Bu ildən azərbaycanlı zəvvarlar üçün Həcc ziyarəti yalnız təyyarə ilə təşkil olunacaq. Qafqaz Müsəlmanları İdarəsinin bu qərarı avtobusla Həccə getmək istəyənləri məyus edib.
Qeyd edək ki, hər il avtobusla Həcc ziyarətinə gedənlər zəvvarların yarıdan çoxunu təşkil edirdi. 2011-ci ildə təyyarə ilə avtobus reyslərinin qiyməti arasında 1000 manat fərq olub. Ötən il zəvvarlar müqəddəs ziyarətə avtobuslarla 2650 AZN, təyyarə ilə 3750 AZN-ə gediblər.
Bu il təyyarə reyslərilə Allahın evini ziyarət etməyə gedənlərə iki qiymət təklif olunur: 3090 manat və 3850 manat. Yüksək məbləğ ödəyən zəvvar üçün VİP xidmət göstəriləcək.
Qiymətinə görə zəvvarların yarıdan çoxu üçün daha münasib olan avtobus reyslərinin ləğvinə səbəb nədir?
Qafqaz Müsəlmanları İdarəsindən avtobusla Həccə getməyin daha təhlükəli olduğu bildirilib və resylərin ləğvinin də təhlükəsizlik tədbirlərinin gücləndirilməsilə əlaqələndiriblər.
QMİ-nin xarici əlaqələr şöbəsinin müdiri hacı Müqəddəs Payızov məsələ ilə bağlı Modern.az saytına geniş məlumat vermək istəməyib:
“Həcc mərasimi ilə bağlı QMİ-nin sədri, şeyxülislam Allahşükür Paşazadə geniş mətbuat konfransı keçirəcək. Rəhbərlik tərəfindən tapşırıq verilib ki, mətbuat konfransı keçirilməyənə qədər Həcc məsələsi barədə danışmayaq.
Avtobus reyslərinin ləğv olunması idarəyə məxsus daxili qərardı. Artıq xarici ölkələrin çoxu Həcc ziyarətini yalnız təyyarələrlə təşkil edirlər. Azərbaycanla Səudiyyə Ərəbistan arasındakı yol kifayət qədərdi. Biz avtobusla Allahın evini ziyarət etməyə gedəndə ən azı 7-8 ölkəni keçirik. Bu da müəyyən gecikmələrə səbəb olurdu, zəvvarlar yorulurdular və s. İndi az sayda ölkələr Həccə zəvvarları avtobusla aparırlar. Avtobusla gedən zəvvarlar da Səudiyyə Ərəbistanına yaxın olan ölkələrin vətəndaşlarıdır. Ona görə biz qərara gəldik ki, bu il Həccə ziyarətinə gediş yalnız təyyarələrlə həyata keçirilsin”.
Dinşünas hacı Musarıza Heydərova görə, fiziki durumu yaxşı olan insanların avtobusla Həccə getməsində hansısa çətinlik ola bilməz:
“Avtobusla Həccə getməyin çətinliyi hər kəsin özünün fiziki imkanlarından aslıdı. Xəstə olmayanlar, fiziki durumu yaxşı olan insanların avtobusla Həccə getməsində hansısa çətinlikləri olmur. Şübhəsiz 15 gün yol getmək çətindi. Amma qoca adamlar, xəstə adamlar, fiziki durumu yaxşı olmayan insanlar avtobusla gedəndə çətinlik çəkirlər. 2011-ci ildə Həccə getmişəm və hansısa ölkənin sərhədində əngəllə, müşküllə rastlaşmadım. Biz keçdiyimiz dövlətlərin ərazilərində biləndə ki, bu avtobus karvanı Həccə zəvvar aparır, daha çox hörmət edirdilər. Əgər bir şəxsin ki, imkanı avtobusla getmək qədərdisə, gərək ona kömək eləyəsən... Hamının təyyarə ilə getmək imkanı olmur axı”.
Hacı Musarıza QMİ-nin belə bir addım atmasının səbəbini izah edə bilmədiyini deyib:
“Ola bilsin QMİ-də buna uyğun hansısa problem yaranıb, onların özləri də istəməzdilər belə bir iş yaransın. Mənim bu işdə bilmədiyim məsələlər var. Əgər bir ölkədə avtobusla Həccə getmək mümkündürsə, avtobus xətti insanlar üçün münasibdirsə, bu çox yaxşıdır. Əgər QMİ yalnız təyyarə ilə getməyi qərarlaşdırıbsa, onda gərək avtobusla yola çıxmaq istəyənlər getməsin. Ancaq hesab edirəm ki, ədalətli o olardı ki, avtobus xətti qalardı. Həccə avtobusla getməyin əziyyəti olsa da, savabı daha çoxdu. Həccə getməkdə nə qədər əziyyət çəksən, o qədər də çox savab qazanacaqsan. Təyyarə ilə gedəndə o əziyyət çəkilmir və dadı da olmur”.
Əvvəllər avtobusla Həccə gedən zəvvarların qrup rəhbəri olmuş Hacı Sarvan Kərimov deyir ki, Azərbaycanın müqəddəs ziyarətə gedən vətəndaşlarına həmişə keçilən ölkələrdə qayğı və etiram göstərilib.
”Amma avtobus reyslərinin ləğvi müsbət addımdır. Avtobuslarla Həccə gedən və ya qayıdan insanlar çox yorulurdular, uzun yolçuluq nəticəsində özlərini pis hiss edirdilər, xəstələnirdilər.
Hər bir insan heç zaman israf etməməlidi. Avtobusla Həccə gedən zəvvarlarımıza sərhədlərdə, keçdiyimiz dövlətlərin ərazisində 4 dollar qiyməti olan yeməyi 43-45 dollara verrdilər. Çünki həmin insanlar nəzərdə tuturlar ki, bunlar zəvvardılar Məkkəyə gedirlər, yaxud da qayıdırlar onlar hacıdırlar. Avtobusla Həccə gedən zəvvarlarımız yol boyu ən azı 600-700 dollar pul xərcləyirdilər.
Təyyarə ilə Həccə gedənlərin hər biri sığortalanır, hər bir insanın sığortasına 90 manat pul ayrılır. Onsuz da avtobusla gedəndə o zəvvar yolda 600-700 dollar pul xərcləyir, onun yarısını avtobus qiymətinin üstünə qoyduqda təyyarəpulu düzəlir”.
Mail Ağaxanov