Modern.az

Rəsul Quliyev Yazıçılar Birliyinə müraciət edib...

Rəsul Quliyev Yazıçılar Birliyinə müraciət edib...

Ölkə

4 İyun 2012, 14:29

“O, AYB üzvü olmadan da özünü yazıçı sayır”

Hazırda Amerikada mühacirətdə olan eks-spiker Rəsul Quliyevin Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq üçün müraciət etməsi barədə xəbər yayılıb. Modern.az saytının əməkdaşı bu məsələni dəqiqləşdirmək üçün kiçik araşdırma aparıb. 

AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu bu məsələ ilə bağlı heç bir məlumata malik olmadığını bildirib: “Əgər Rəsul Quliyev üzvlüklə bağlı müraciət etsəydi, mənim bundan xəbərim olardı. Amma o, AYB-yə nə ərizə yazıb, nə də telefon vasitəsilə müraciət edib. Bu məlumat özü yalandı və sadəcə, kimlərsə şaiyəbazlıqla məşğuldur. Həm də qeyd edim ki, son bir neçə ay olar ki, AYB-yə üzvlük dayandırılıb. Ancaq qurultaydan sonra hər hansı yazıçı və şairi üzvlüyə qəbul edə bilərik. Əgər Rəsul Quliyev bizə ərizə ilə müraciət etsə, məsələyə katiblikdə baxılacaq və sonra qərar veriləcək. AYB ictimai bir qurumdur və hər hansı yazıçı da ərizə ilə bizə müraciət etmək haqqına sahibdir. Bizim də borcumuz o ərizələri qəbul etməkdir. Amma qəbul olunmaq məsələsi son qərar zamanı bilinir” . 

Rəsul Quliyevə yaxın olan “Azpolitaka.com” saytının baş redaktoru Heydər Oğuz da məsələ ilə bağlı münasibətini bildirib: 

“Rəsul Quliyev Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunması ilə bağlı heç bir müraciət etməyib. Hətta o, belə qurumlara üzv olmağı yazıçı üçün əsas bir kriteriya da saymır. Rəsul Quliyev qeyd edib ki, yazıçı AYB-nin üzvü olmadan da yazıçı sayılır və bu quruma qəbul olmağa belə bir ehtiyac yoxdu. Mən bu yayılan məlumatın yalan olduğunu vurğulamaq istəyirəm, çünki bu məlumatın heç bir əsası yoxdur “ . 

Xatırladaq ki, eks-spiker artıq bir müddətdir ki, “Rəsul Bayram” imzası ilə ədəbi mühitə qatılıb. Daha çox siyasi fəaliyyəti ilə tanınan Rəsul Quliyev “Axına qarşı” (2010), “Qarabağ: Müqavimətsizlikdən doğan faciə (I kitab, 2011), “Həqiqətin qiyməti” (2011) romanlarının müəllifidir.

Könül Səid 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı