Modern.az

Türkiyə səfirinin xanımı: “Azərbaycan və Türkiyə xanımlarının fərqi iki bacı arasındakı fərqə bənzədirəm” - MÜSAHİBƏ

Türkiyə səfirinin xanımı: “Azərbaycan və Türkiyə xanımlarının fərqi iki bacı arasındakı fərqə bənzədirəm” - MÜSAHİBƏ

Ölkə

22 May 2012, 14:12

Günay Kılıc: “Şəhidlər üçün qoyulan bütün abidələr mənim üçün ən dəyərlisidir”


Türkiyənin Azərbaycanda diplomatik missiyasını başa vuran səfiri Hulisi Kılıcın həyat yoldaşı Günay Kılıc Modern.az-a müsahibə verib. G.Kılıcla söhbətimiz ötən gün ona “Lider Qadınlar” və “Universitet Təhsilli Qadınlar” İctimai birlikləri tərəfindən Sara Xatun mükafatı və xüsusi Diplom verilərkən baş tutdu.

- Həm sadə, həm də gənc qalmağınızın bir sirri varmı?

- Öncəliklə bu təvəccünüz üçün təşəkkür edirəm. Sadəlik bir az mənim prinsipimdir. Çox  makiyajın arxasında gizlənməyi  xoşlamıram.Bəlkə də onun verdiyi bir alışqanlıqdır. Az makiyaj edirəm, sadə geyinirəm, elə xoşum gəlir. Hər kəsin bir zövqü və geyinmə tərzi var. Amma ümumilikdə deyəsən Türkiyədə xanımlar daha az makiyaj edirlər. Bununla yanaşı, çox makiyaj edənlərimiz də var.

Gənc qalmağımın sirrini deyirsinizsə, mən gənc deyiləm, oğlum 35 yaşındadır, 7 ildir ki, evlidir. Əslində gənc qalmanın sirri ürəyin gənc qalmasıdır, bioloji cəhətdən yaşlana bilərik, amma ürəyimiz gəncdirsə, özümüzü gənc hiss ediriksə, o cavan qalmağa kifayət edir. Dolayısıyla da etdiyimiz hər şeyi, bacardığınız və ya bacara bilmədiyiniz hər şeyin ardından bir dərs çıxarıb,  xöşbəxt olmağa çalışmaqdır. Çünki uğursuzluqların arxasında da bir dərs var. Hər uğursuzluğun arxasından alınacaq dərs növbəti uğuru gətirir. Bu da xöşbəxtlik verir. Mənim prinsipim, həyat fəlsəfəm budur.

- Gənc qalmaqda və uğur qazanmaqda Hulisi bəyin rolu varmı?

- Əlbəttə var. Hər zaman bir-birimizə dəstək oluruq. Əziz həyat yoldaşım çox çalışqan insandır. Biz- bir-birimizi çalışaraq tanıdıq, çalışaraq davam etdik və davam edirik də. Hər ikimiz çox sürətli, dəqiq, çalışqan insanlarıq. Verdiyimiz sözü tutarıq, etdiyimiz işin arxasında durarıq və böyük zövqlə edirik hər bir işimizi. Həmişə düşünürük ki, işin böyüyü və ya kiçiyi olmaz. Əsas məsələ başladığın işi qurtara bilməkdir.

- Azərbaycan xanımları haqqında təəssüratınız nədir?

- Bir baxın, Türkiyədə biz xanımlar hamımız bir-birimizə oxşayırıqmı? İstər xarakter, istər davranış, istər çalışmaq mövzusunda, istər bilgiyə sahib olmaq məsələsində hamımız, hər şey mütləq fərqlidir. Mənim Türkiyədəki vətəndaşlarımızla, öz toplumumun qadınlarıyla nə qədər fərqim varsa, buradakı qadınlarla da eyni.  Yəni anlatmaq istədiyim budur ki, qadınlar arsında əlbəttə ki, yaradılış fərqi vardır, amma bu yaradılışın iki bacı arasında nə qədər fərqi varsa, odur, mən bunu belə anlıyıram. Həmçinin, Azərbaycan və Türkiyə xanımları arasındakı yaradılış fərqini iki bacı arsındakı fərqə bənzədirəm.

- Hulisi bəyin qadınlar, xüsusi ilə də jurnalist qadınlar arsında sevilməsi sizdə qısqanclıq yaradıbmı ?

- Bu sualı həmişə veriblər. Mən də həmişə demişəm ki, xeyr. Çünki insan özünə, həyat yoldaşına güvənirsə, qısqanmanın səbəbi yoxdur. Ayrıca da bir hadisə olacaqsa, bir yalnışlıq varsa, onsuz da siz onun qarşısını ala bilməzsiniz. Bəribaşdan həyat yoldaşına güvənmək ən gözəl yoldur.

- Həm ana, həm tərcüməçi, həm də diplomat xanımı olmaq və illərlə bir yerdən –digər yerə köçmək… Bunları bir arada tutmaq sizin üçün çətin deyil ki?

- Mən son illərdəki həyatımı sizə deyə bilərəm. Hər ay Türkiyəyə gedirəm, evimizi düzəldirəm, bir şeylər edirəm, işçilərin və evin işlərini yoluna qoyuram, yenidən bura qayıdıram, tapşırığımı və işlərimi həll edirəm, daha sonra Türkiyəyə yenidən qayıdıram. Daim gedirəm və qayıdıram. Bu da mənə canlılıq verir. Gediş, gəliş və fəlaiyyətdə olmaq, məni ayaqda tutan budur. Çünki siz nə qədər passiv olsanız, nə qədər otursanız, vücudunuz o qədər yorğun olar. Enerjini daim sərf etmək lazımdır, bunun  üçün də həmişə aktiv olmaq gərəkdir. Mən şəxsən bunun faydasını görürəm.

- Hansı səfirlikərin xanımları ilə dostluq əlaqələriniz var?

- Təbii ki, hər kəslə dostluq münasibətimiz var. Hər kəsi çox sevirik. Amma bizim Türkiyədən həddən çox nümayəndə gedib-gəldiyi üçün özəl dostluqlar etməyə vaxtımız çox az olur. Yoxsa digər səfirliklərin xanımları ilə çox gözəl günlərimiz keçdi. Hamısını çox sevirəm. Amma təəssüf edirəm ki, zamanımız həmişə az oldu, onlara vaxt ayıra bilmədik. Bu məsələdə həqiqətən çox üzgünəm. Çünki doğurdan da çox sevdiyim dostlar oldu. Məsələn, buradakı Litva səfirinin təyinatı Ankaraya oldu, onunla dostluğumuz orada davam edəcək.

- Azərbaycan xörəklərindən hansını bəyənirsiniz və Hulisi bəy üçün bişirirsiniz?           

- Yeməklər sırasında başda göy qutabı gəlir mənim üçün.Yarpaq dolması, səbzəni də xüsusi ilə sevirəm. Amma əsas olan ürəklərdəki sevgidir. Mənim bişirə bilmədiyim yemək yoxdur, mətbəxim əladır, hər kəslə yarışmaya hazıram. İllərdir mətbəxin sirrlərini bilirəm.Hal-hazırda bişirməyə vaxt yoxdur, amma bu işi əla bilirəm.

- Tarixi abidələrimizdən daha çox hansı sizdə xoş təəssürat yaratdı və yadınızda qaldı?

- Hamısını çox bəyəndim Amma mənim üçün ən təsirli abidə şəhidlər üçün qoyulan abidədir. Çünki vətənin varlığı torpaqda yartan şəhidlərin əsəridir. Şəhidlər üçün qoyulan bütün abidələr mənim üçün ən dəyərlisidir. Onlar ən böyük sənət əsərləridir.

- “Eurovision” mahnı müsabiqəsində Türkiyənin qalib gələcəyinə inanırsınızmı?

- Bu yarışmaya girəndə hər kəs bu ümidlə qatılar. Biz də buna inanırıq. Amma qazana bilməsələr də, canları sağ olsun. Gənclərimiz sağ olsun. Hamısını təbii ki, böyük sevgiylə qucaqlayacağıq. Amma hər kəs  yarışmaya qazanacam ümidiylə getməlidir. Yoxsa yarışmanın mənası olmaz. Səbinə babayevaya da, bizim yarışmaçı Can Bonomaya da uğurlar arzulayıram. Onlara təşəkkür edirəm ki, bizə bu günü yaşadırlar.


Şahanə RƏHİMLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı