Azərbaycanda formalaşan radikal dini qruplaşmaların qanunsuz əməlləri barədə tez-tez rəsmi məlumatlar verilir. Son zamanlar belə qruplaşmaların zərərsizləşdirilməsi məqsədilə güc strukturları tərəfindən keçirilən əməliyyatların sayı artıb. Bu isə, radikal dini cərəyanlar ətrafında birləşənlərin aktivləşməsindən xəbər verir. Yayilan rəsmi məlumatlarda qeyd olunur ki, zərərsizləşdirilən həmin qruplar Azərbaycanın bölgələrində, paytaxt Bakıda terrorçuluq əməlləri həyata keçirmək niyyətindəymişlər. Onların əsasən vəhabilər olduğu söylənilir.
“Məşhədi Dadaş” məscidinin İmam Camaatı, dini ekspert Hacı Şahin Həsənli Modern.az-a bildirib ki, ümumiyyətlə radikal cərəyanların hərəkətlərinin səbəblərini dəqiq şəkildə bu və ya başqa formada müəyyən etmək çətindi.
”Yəni radikal baxışlı insanlar hər hansı bir məsələdə özünəməxsus baxışları ilə seçilirlər. Ona görə də onların hərəkətlərində hansısa səbəbləri axtarmaq çətin olur. Amma bir sıra hallarda belə radikal qurumlar bəzi dövlətlərin əlində vasitəyə çevrilirlər. Həmin dövlətlər isə dini radikal quruplardan öz məqsədləri üçün istifadə edirlər. İstisna deyil ki, Azərbaycana qarşı hansısa təzyiqləri həyata keçirmək, Azərbaycanı təziq altında qoymaq üşün başqa dövlətlər bu qruplardan yararlanırlar. Bəzi dövlətlərdə bu təhlükəni öz ərazilərindən uzaqlaşdırmaq üçün radikal dini quruplaşmaların diqqətini Azərbaycan ərazisinə cəlb etmək istəyi ola bilər”.
Ş.Həsənli hesab edir ki, hər halda fakt ortadadır ki, son zamanlar Azərbaycanda radikal dini quruplarla bir neçə dəfə hüquq-mühafizə orqanları arasında silahlı atışma olub. Hətta atışmalar zamanı insan tələfatı da olub.
”Bu da müəyyən qədər təhlükədən xəbər verir. Ümumiyyətlə, vəhabilər hansı bir dövlətdə olsalar, onların fəaliyyətlərinin axırı qanla nəticələnir. Tarixi təcrübə göstərir ki, onlar harda yaşayırlarsa, orda qan var. Yəni onlar özlərini bu vasitə ilə təsdiqləyirlər, varlıqlarını bu şəkildə bildirirlər. Dini radikal quruplarda cəmləşən insanların bir çoxları müxtəlif terror təşkilatlarının üzvləridirlər. Bu insanların bir çoxu Azərbaycana kənardan gəliblər. Azərbaycanda dini situasiyanı gərginləşdirmək istəyirlər. Yəni kimlərinsə maraqlarını Azərbaycanda həyata keçirmək istəyirlər”.
Hacı Şahin Azərbaycanda radikal dini quruplara qarşı əməliyyatların uğurla başa çatmasına görə, Allaha şükür edir: “Şükürlər olsun Allaha, onlar tərəfindən Azərbaycanda hansısa terror hadisəsinin törədilməsinin şahidi olmamışıq. Hüquq-mühafizə orqanlarımızın əməkdaşları bunlara qarşı ciddi tədbirləri qabaqcadan vaxtında görürlər. Amma burada təkcə inzibati usullardan söhbət getməməlidi. Eyni zamanda dini maarifləndirmənin gücləndirilməsinə ehtiyac var. Televiziyalarda, mətbuatda dini mövzuda verilişlərin, həqiqi dini təbliğ edən yazıların yayımlanmasına ehtiyac var. Çünki bu cür qruplara meyl adətən savadsızlıqdan yaranır. Hər hansı bir yerdə həqiqi dini biliklər, dinin maarif səviyyəsi yüksək olmazsa, maarifləndirmə işləri aparılmazsa, belə cərəyanların fəaliyyəti genişlənəcək və nəticədə onların fəaliyyəti çiçəklənəcək. Ona görə də hesab edirəm ki, inzibati usullarla mübarizə aparmaq yetərli deyil. Burada həm də həqiqi dinin təbliğin yüksəldilməsinə ehtiyac var”.
Mail Ağaxanov