Modern.az

Mahmud Əhmədinejaddan İlham Əliyevə məktub: “Zülmün aradan qaldırılmasının şahidi olacağıq”

Mahmud Əhmədinejaddan İlham Əliyevə məktub: “Zülmün aradan qaldırılmasının şahidi olacağıq”

Ölkə

25 May 2012, 16:30

İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejad Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Modern.az xəbər verir ki, Mahmud  Əhmədinejadın  məktubunda  deyilir:

- Bismillahir-rəhmanir-rəhim!  Zati-aliləri, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə qardaş dövləti və xalqını səmimi qəlbdən təbrik edirəm.

Hörmətli Prezident, Sizinlə səmərəli görüşlərimiz və bu görüşlərin olduqca faydalı nəticələri barədə xoş xatirələrimi yada salaraq, iki xalq arasındakı qardaşlıq münasibətləri, həmçinin Zati-alinizlə səmimi əlaqələrimi vurğulayaraq belə düşünürəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı münasibətlərin hər iki xalqın mənafeyi naminə genişlənərək günbəgün inkişaf etməsi, eləcə də iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin və ikitərəfli öhdəliklərin rəhbər tutulması düşmənlərin sui-istifadəsinin qarşısını alacaqdır.

Ümid edirəm ki, İran İslam Respublikası və Azərbaycan Respublikasının məsul şəxslərinin ikiqat səyləri sayəsində ikitərəfli və beynəlxalq səviyyədə bütün sahələrdə ölkələrimiz arasında mövcud olan əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin, eləcə də dünyada dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olmasının, zülm və ayrı-seçkiliyin aradan qaldırılmasının şahidi olacağıq.

Uca və qadir olan Allahın dərgahından Zati-alinizə möhkəm cansağlığı və uğurlar, Azərbaycan Respublikasının dost və qardaş xalqına xoşbəxtlik və ucalıq diləyirəm

***

İlham Əliyevi həmçinin Türkiyə Prezidenti Abdullah Gül də təbrik edib:

"Hörmətli Prezident, əziz qardaşım!

Qardaş Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi və bütün Azərbaycan xalqını türk xalqı və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Tarix baxımından 20 il qədər qısa bir vaxtda qardaş ölkələrimizin əlaqələri Zati-alinizin təbirincə desək, bütün sahələrdə uğurla inkişaf etmişdir. Xalqlarımız arasında dərin köklərə malik yaxınlığın, nümunəvi həmrəyliyin konkret işlər əsasında daha da gücləndirilərək irəli aparılması ən böyük amalımızdır.

 Müstəqilliyini bərpa edəndən bəri Azərbaycan ilə işbirliyimizdə bir çox sahələrdə nail olduğumuz müstəsna uğurları daha da genişləndirmək və münasibətlərimizi istər qardaş xalqlarımızın xeyrinə, istərsə də bölgəmizdə sülh və əmin-amanlığa xidmət edəcək şəkildə hər gün daha da üstün bir səviyyəyə yüksəltmək başlıca hədəfimizdir.

 Bu fürsətdən istifadə edərək, Zati-alinizi və möhtərəm xanımınızı yenidən Türkiyəyə rəsmi səfərə dəvət etməkdən xanımımla birlikdə böyük məmnunluq duyacağımızı bir daha bildirmək istəyirəm.

Milli bayram – Respublika günü münasibətilə Zati-aliləri, dəyərli qardaşıma cansağlığı və xoşbəxtlik diləyir, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı