasətbaz “din xadimləri”nin onları aldatması mümkün deyil”.
Komitə rəsmisi onu da bildirdi ki, Azərbaycanda din dövlətdən ayrıdır, amma dindar şəxs dövlətdən ayrı deyil: “Dinindən asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs vətəndaş olaraq ölkə qanunlarına qeyd -şərtsiz əməl etməyə borcludur. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır. Hər kəs dini mənsubiyyətindən asılı olmayaraq, qanun və məhkəmə qarşısında bərabərdir. Dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz”.

Aygün ASİFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı