Biri varmış, biri yoxmuş... İndiki zamanlarda bir qaçqın, bir də onun alagöz inəyi varmış. Bu qaçqın bir çətən külfətinə sevimli inəyinin südünü, qaymağını yedirdir, qatığını da satıb ailəsini dolandırırmış...
Bir gün səhər saatlarında zavallı tövləyə girb inəyinə baş çəkəndə gözlərinə inanmır. Tövlə bom-boş, alagöz də yerində yox idi. Hansısa mərdimazar alagözü götürüb qaçıb.
“Yerəmi batdı inək, göyəmi çıxdı inək, bəlkə mən yanılmışam, əzəldən tövlədə yoxdur inək” deyib bir anlığa xəyala dalır. Bir qədər sonra özünə gəlir və inəyi tapmaq üçün üz tutur Polis idarəsinə. Polislərdən itmiş inəyinin axtarışına çıxmalarını xahiş edir. Polislər baxır ki, kişi həm qaçqındı, həm kasıbdı, həm də bu işin içində qazanc yoxdur, loru dillə desək, başlayırlar onu inək kimi otarmağa. Günlərlə qaçqını get-gələ salırlar. İşin belə olacağını görən qaçqın qardaş tövləsində mööööləyə-mööööləyə qalan inəyin buzovunu gətirir polis idarəsinin qarşısına. Buzovun boynuna da iri həriflərlə yazılmış “Mən anamı axtarıram” plakatı asır. Hadisə səhər saatlarında baş verdiyindən iş yerinə gələn polislər əl-ayağa düşürlər ki anasını axtaran buzovu rəisləri görməsin. O boyda balanı gizlətmək olar? Bala da nə bala....
“Möööö” deyib küçənin ortasında nərə çəkir. Səsə pəncərədən baxan rəis kişini yanına cağırır. Deyir ki, “baş vermiş hadisəylə bağlı tərəfimizdən əməliyyat-axtarış tədbirləri görüləcək” və inəyin axtarışına başlayacaqlar. Aradan bir müddət keçir, kişini çağırırlar ki, “inəyi tapa bilmədik, gəl sənə başqa inək verək”. Kişi daş atıb, başını tutur ki, “mən inək istəmirəm, inəyimi istəyirəm. Hər kəsin öz sahəsi var. Sizin də işiniz mənim itən inəyimi axtarmaqdır, o inəyi tapın”.
Sözün qısası, məsələ İcra Hakimiyyətinin başçısına kimi gedib çatır. Başçı qaçqını çağırıb deyir ki, “sənin üçün nə istəsən edərəm, olsun ki bu sevdadan əl çək”. Kişi də qayıdıb deyir ki, “sən başçısan başçılığını elə, oğurluq məsələsinə qarışma. Oğurluq hadisəsiylə bağlı mən polisə şikayət etmişəm, qoy onlar öz işini görsün, malımı tapıb versinlər”.
Nəysə, günlər günə, aylar aya calanır, inəyi gördüm deyən, tapdım deyən olmur. Polis rəisi adamı yenə yanına çağırıb deyir: “Qardaş, vallah-billah, inəyin isti əppək olub yoxa çıxıb. Aylardı sənin o dılğır inəyin üçün səfərbər olmuşuq, amma tapılmır ki, tapılmır. Yəqin nadürüstün biri kəsib ətinin yarsını satıb, yarsını da yeyib üstündən su içib”.
Uzun-uzadı söhbətdən sonra axır ki kişini bir təhər yola gətirib bir yekə inək, zərfin arasında da bir miqdar pul verib yola salırlar...
Mən də daxil olmaqla hamımız məmurlardan gileylənirik. Şikayətə baxmadıqları, camaatı get-gələ saldıqları üçün. Amma get-gəllər olsa da, sonra bir işə də yarayırlar, yetər ki, biz istəyək. Biz istəsək, kiminsə cibinə pul basmasaq, kimlərinsə zəngiylə iş gördürməsək, öz işimizi özümüz həll etsək, bəlkə də bu zalım dünyanın zalım insanlarını dəyişə bilərik.
P.S. Biri gedir rayon pasport-stol rəisinin yanına ki, uşağın pasport alması üçün sənədlər hazırdı, sadəcə möhür vurmaq lazımdır. Rəis deyir ki 50 manat verməlisən. Kişi deyir ki, dövlət rüsumu 1 manat 20 qəpikdir, onu ödəyib, 50 manat nə üçündür. Rəis cavab verir ki 50 manat mənim üçündür. Çünki o 50 manatı özündən də yuxarıda oturan bir-iki adam arasında böləcək. Kişi cibindəki 200 manatı çıxarıb göstərir ki, pulu olsa da o indi rəisə 50 manat verməyəcək, 50 manatı ona poçtla yollayacaq. Rəis bunun səbəbini soruşduqda, kişi cavab verir ki, ona pulun qəbzi lazım olacaq. Bunu eşidən rəis pasporta möhür vurur və deyir ki xətanı məndən uzaq et.
P.S.S. Bir türk iş adamı söyləyir ki, Vergilər Nazirliyinin əməkdaşları gəlib ona deyiblər k,i aylıqdan da əlavə, 15 min manat illik vergi üçün haqq verməlidir, əks təqdirdə ortaya elə bir fakt qoyacaqlar ki, 20 min manatla da canını qurtara bilməyəcək. Biznesmen heç nə deməyib və yuxarıdakılardan birinin internet sayt ünvanına məktub yazaraq olanları anladıb. Kişi deyir ki, yuxarıdakı adamın köməkçisi onu görüşə dəvət edib və iş həll olunub. Biznesmen illik vergi üçün 1250 (min iki yüz əlli manat) manat ödəməklə problemi həll etməyə nail olub.