
Milli Məclisin Sumqayıtdan olan dörd deputatı, Leyla Abdullayeva, Musa Qasımlı, Muxtar Babayev və Hacı Salayev əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün Sumqayıt xüsusi internat məktəbində olublar. Əldə etdiyimiz məlumata görə, məktəbdə onların şəraiti ilə tanış olan millət vəkilləri bir sıra problemlə qarşılaşıblar. Deputatların bu məsələlərlə bağlı Nazirlər Kabinetinə müraciət edəcəkləri də deyilir.
Millət vəkili Leyla Abdullayeva internat məktəbində olan problemlə bağlı Nazirlər Kabinetinə müraciət edəcəklərini təsdiqləyib.
O, Modern.az saytına bildiri ki, həmin məktəbə getmək deputat, “Azərkimya”nın rəhbəri Muxtar Babayevin təşəbbüsü ilə olub: “Seçildiyimiz şəhərin deputatı kimi şəhərin inkişafına kömək edərək, seçicilərimizin problemlərinə dəstək olmağı qərara aldıq. Bu gün təhsil sahəsində də müəyyən irəliləyişlər var Dünən getdiyimiz internat məktəbinin də çox gözəl şəraiti var. Bu məktəb bir neçə il bundan əvvəl Təhsil Nazirliyi tərəfindən təmir olunub. Amma bir məsələ var ki, bu cür uşaqların cəmiyyətə adaptasiyası məsələsi hələ də qalmaqdadır. Bunu üçün dövlət tərəfindən proqram hazırlanmalıdır. Çünki onlar sonradan iş tapmaqda problem yaşayırlar”.
Millət vəkili onu da bildirib ki, xaricdə övladlığa məhz belə uşaqları götürürlər. Bunun üçün də dövlət həmin ailələrə xüsusi güzəştlər edir, müavinətlər ayırır.
”Belə uşaqlara dövlət tərəfindən hesab açılır. Bu hesaba dövlət özü də vəsait köçürür. Bu hesab vasitəsilə uşaqlar həddi-buluğa çatandan sonra yığılmış puldan istifadə edə bilirlər. Amma hər şeyi dövlətin üzərinə yıxmaq olmaz. Azərbaycanda da imkanlı şəxslər kifayət qədərdir. Onlar da əlil uşaqlar üçün açılmış hesablara pul köçürsələr, həmin uşaqlar üçün dəstəkdir. Məktəblərdə inkluziv təhsil var. Belə ki, bəzi məktəblərdə fiziki qüsurlu uşaqlarla normal uşaqların birlikdə oxumaları təşkil olunur. Biz də bu məsələləri daimi diqqətdə saxlayacağıq”.
Leyla Abdullayeva məktəbdə olan problemə də toxunub. Bildirib ki, əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün Sumqayıt xüsusi internat məktəbində müəyyən təmir işlərinə ehtiyac var. Deputatlar məktəbin həyətyanı sahəsində idman meydançasının tikilməsini istəyirlər. Bununla bağlı millət vəkilləri Nazirlər Kabinetinə də müraciət etmək fikrindədirlər:
“Ötən il fiziki qüsurlu uşaqların əl işlərinin satış sərgisini keçirərək burdan yığılan vəsait hesabına orada bəzi təmir işləri aparılıb. Bu il də belə bir sərgi təşkil ediləcək. Həmin sərgidən yığılan vəsait hesabına müəyyən işlər görüləcək. Təbii ki, bu da onlara az da olsa köməklik etmiş olacaq”.
Gültəkin Ələsgər