Nəsib Quliyev: “Dünyada insan istisna olmaqla elə bir canlı tapılmaz ki, öz balasına başqasının qidasını versin”
Müsahibimiz K. Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyevdir.
– Müasir dünyada körpə uşaqların qidalandırılması prosesi mahiyyətini tamamilə dəyişib. Uşaqların sağlamlığının təmin edilməsi məqsədilə körpələrin qidalandırılması ilə bağlı hansı tövsiyələri verərdiniz?
– Dünyaya yenicə gələn uşaqların qidalandırılması ilk növbədə təbiətin özü tərəfindən yaranıb. Amma elm xadimləri düzgün qidalandırma ilkə bağlı tədqiqatları davam etdirirlər. Tədqiqatlar bir daha sübut edir ki, dünyaya yenicə gələn körpədə ən qüvvətli anadangəlmə instinkt onun qidalanma qabiliyyətidir. Bunun üçün maraqlı ekspermentlər aparılıb. Körpə dünyaya gələn kimi onu ananın qarnı üzərinə qoyurlar və məlum olur ki, 30-40 dəqiqə ərzində körpə müxtəlif bədən hərəkətləri ilə çalışaraq ananın döşlərini əmməyə başlayır. Ümumiyyətlə, iki il ərzində uşaq nə vaxt istəsə ana onu əmizdirməlidir. Bunun üçün saat rejimi qurmaq lazım deyil. Artıq elm sübut edib ki, körpənin nə vaxt və nə qədər yemək istəməsini onun özündən başqa heç kim dəqiq müəyyən edə bilməz. Körpə dünyaya gələn zaman onun mədəsinin tutmu 25-30 mlliletr olursa, on gündən sonra mədənin həcmi 150-200 mililetrə çatır. Bu proses dinamik olduğu üçün körpənin özü tərəfindən idarə olunur. Körpələrdə qidalanma instinkti o qədər qüvvətlidir ki, onlar heç zaman nə ac qalır, nə də çox yeyir. Bu baxımdan körpələrin sərbəst qidalanması dünyada geniş yayılmaqdadır.
– Uşağın ana südü ilə qidalandırılmamasında ana cüdünün çatışmazlığı nə dərəcədə rol oynayır?
– Dünyada ana südünün çatışmazlığını iki yerə bölürlər. Tibbi səbəbdən olan çatışmazlıq (hipoqalaktiya) cəmi 2 faiz təşkil edir. Qalan halda ana südünün çatışmazlığı subyektiv səbəblərlə bağlıdır. Subyektiv səbəblər sırasında birinci yeri qadında öz körpəsini ana südü ilə qidalandırma istəyinin olmaması tutur.
– Azərbaycanda uşaq doğumu və ölümünün göstəricisi hansı səviyyədədir?
– 2001-ci ildən etibarən dünyaya gələn körpələrin sayı ilbəil artmaqdadır. Əgər 1999-cu ildən 2001-ci ilə qədər hər il ölkədə doğulan uşaqların sayı azala-azala 110 minə qədər çatmışdısa, 2001-ci ildən edtibarən hər il dünyaya gələn uşaqların sayı artmaqda davam edir. 2011-ci ildə bu göstərici 176.250 nəfırə çatıb. Deməli, ötən on ildə Azərbaycanda 60 min nəfərdən çox artım müşahidə olunub. Uşaqlar arasında xəstələnmə və ölüm hallarına gəldikdə isə, 1999-cu ildə hər min nəfər doğulan uşağın bir yaşa çatana qədər 29-u tələf olurdusa, ötən ilin yekunlarına görə, bu göstərici 11-ə düşüb. Amm bu son hədd deyil, Azərbaycan bu göstəricidə də Avropanın ən yüksək inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq istəyir. Qarşıda duran əsas məqsəd 2015-ci ildə ölən uşaqların sayının 3 dəfə azaldılmasına nail olmaqdır.
– Azərbaycanda körpənin ana südü ilə qidalandırılma faizini qənaətbəxş hesab etmək olarmı?
– Əgər 1992-ci ildə cəmi 25 faiz körpə bir yaşına qədər ana südü ilə qidalanırdasa, hazırda bu rəqəm 50 faiz həddindədir. Bölgələrdə bu göstərici 52-54, Bakı şəhərində isə 48-50 faiz təşkil edir. Belə güman edirik ki, yaxın gələcəkdə bu məsələdə də uğur əldə edək. Çünki dövlətin həyata keçirdiyi tədbirlər bunu deməyə əsas verir. Azərbaycanda ana südünün qəbuli ilə bağlı qanun qəbul edilib, süni qidaların reklamı minimuma endirilib. Düzdür, bəzi özəl televiziya kanallarında bu qanunun pozulmasını müşahidə edirik. Buna qəti şəkildə yol vermək olmaz. Ana südünün əvəzinə süni qida qatışıqlarının istənilən KİV-də reklam edilməsi qanunla qadağan edilib. Avropa ölkələtindən ixrac edilən süni uşaq qidaları heç vaxt ana südünü əvəz edə bilməz. İnsan istisna olmaqla, dünyada elə bir canlı tapılmaz ki, öz balasına başqasının qidasını versin. Bu, təbiətin pozulmaz qanunudur, ona görə analar buna riayət etməlidir.
– Hansı hallarda süni qidalar ana südünü əvəz edə bilər?
– Ana südü ilə süni qidalar arasında ölüylə dirinin arasındakı qədər fərq var. Heç təsadüfi deyil ki, ana südünü canlı qida adlandırırlar. Süni qidalar isə ölü qidalardır. Eyni zamanda körpələrə əmziklərin verilməsi yolverilməz haldır. Əmzik böyüklərin körpələri aldatmaq üçün düşündükləri yaramaz bir vasitədir. Bundan birdəfəlik qurtulmaq lazımdır.
Alim