Modern.az

Azərbaycanda lal və karlar informasiya blokadasında yaşayır - ARAŞDIRMA

Azərbaycanda lal və karlar informasiya blokadasında yaşayır - ARAŞDIRMA

Ölkə

17 May 2012, 14:24

Dövlət büdcəsindən maliyyələşən telekanallar surdo-tərcüməçilərin fəaliyyəti üçün ştat ayırmalıdırlar

32 yaşlı Bakı sakini Yeganə İsrafilova danışma və eşitmə qabiliyyətinə malik deyil. Yaxınlarının köməyilə bizə başa saldı ki, o, ölkədə və dünyada baş verən proseslərdən xəbərdar olmaq istəyir. İşarələrlə bizə başa saldı ki, bu barədə telekanallardan xəbər almaq istəyir. Amma Azərbaycan telekanallarında lal və karlar üçün informasiya verilmir. Yeganə kimi Azərbaycanda minlərlə danışma və eşitmə qabiliyyəti olmayan vətəndaş var ki, onlar informasiya blokadasında yaşamağa məhkumdurlar.
Bir vaxtlar xəbərlər proqramının rus dilində buraxılışını surdo-tərcüməçi ilə yayımlayan Azərbaycan Dövlət Televiziyası da artıq uzun müddətdir ki, bu ənənəyə son verib. Halbuki, MDB və dünya ölkələrinin çoxunda telekanallar gündə ən azı bir dəfə xəbərlər proqramında surdo-tərcüməçilərdən istifadə edir. Amma bizdə fiziki qüsuru olan insanlar informasiya əldə etmək üçün öz yaxın adamlarının köməyinə arxalanırlar. Bir sözlə, hazırda əsl informasiya blokadasına düşən lal və karlar demək olar ki, dünyadan xəbərsiz qalıblar. 

Bu prosesin nə vaxta qədər  sürəcəyi, problemin nə vaxt öz həllini tapacağı isə hələ ki, sual altındadır.

Azərbaycan Televiziya və Radio (AzTV) Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, əvvəllər telekanalın saat 17-də efirə çıxan “Xəbərlər” proqramında surdo-tərçüməçi çalışırmış. Artıq 19 ildir ki, bu tərcüməçilərin fəaliyyəti dayanıb:
“Dövlət Televiziyasında da 1994-95-ci illərə qədər surdo-tərçüməçilər işləyirdi. Amma xəbərlərin titrlərlə verilməsindən sonra bu tərçüməçilərə ehtiyac qalmadı. Çünki artıq fiziki qüsurlu şəxslər də həmin  titrləri oxuduğundan televiziyada surdo-tərçüməçi ştatları ləğv olundu.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə deyir ki,  məsələyə gündəlikdə yer ayrılıb. Dövlət büdcəsindən maliyyələşən  İctimai Televiziya və Azərbaycan Dövlət Televiziyası bu ştatı yaratmalıdır:
“Artıq İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərovla danışmışıq. Onlarda qısa müddətdə bu sahədəki boşluğu aradan qaldıracaqlar”.

Maliyyə məsələlərinə gəlincə, N.Məhərrəmli deyib ki, hər kanalın özü büdcədən ayrılmış vəsait hesabına problemi  həll etməlidir. Onun sözlərinə görə, birmənalı şəkildə İctimai Televiziyada, həm də Azərbaycan Televiziyasında surdo-tərçüməçi ştatı olmalıdır:
“Bütün ölkələrin təcrübəsində lal və karların informasiya alması üçün bu təcrübə var. Ona görə də, bu ştatlar AzTv-də bərpa olunmalı, İctimai Televiziyada yaradılmalıdır”.

İctimai Televiziyanın rəhbəri İsmayıl Ömərov isə deyir ki, xəbərlərin saat 17.00 buraxılışının surdo-tərçüməçi ilə verilməsi məsələsi gündəmdədir: “Ümumiyyətlə kanalımızda irili- xırdalı belə proqramlar nəzərdə tutulub və həmin proqramlar yayımlanır. Məsələn, “Yeni gün” proqramında belə insanlara yer ayrılıb. Amma xəbərlər proqramında onların informasiya ilə təmin edilməsi bizim borcumuz olduğu üçün problemin həllini nəzərə almışıq. Lakin  “Eurovision”la əlaqədar güclü iş rejimində işləyirik. Ona görə də  mahnı müsabiqəsi yekunlaşdıqdan sonra problemin həllinə başlayacağıq. Artıq yay ayında televiziyada surdo-tərçüməçi ştatına yerlər ayrılacaq”.

İ.Ömərov məsələnin maliyyə tərəfini fikirləşmədiyini deyib. Bildirib ki, problem şəxsi vəsait hesabına da, olsa həll edilməsinə çalışacaqlar.

Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimov isə belə hesab edir ki, surdo-tərcüməçilərin yığışdırılmasının səbəbi bu sahədə mütəxxəssislərin olmamasıdır. Olan müətəxəssislər isə ya yaşlanıb, ya da ki dünyalarını dəyişiblər:
“Artıq bunula bağlı layihələrə başlanılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də problemin həll edilməsində layihə həyata keçirir. Bu ildən surdo-tərcüməçi fəaliyyətinin yaradılması üçün peşəkarların hazırlanmasına başlayıblar. Amma bu prosesin yaxın vaxtlarda həll ediləcəyi sual altındadır. Çünki belə peşəkarların hazırlanması müəyyən vaxt aparacaq. Televiziyalardakı bu boşluğu doldurmaq onlara ən azı bir ilə başa gələcək”.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Asəf Əliyev isə deyir ki, belə bir layihə mövcüd deyil:
“Sadəcə olaraq İnsan hüquq və azadlıqlarının səmərəliliyinin artırılması sahəsində milli fəaliyyət planı haqqında prezident fərmanı var. Bu fərmana uyğun olaraq, bəzi bəndlər var ki, orda fiziki qüsurlu insanlar üçün mərkəzlərin yaradılması təklifləri irəli sürülüb. Amma sırf lal və karların xüsusi olaraq informasiya almasına görə surdo-tərcümə sahəsində peşəkarların yetişdirilməsi üçün ayrıca layihə yoxdur”.   

Gültəkin Ələsgər   

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı