Modern.az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısını açıqlayıb. O qeyd edib ki, zəlzələ ilə bağlı Zaqatala rayonun bütün kəndlərinin orta məktəbləri, Balakən rayonunda 3 kənd orta məktəbi - Qarahacılı, Katex, Püştətala, Qaxda isə 9 kənd orta məktəbi imtahandan azad edilib.
“Eyni zamanda Təhsil Nazirliyinin 19 aprel əmrinə əsasən Naxçıvan Muxtar Respublikasının bütün orta məktəbləri, gürcü dilində tədris olunan məktəblər imtahandan azad olunurlar.
Bakıda təhsil alan XI sinif şagirdləri iyunun 2-də, IX sinif şagirdləri iyunun 3-də imtahan verəcəklər.
Sumqayıt, Abşeron, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmazda iyunun 8-də; Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Gədəbəy, Aqstafa, Qazax, Tovuzda iyunun 13-də; Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab, Beyləqanda iyunun 18-də; Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Biləsuvarda iyunun 29-da; Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ, Oğuz, Mingəçevir, Göyçay, Ucar, Kürdəmir, Ağsu, Ağdaşdaiyulun 2-də
XI siniflər saat 10:00-da, IX siniflər saat 15:00-da imtahan verəcəklər.
Məleykə Abbaszadə buraxılış imtahanları ilə bağlı xəbərdarlıq da edib. TQDK sədri bildirib ki, heç bir Təhsil şöbəsi və ya məktəb direktoru buraxılış imtahanlarının keçirilməsinə müdaxilə edə bilməz.
Mail AĞAXANOV