Modern.az

Yeni layihə - “Xaricdəki tələbəmiz” - “Çox açıq geyinən xanımlara alman kişiləri də birtəhər baxır” - MÜSAHİBƏ

Yeni layihə - “Xaricdəki tələbəmiz” - “Çox açıq geyinən xanımlara alman kişiləri də birtəhər baxır” - MÜSAHİBƏ

Ölkə

15 May 2012, 12:38

Almaniyada təhsil alan Zaur Cümşüdov: “Dövlət oxumağım üçün mənə ayda 1050 avro verir”


Modern.az
saytı yeni  lahiyəyə start verir. Belə ki, hər həftə xaricdə təhsil alan gənclərimizlə yaşadığı ölkənin mədəniyyəti, təhsili, qarşılaşdığı problemlərini əks etdirən  müsahibələr yayımlacağıq. İlk müsahibimiz Zaur Cümşüdov Almaniyanının Braunschveig Texniki Universitetində Geologiya fakültəsində magistr təhsili alır. O, 1987-ci ildə Sumqayıtda anadan olub. Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib.

- Almaniyada təhsil almaq fikrinin necə yarandığını öyrənməyə çalışaq.

-  Orta və ali məktəbdə ingilis dilini öyrənmişdim, üçüncü kursun əvvəllərindən başladım alman dilini öyrənməyə. Universiteti bitirib əsgər getdim, qayıdanda isə sənədlərimi hazırladım, dil sertifikatı aldım. Təqaüd proqramı olduğu üçün burada oxumaq mümkün oldu, yoxsa bir az çətin olardı.

- Almaniya təhsili ilə Azərbaycan təhsili arasında fərqlər nədir?

- Demək olar ki, oxşarlıq yoxdur. Mən bir az Almaniyada magistr proqramı haqqında danışa bilərəm. Məsələn, bir təhsil proqramına müxtəlif istiqamətlər daxildir. Tələbə onlardan ikisini seçə bilər və onların hər birinə müxtəlif modullar daxildir. Əgər modulların sayı 4-dən çox olarsa, hər hansı birini seçməmək imkanı olur. Elə fənnlər var ki, yerlər məhduddur, məsələn mən gec xəbər tutduğum üçün maraqlı bir fəndə iştirak edə bilmədim.

Azərbaycandan fərqli olaraq, burada tələbənin hansısa dərsdə iştirak etmək məcburiyyəti yoxdur. Dəftərə, gözəl xəttə, yəni xəttatlığa qiymət vermirlər.

- Bəs müəllimlərimizi  fərqləndirən cəhətlər nələrdir?

- Burada müəllimlər dost kimidir, xüsusilə də seminar müəllimləri.. Hətta elə dərslər var ki, kofe və şirniyyat stolu arxasında mühazirə dinləyirik. Amma bu o qədər də çox olmur. Müəllimlərin əksəriyyəti isə cavandır, hətta mən ilk dərslərdə buna çox təəccüblənmişdim.

- Müəllimlərin xarici vətəndaşlara münasibəti necədir?

Mənimlə digər alman tələbələr araında heç bir fərq qoymurlar. Qrupda yeganə xarici tələbəyəm, qalan hamısı almandır, heç bir fərq hələ görməmişəm.

- Alman tələbələrin azərbaycanlı tələbələrə münasibəti necədir?


- Başqalarını bilmirəm, mənimlə çox mehribandılar. Mən demək olar ki, almanlarla bir yerdəyəm, başqa tanışım yoxdur. Bir nəfər də fars dostum var. Onların xətirlərini çox istəyirəm. Hərdən kiminsə evində yığışıb, söhbət edirik, bir yerdə futbol oyunlarına baxırıq.

- Azərbaycandakı və Almaniyadakı tələbə həyatın arasında hansı fərqlər var?

 - Mən burada daha azadam, burada ancaq oxumaq sıxıntısı var. Ancaq oxumalısan, başqa yolu yoxdur. Hətta imtahan sessiyası ərəfəsində kitabxanada oturmağa yer tapmaq olmur. 

 - Boş vaxtlarında nə işlə məşğul olursan? 

- Boş vaxtlarımda gitarada ifa edirəm və gəzirəm. Hava yaxşı olanda nə evdə oturmaq, nə də ktab oxumaq olur.

- Azərbaycanlı tələbələrlə münasibətin necədir?


 - Bu şəhərdə demək olar ki, azərbaycanlı tələbə yoxdur. Amma digər şəhərlərdə olanlarla arada görüşürük. Münasibətlərimiz yaxşıdır. Onlar bakalavrda oxuyurlar. Bu yaxınlarda aprelin 20-22-si Göttingen şəhərində DAAD-ın hər il təşkil etdiyi konfransda iştirak etdim. Orada Marina, Aytən, Sona, Şamxal adlı azərbaycanlı tələbələrlə görüşdük, bir yerdə maraqlı iki gün keçirdik.

- Yəqin alman mətbuatı ilə də tanışsan. Son dövlər Almaniya mətbuatında Azərbaycana qarşı  yazılar yazılır. Azərbaycanlı tələbələrin buna münasibəti necədir?

- Mən “Kicker” jurnalının və qəzetinin abunəçisiyəm, orada ancaq futboldan yazırlar. Başqa tələbələrdən isə xəbərim yoxdur.

- Siyasi yazılarla maraqlanmırsan?

- Xeyr, siyasətlə maraqlanıram.

- Azərbaycan diasporu ilə əlaqələrin varmı?- Yox, bu şəhərdə azərbaycanlı çox azdır, amma digər böyük şəhərlərdə var. Orada tədbirlər təşkil edirlər.  Berlində bu yaxınlarda “Eurovision” Mahnı Müsabiqəsi ilə bağlı tədbir keçiriləcək. Məni dəvət etsələr, məmuniyyətlə gedərəm, amma hələ ki, gözləyirəm, dəvət etməyiblər. 

- Almanların “Eurovison” Mahnı Müsabiqəsinin Azərbaycanda keçirilməsinə münasibət necədir?

- Burada bu müsabiqə elə də maraqlı deyil, hərə öz işindədir. Heç yada düşmür. 

- Xaricdə təhsil sənə nə verir?


- Xaricdə təhsil mənim ümumən dünayaya baxışımı dəyişdi. İnsanları görünüşünə, irqinə görə yox, daxili aləminə görə dəyərləndirməyi öyrətdi. Özümü dəyişdi, mənliyimi formalaşdırdı.

- Xaricdə təhsil alan bir tələbə kimi necə düşünürsən, azərbaycanlı gənclərin xaricdə təhsil almasına ehtiyac varmı? Bu Azərbaycanın gələcəyinə nə verir?

- Məncə bizim gənclərin xaricdə təhsil almasına ehtiyac var, çünki ya gərək təhsilimizin səviyyəsi bir az düzəlsin, ya da ki tələbələri xaricə oxumağa göndərsinlər. Amma hərdən mən öz müəllimlərimizi də düşünürəm. Çünki həqiqətən də bizim çox savadlı müəllimlərimiz var.
Bir də onu deyə bilərəm ki, tarixdə adı olan insanların əksəriyyəti xaricdə təhsil alan insanlardır.

- Çox vaxt xaricə gedən tələbələr deyirlər ki, qayıtmaq istəmirəm. Sənin qayıtmaq fikrin var?

- Mən ailəm, balaca bacım üçün çox darıxıram. Şəhərimiz, evimiz, tanışlar və dostlar üçün darxıram. Səhərlər eyvanımızdan baxarkən hiss etdiyim duyğular üçün darıxıram.  Buna görə də təhsilimi sona çatdırıb qayıdacam.

- Bəs necə düşünürsən, əcnəbi vətəndaşla ailə qurarsan?

- Milliyətindən asılı olmayaraq, müsəlman bir xanımla ailə quraram...

- Bir ayda nə qədər xərcin çıxır?

- Sağ olsun dövlətimiz, ayda 1050 avro verir. Düzü hesablamamışam, amma bəs edir.  Evpulu, sığorta, hər semestrdə semestr pulu və s. bunlara çatır.

- Aımaniyaya gəldiyin ilk vaxtlarda hansı çətinlikləri yaşadın?

- İlk günlər evə qayıtmağı düşünürdüm, bilet almaq istəyirim. Heç kimi və heç yeri tanımırdım. Bunları yaşayanlar ancaq məni başa düşə bilər. İki saat öncə ailən yanında idi, birdən heç kim olmadı və çox sevdiyin insanlar səndən çox uzaqda qaldı. Sonra qazaxıstanlı iki tələbə mənə kömək oldu.

- Orada yataqxanada və ya kirayə evdə qalırsan?

- 14 mərtəbəli böyük tələbə yataqxanasıdır. Amma bu bizim anlamımızda olan yataqxana deyil. Bağçası olan bir komplekdir. Mənim öz otağım düzü elə də böyük deyil, amma mənə bəs edir. Hər bir şəraiti var.  

- Azərbaycan yeməklərindən yeyə bilirsən? Ən çox hansı yeməklər üçün darıxırsan?

- Özüm yemək bişirə bilmirəm, universitetin yeməkxanasında yeyirəm. Amma öz yeməklərimiz üçün darıxıram. Ən çox da plov üçün. Azərbaycanlılar olmadığı üçün restoranlar da yoxdur. Ancaq türk restoranları var, dönər yeyirəm. Adama elə gəlir ki, ən kiçik bir kənddə belə, türk var.

- Almaniyaya getməzdən əvvəl Almaniya mədəniyyəti ilə tanış idin? Azərbaycanla hansı oxsar və fərqli cəhətləri var?

- Qardaşımla alman futbolunun azarkeşi idim, bir də bu ölkənin təhsili ilə bağlı məlumatım var idi. Bu futbol marağı məni təhsil almaq üçün Almaniyaya gətirdi. Mədəniyyəti ilə bağlı isə məlumatım yox idi.

- Bəs alman gənclərlə bizim gəncləri müqayisə edə bilərsən?

- Almanların əsas məşğuliyyəti işləməkdir. Onlar səhər tezdən günəş çıxmamış işlərinə başlayırlar. İşdən sonra da ailələrilə birlikdə yeməyə çıxırlar, dostlarla görüşürlər, adi qaydada.
Hansısa bir qatara minərlən insanların əlində ya kitab və jurnal ya da qəzet görə bilərsən.
Burada qızlarla oğlanlar arasında fərq yoxdur, hər kəs eynidir, çox açıq geyinən xanımlara alman kişiləri də birtəhər baxır. Amma qısa şortik geyinmək normaldır.
Çox xırdalıqlara getmək istəmirəm, hər yerdə mənfi və müsbətlər var. Amma insanlar eynidir.



Sevinc İLTİFATQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı