ABŞ-ın Azərbaycandakı keçmiş səfiri özəl sektorda çalışmağa başlayıb
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı sonuncu səfiri Metyu Brayza uzun illərdir çalışdığı diplomatik fəaliyyətdən ayrılıb. Bu barədə Modern.az-a eksküliziv açıqlamasında Metyu Brayzanın xanımı Zeyno Baran məlumat verib.
Z.Baranın bildirdiyinə görə, Metyu Brayza bu yaxınlarda Estoniyada yerləşən Beynəlxalq Təhlükəsizlik Araşdırmalar Mərkəzinin (International Centre for Defence Studies (ICDS) direktoru təyin edilib.
“Bundan başqa, Metyu Brayzanın özəl sektorda da fəaliyyətləri var” deyən Z.Baran keşmiş səfirin özəl sektorda konkret hansı sahədə çalışdığını açıqlamayıb.
Qeyd edək ki, M.Brayza 16 fevral 1964-cü ildə doğulub. Stenford Universitetini və Fletçer Məktəbini bitirib. 1988-ci ildə diplomatik fəaliyyətə başlayıb. 1989-91-ci illərdə ABŞ-ın Polşadakı konsulluğunda, Varşavadakı Səfirliyində çalışıb. 1991-95-ci illərdə ABŞ Dövlət Departamentində, 1995-97-ci illərdə ABŞ-ın Rusiyadakı Səfirliyində diplomatik xidmət keçib. 1997-98-ci illərdə ABŞ-ın Qafqaz və Mərкəzi Asiya ölkələrinə iqtisadi yardımına kuratorluq edib.
1998-2001-ci illərdə ABŞ prezidenti və dövlət katibi yanında müşavir postunu tutub, Xəzər bölgəsində qaz kəmərlərinin tikilməsinə kömək məsələləri ilə məşğul olub. 2001-ci ildən Milli Təhlükəsizlik Şurasında çalışıb, ABŞ-ın Türkiyə, Yunanıstan, Kipr, Mərkəzi Asiya, Qafqaza yönəlik siyasətinə məsul olub.
2005-ci ildən ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi, 2006-cı ildən ATƏT-in Minsk qrupunun həmsədri postunu tutub. 2009-cu ildə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinə keçib.
2007-ci ilin avqustunda beynəlxalq siyasət üzrə məşhur araşdırmaçı Zeyno Baranla ailə qurub.
O, ABŞ-ın Qafqaz və Cənubi Avropa ölkələri ilə əlaqələri sahəsində məsuliyyət daşıyıb. ABŞ prezidenti Barak Obama Brayzanı Azərbaycana səfir postuna 2010-cu il dekabrın 29-da təyin edib. O, Azərbaycanda səfir kimi fəaliyyətini bu il yanvarın 3-də tamamlayaraq öz ölkəsinə geri dönüb.
Modern.az