Modern.az

Aydın Mirzəzadə: “Müsavat xaricdə qurultay keçirməyə pulu hardan alır, açıqlasınlar...”

Aydın Mirzəzadə: “Müsavat xaricdə qurultay keçirməyə pulu hardan alır, açıqlasınlar...”

Ölkə

16 May 2012, 17:48

“Müsavat Partiyası qurultay məsələsini yubandıraraq, İsa Qəmbəri başqan saxlamaq istəyir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə Müsavat Partiyasının xaricdə qurultay keçirəcəyi ilə bağlı səslənən fikirləri Modern.az-a şərh edərkən bildirib. Deputatın sözlərinə görə, Müsavat Partiyasında qurultayla bağlı ciddi fikir ayrılıqları yaranıb. A.Mirzəzadə qeyd edib ki, müxalifət partiyası qurultay məsələsindən siyasi məqsədlər üçün istifadə etməyə çalışır:

“Partiya üçün qurultayın harada keçirilməsi əsas məsələ deyil. Əsas tədbirin özünün keçirilməsidir. Bu gün Müsavat Partiyası cəmiyyətin diqqətini hər hansı ciddi faktorla cəlb etmədiyinə görə, qurultayın yeri məsələsi ilə gündəmdə qalmağa çalışır. Bu heç də uğurlu alınmır. Cəmiyyət üçün müxalifət partiyalarının qurultayının harada keçirilməsi o qədər də maraqlı deyil. Partiya nizamnaməsinə görə, yeni başqan seçilməlidir. Baxmayaraq ki, indiki başqan yenidən seçimlərə namizəd olmayacağını bildirib. Amma partiya daxilində bəzi qüvvələr var ki, onu yenidən bu statusda saxlamağa çalışır. Müsavat Partiyasında faktiki olaraq iki qrup yaranıb. Onlardan bəziləri İsa Qəmbəri başqanlıqda saxlamağa çalışdığı üçün qurultayın yer məsələsini bəhanə gətirir. İkinci qrup isə indiki şəraitdə belə qurultay keçirməyin mümkün olduğunu bildirir”.

Deputat bildirib ki, Müsavat  Partiyası Azərbaycandan imtina edərək, Türkiyə və Gürcüstanda keçirmək istədiyi qurultayın maliyyə mənbələrinin haradan qaynaqlandığını açıqlamalıdır.  Deputatın fikrincə, xaricdə belə bir mərasimin keçiriləmsi üçün minimum 2-3 milyon manat lazımdır.

“Göstərilən yerlər hamısı normal yerlərdir. Orada tədbir keçirmək olar. Müsavatın xaricdə qurultay keçirmək məsələsi parıltılı jestdir. Qurultay keçirmək çox məsuliyyətli məsələdir. Burada yer əsas məsələ deyil. Bunun maddi-texniki tərəfləri də var. Bir tərəfdən Müsavat Partiyası bəyan edir ki, bu kasıbların partiyasıdır. Partiyanın maddi durumu ağırdır. Digər tərəfdən Müsavat Türkiyədə qurultay keçirmək istəyir. Onlara 1000 nəfəri Türkiyəyə aparıb qurultay keçirmək üçün ən azı 2-3 milyon manat pul lazımdır. Belə bir sual çıxır: Müsavat Partiyasında bu pul hardan qaynaqlanır? Gürcüstanda qurultay keçirmək üçün Türkiyədən az pul lazım olsa da, axı onlar bu maliyyəni hardan alırlar? Açıqlasınlar... Müsavat Partiyası yer məsələsindən ancaq siyasi məqsədlər üçün istifadə edir”-deyə A.Mirzəzadə vurğulayıb.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakmiyyəti sonuncu dəfə Müsavat Partiyasına VII qurultayını keçirmək üçün Bakıxanov qəsəbəsindəki A. İsgəndərov adına Mədəniyyət Evini, Maştağa qəsəbəsindəki M.Məmmədyarov adına Mədəniyyət Evini, Əmircan qəsəbəsindəki S. Bəhlulzadə adına Mədəniyyət Evini və Əhmədli qəsəbəsindəki “Bakı” kinoteatrını təklif edib. Partiya rəsmiləri göstərilən yerlərdən imtina edərək, təşkilat komitəsində baxıldıqdan sonra qonşu Türkiyə və Gürcüstana müraciət edəcəklərini açıqlayıblar.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı