Modern.az

Alman turistlərin Bakıya sürüb gətirdikləri avtomobillər hansı qaçqın-köçkünə veriləcək?

Alman turistlərin Bakıya sürüb gətirdikləri avtomobillər hansı qaçqın-köçkünə veriləcək?

Ölkə

19 May 2012, 17:47


“Eurovision-2012” ərəfəsində belə bir məlumat yayıldı ki, Azərbaycana gələn bir qrup alman turist maraqlı bir aksiya təşkil edib. Həmin məlumata görə, səyahətlərini Qobustanda yekunlaşdıran 666 alman səyyah özlərinin sürüb gətirdikləri 240 ədəd şəxsi avtomobillərini qaçqın və məcburi köçkünlərə bağışlayaraq, mahnı müsabiqəsi bitəndən sonra geriyə təyyarə ilə qayıdacaqlar. Xəbər “Xəzər” telekanalında da yayımlandı və hətta müxbirlər Bakıda olan alman səyyahlardan müsahibə də təqdim etdilər. “Xəzər”ə müsahibə verən alman turistlər bildirirdilər ki, bəli, sürüb gətirdikləri avtomobilləri qaçqın və məcburi köçkünlərə bağışlayıb gedəcəklər.

Qeyd edək ki, onlar “Allgeau-Orient” adlı avtorallinin iştirakçıları idi. Ralliyə 20 ölkədən 111 komanda (355 avtomobil və 666 iştirakçı) qoşulub ki, onlar Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Azərbaycan paytaxtı Bakıya (9000 km uzunluğunda) doğru dünyanın ən böyük avtomobil yürüşü ediblər.

Bəs alman turistlərin qaçqın və məcburi köçkünlərə bağışlamaq istədikləri avtomobillər necə, nə zaman, harada bölüşdürüləcək? Modern.az-ın əməkdaşı bu suallara cavab tapmaq istəyib...

Maraqlıdır ki, “Eurovision-2012” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov bu məlumatı şayiə adlandırıb. Məsləhət görüb ki, belə informasiyalara heç kim inanmasın. “Belə bir məlumat bizdə yoxdur. Ümumiyyətlə, “Eurovision 2012”  Təşkilat Komitəsinə bu haqda məlumat daxil olmayıb”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Elçin Qədimov da alman turistlərin məcburi köçkünlərə verəcəkləri maşınlardan xəbərsiz olduqlarını dedi. “Bizdə belə məlumat yoxdur. Buna görə də bu haqqda heç nə deyə bilmərəm”.
Belə çıxır ki, şayiə imiş..? Amma axı Bakıda danışdırılan turistlərin, qaçqın və köçkünlərə veriləcək avtomobillərin görüntüləndiyi telesüjeti “Xəzər” telekanalında şəxsən izləmişəm... Yox, şayiə deyilmiş...

Apardığım araşdırmanın yekununda belə bir xəbər aldım ki, alman səyyahlar maşınları "Dövlətqaçqınkom" vasitəsilə didərginlərə vermək istəsələr də, dövlət komitəsi bundan imtina edib. İndi maşınları əllərində qalan almanlar bilmirlər neyləsinlər...

Sevinc İltifatqızı
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı