Millət vəkili: “Cəmiyyət buna hazır deyil”

Hər il dünyada 70 mindən artıq qadın dünyasını dəyişir. Dünya Səhiyyə Təşkilatı (DST) araşdırıb ki, bunun səbəbi abortun peşəkarlar tərəfindən həyata keçirilməməsi, eləcə də xəstəxanalarda hökm sürən anti-sanitariyadır. DST ekspertləri qeyd edirlər ki, abortdan sonrakı ciddi fəsadlar uzunmüddətli, xroniki xəstəliklərlə müşahidə edilir və bu daha 5 milyon qadının təhlükə altında olduğunu deməyə əsas verir.
Türkiyə höküməti qadınların abort hüququnu məhdudlaşdıracaq qanun layihəsi hazırlayır. Bu qərara ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğanın kürtajı dəfələrlə cinayət adlandırılmasından sonra gəlinib. Bəs Azərbaycanda necə? Bunla bağlı hər hansı bir qadağalar nəzərdə tutulubmu?
“Hüquqi İnkişaf və Demokratiya” İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva məsələylə bağlı münasibət bildirərkən qeyd edib ki, körpənin ana bətnində ürək-damar sistemi döyünməyə başlayandan artıq o, canlı deməkdir: “Hamiləliyin səkkizinci həftəsi zamanı tibbi nöqteyi-nəzərdən neqativ hallar aşkar olunduqda ana hamiləliyə son qoya bilər. Qadınların sağlamlığına, sonradan uşaq əmələgətirmə qabiliyyətinə, doğulacaq uşaqda yaranan qüsurlara abortun böyük təsiri var”.
Zülfiyyə Mustafayeva Tükiyənin baş naziri Ərdoğanın qanun layihəsi təşəbbüsü ilə bağlı qeyd etdi ki, bizim cəmiyyətin qadını ilə türk cəmiyyətinin qadını tamamilə fərqlidir:
“Türkiyədən fərqli olaraq, Azərbaycan qadını həyat yoldaşı tərəfindən aborta məcbur edilir. Azərbaycanda nə qədər kürtajlar olur, hansı məqsədlərlə olur, hansı sosial faktorlar daha çox müraciət edir, hansı yaşda aparılır və s. dəyərləndirməni aparandan sonra deyə bilərik bu problem nə dərəcədə qabarıqdır və bunun üçün də hansı metodlardan istifadə etmək lazımdır”.
Hüquqi İnkişaf və Demokratoya Birliyinin sədri ökəmizdə mövcud cinsi ayrı-seçkiliklə bağlı fikirlərini də açıqlayıb: “Uşaqların ana bətnindəykən öldürülməsi qız-oğlan diskrinimasiyasıdır. Cinsiyyət 12 həftədən (3aydan) sonra bilinir, bu isə 150-200 qramlıq körpədir, canlıdır. Allahın ümidinə körpəyə qalmaq və Allahın verdiyi payı 3 aydan sonra bəyənməmək günahdır, həm də cinayətdir. Mən bu cur hallarla bağlı videoçarxların şahidi olmuşam. 12 həftəlik ana bətnində öldürülərkən körpənin kəsici aləti hiss edərək kənara qısılması çox təsiredici bir haldır. İzləyərkən belə insanı vahimə bürüyür. Müasir zəmanədə oğlan-qız əvvəlcədən planlaşdıra bilər. Bunun üçün genekoloqlarla məsləhətləşsinlər, aborta verdiyi xərci o prosedurlara xərcləsinlər”.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin məsələ ilə bağlı fikirləri belə olub: “Bir sıra ölkələrdə abort qadağan olunub. Məsələn, İranda sterilizasiya deyilən bir metod var, o metodun yerinə yetirilməsilə abortun qarşısı alınıb. Bütövlükdə, Azərbaycan buna hazır olmasa da, gələcəkdə abortun qadağa olunması bağlı qanunun qüvvəyə minməsi ehtimalı ola bilər”.
H.Rəcəblinin sözlərinə görə, sağlamlıq haqqında qanunda bu məsələyə də yer verilib, amma abortun konkret qadağan olunması yox, məhdudlaşdırılması ilə bağlı.
“Amma bu da parlamentdə 1-ci oxunuşdan keçmədi. Deməli, cəmiyyət hələ buna hazır deyil. Gələcəkdə bu məsələnin gündəmə gəlməsi mümkündür”.
Aygün ASİFQIZI