Modern.az

Ölümlə “Formula 7” yarışı: Arıqlama dərmanları adamı dəli edə bilər - PROBLEM

Ölümlə “Formula 7” yarışı: Arıqlama dərmanları adamı dəli edə bilər - PROBLEM

Ölkə

12 May 2012, 14:51

Dərman preparatlarının düzgün istifadə edilməməsi  və onların əks təsiri nəticəsində hər il minlərlə insan dünyasını dəyişir

Əvvəllər, daha doğrusu orta əsrlərdə kök qadınları vəsf eləmək dəbdə idi. Şairlər, rəssamlar öz əsərlərində ətli-qanlı, kök qadınları tərənnüm edərdilər.
Lakin indiki dövrdə köklük gözəllik deyil, ciddi nöqsan hesab edilir. Daha heç kim kök qadınları tərifləmir. Onların şəninə əsərlər yaratmır, təriflər səsləndirmir. Piyli qadınların arıqlamaq dərdi onların zəif damarıdır. Belə insanlar çalışır ki, bütün mümkün vasitələrdən istifadə edib arıqlasınlar. Hətta zəifləmək naminə qidadan üz döndərib dərmanlara müraciət edənlər də az olmur. Son zamanalar Azərbaycan bazarlarına da yol tapan arıqlama dərmanları lap xanımları bir-biri ilə yarışa girməyə məcbur edib.

İndi də Bakıda “Formula 7” kampaniyası başlayıb. Həmişə acgözlüklə və nizamsız yemək yeyəndə “Nəfis deyir ye” deyib özünə haqq qazandıran kök və iri qarınlı  adamlar indi hesab edirlər ki, arıqlama həblərini uzun-uzadı atmaqla piylənməyə birdəfəlik son qoyacaqlar. 

Bu arada isə maraqlı bir məlumat yayılıb. Bu dərmanların bir deyil, bir neçə əldən Azərbaycana gətirildiyi məlum olub. Apteklərlə yanaşı, əllərdə də satılır. “Formula 7”nin müxtəlif kollektiv iş yerləri arasında pərakəndə satışı ilə məşğul olan satıcıları tərəfindən alıcılara bildirilir ki, dərmanın ateklərdə satılanları saxta və “geydirmə”dir. Yəni deyirlər ki, apteklərdə 36-37 manata satılan “Formula 7”ni almayın, firmanın özündən 45 manata gətirilən “Formula 7” alın. Çünki apteklərdə ucuz satılanlar keyfiyyətsiz və saxtadır.

Bəla burasındadır ki, paytaxtın bir neçə dərman depolarında da bizə bildirdilər ki, apteklərdə satılan “Formula 7” dərmanları saxtadır. Və almağına dəyməz. Guya bu dərmanları Azərbaycana ilk dəfə başqa adam gətirib. Kifayət qədər dövriyyəyə buraxaraq pulunu qazanıb, kənara çəkilib. İndi ölkəyə gətirilib satışa çıxarılanlar isə “Formula 7”nin kopyalarıdır. Və eyni effektə malik deyil.

Başqa bir məlumatda isə bildirilir ki, həqiqətən bu məhsulu ölkəmizə reklamları maliyyələşdirən firma ilə yanaşı, bir çox işbazlar da gətirməyə başlayıb.Və hərəsi də alıcılara və satış şəbəkələrinə məhz öz məhsullarının keyfiyyətli, orijinal mal olduğunu iddia edir. Belə ki, bir çox işbazlar “Formula 7”nin Azərbaycanda geniş reklam olunaraq məşhurlaşmasını gözləyirmiş. İndi onlar da müxtəlif yollarla bu məhsulu gətirirlər.

Mütəxəssislər bunu sadəcə ağıllı bir biznes uydurması sayır. Öncə gəlin ən vacib məsələyə toxunaq. Yəni “Formula 7”nin tərkibi ilə tanış olaq.

“Formula 7” biznes məqsədli uydurmadır

Əçzaçı Günel Tofiqqızı deyir ki, bu həblərin əsas molekulyar tərkibi “Goenzume” və “Elkarnitin”dən ibarətdir.
“Bütün əczaçılar və həkimlər yekdilliklə təsdiq edir ki, bu tərkiblər qətiyyən birbaşa arıqlama preparatı deyil. Yeri gəlmişkən, dərman bazarında ayrıca “Goenzyme” və “Elkarnitin” preparatları da satışda var. Ancaq bu dərmanlar tamamilə başqa tibbi effektə malikdir. Müalicə prosesində bu dərmanlardan həkimlər çox istifadə edirlər. Lakin  heç bir həkim bu preparatları arıqlama preparatı kimi reseptə yazmır. Digər tərəfdən bu tərkibdə preparatlar həqiqətən arıqlamağa kömək etsəydi, elə firmalar bunları da arıqlatma həbləri kimi reklam edərdilər”. Əczaçının sözlərinə görə, adıçıkilən preparatlar apteklərdə 15 manata satılır. Özü də tərkibindəki “Goenzyme”  və “Elkarnitin”nin  miqdarı “Formula 7”dəkindən qat-qat çoxdur. Yəni 50 ml. Halbuki “Formula 7”nin tərkibindəki “Goenzyme” və “Elkarnitin”nin miqdarı 10 ml-dir. “Formula 7”nin tərkibindəki reklam edilən digər otlar isə köməkçi xarakterlidir. Əsas tərkib deyil. Sadəcə yuxarıda qeyd etdiyimiz əsas tərkibin belə demək mümkünsə gözünə qatılıb.

Burdan isə məntiqlə belə bir nəticə çıxarmaq olar ki, Formula 7”nin arıqlatma formulası sadəcə istehsalçıların biznes məqsədli uydurmasıdır. Çünki arıqlatma biznesi gəlirli sahədir. Məhsulun tərkibi məhs bu məqsədlə reklam olunsa, daha əlverişlidir. Başqa effekt verməsi tibbi cəhətdən rentabelli deyil.

İstehlakçılar aldadılır

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə dərmanların tərkibinin  araşdırılmadığını deyir. Onun sözlərinə görə, bu preparatlar qida əlavələri olduğundan heç bir yoxlamadan keçmir. Bu da son nəticədə  insanların sağlamlıqlarını itirməsi ilə nəticələnir:
“Bu preparatlar əsasən qida əlavəsi kimi istifadə olunur. Ona görə də nə qidadır, nə də dərman vasitəsi. Qalıb ortalıqda. Bir müddət əvvəl “Vision” adlı kökəlmə dərmanlarından şikayət olmuşdu. Həmin vaxt bu preparetdan istifadə edən gənc bir xanım tamamilə sağlamlığını itirmişdi”.
AİB sədri bu dərmanların ölkə bazarlarına çıxarılmasını səbəbini qanundakı boşluqlarda görür. 

““Formula 7”nin Azərbaycandakı reklamlarında da çatışmazlıqlar var. Bu preparatın reklamında  Türkiyənin məhşur dietoloqu Ender Saracdan və populyar müğənni Aygün Kazımovadan istifadə edilir. Bu məhsul onun dilindən reklam olunur. Bu reklam mətnində yazılanlardan belə qənaətə gəlmək olar ki, həmin dərmanların insan səhhəti üçün heç bir əks təsiri yoxdur. Halbuki, inkişaf etmiş ölkələrdə bitki mənşəli dərman preparatlarının əksəriyyətinin insan səhhəti üçün təhlükəli olduğu üzə çıxıb. Artıq xarici ölkələrdə bu barədə əhalinin maarifləndirmək üçün dərman preparatlarının annotasiyasında məlumat verilməsi, reklamlarda xəbərdarlıq edilməsi tələb olunub”.
Milli Məclis tərəfindən qəbul olunan “Dərman vasitələri haqqında” qanuna görə, ölkə ərazisində dərman vasitələrinin reklamına yol verilmir. Qanuna görə, ölkəyə gətirilən dərman vasitələrinin xarakteristikası eyni zamanda Azərbaycan dilində də verilməlidir. E.Hüseynov deyir ki, qanunla dərman alıcısı preparatın səmərəliliyi, onun əlavə təsirləri, müxtəlif dərman vasitələrinin eyni vaxtda istifadəsi zamanı qarşılıqlı əlaqəsi, habelə təyin edilmiş dərman vasitəsindən istifadə olunması qaydası barədə ətraflı məlumat almaq hüququna malikdir. Amma bu dərmanın reklamında qanunun tələblərinə  əməl olunmur. Bunun gələcəkdə insanların sağlamlığına əks təsir edəcəyi danılmazdır.
“Statistik məlumatlarda da dərman preparatlarının düzgün istifadə edilməməsi  və onların əks təsiri nəticəsində hər il minlərlə insanın dünyasını dəyişdiyi bildirilir. Araşdırmalara görə, belə arzuedilməz halların baş verməsində dərman reklamı da az rol oynamır. Bu səbəbdən reklamına icazə verilən dərman preparatlarının mütləq əlavə təsirlərinin göstərilməsi tələb edilir. Azərbaycan rellığında da bu dərmanın reklamı xüsusi nəzarət tələb edir. Çünki haqqında danışdığımız dərmanın alıcılarının sayı günü-gündən artmaqdadır”-deyə ekspert narahatlığını bildirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə ölkəyə gətirilən “Formula 7”  və digər arıqlama vasitələrinin qeydiyyatının aparılmadığını söylədi. Nazirlik sözçüsü hazırda ölkəmizə gətirilən bu kimi preparatların və qida əlavələrinin qeydiyyatının aparılmadığını bildirdi. Onun sözlərinə görə, “Formula 7” və arıqlamaq üçün qida əlavələri dərman vasitəsi sayılmadığından, belə məhsullara sertifikat vermək nazirliyin nəzdindəki mərkəzin səlahiyyətlərinə aid deyil.  

Ağlımızı itirə bilərik

Həkim Aqil Qeybulla  bu cür vasitələrlə arıqlamağın insan orqanizmində ciddi fəsadlar törətdiyini deyir. Onun sözlərinə görə, bədən çəkisinin 30 faiz itirilməsi hətta insanlarda bərpası mümkün olmayan  psixiki dəyişikliklərlə müşahidə olunur:
“Arıqlama zamanı orqanizmdə çox ciddi proseslər gedir. Orqanizm çəki itirdikcə, ilk olaraq depolaşmış piyləri sərf olunur. Bunula yanaşı, bədəndə zülal istehsalı azalır. Plastik materialların kənardan daxil olmaması zülal tərkibini azaldır və orqanizmdə distrofik proseslər baş verir. Bu proseslərin çoxu geridönməz hal alır. Nəticədə orqanizm çox ciddi bir duruma məruz qalır. Sonradan bunları bərpa etmək çətinləşir. Bu proseslər nəticəsində bədəndə distropik proseslər, daxili orqanların sallanması halları baş verir. Xəstələrdə çiddi izlər qalır. Ona görə də bu kimi dərmanların özbaşına qəbul edilməsi yolverilməzdir. Nəzərə alsaq ki, bu gün apteklərdə arıqlama dərmanlarının təsir istiqamətləri müxtəlifdir. Bunlardan bəziləri bağırsaqdan sorulma prosesini qarşısını alır. Ona görə də həmin insanlarda diareya fonu yaranır. Bu da maddələr mübadiləsinin düzgün getməməsi nəticəsində yaranır. Elə preparatlar var ki, onlar piylərin yanmasına kömək edirlər. Lakin bu preparatların özləri də nəzarət altında istifadə olunmalıdır. Ona görə də arıqlama prosesi həkim nəzarəti altında olmalıdır”.     

İdxala qadağa qoyulmalıdır

Apardığımız araşdırmadan belə məlum oldu ki, ölkəyə gətirilən və dərman preparatı adı altında satılan məhsullar qanunda olan müəyyən boşluqlar üzündən yoxlamadan keçirilmir - dərman kimi istifadəsi tövsiyyə edilsə belə. Arıqlama dərmanlarının və qida əlavələrinin dərman kimi nə vaxt yoxlanılacağı dəqiq bəlli olmadığından, bu gün onların ölkəyə gətirilməsinin və satışının qarşısının alınmasından başqa çıxış yolumuz da yoxdur. Əks təqdirdə “Formula 7” və digər arıqlama dərmanları çoxlarını sağlamlığından məhrum edəcək.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı