DYP sözçüsü: “Bu tədbirlər insanların istirahətinə əngəl törətməmək üçün atılıb”
Azərbaycanda Yol-Patrul Xidmətinə məxsus avtomobillərdə vahimə doğuran səsgücləndirici siqnalların və meqafonların yığışdırılmasına başlanılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Modern.az-a məlumat verib.
K.Əliyevin sözlərinə görə, artıq bir neçə müddətdir ki, başlanan əməliyyat nəticəsində bir sıra patrul avtomobillərində səs siqnalları və mikrofonlar götürülüb. DYP sözcüsü qeyd edib ki, qurum bununla bağlı əməkdaşlarına ciddi xəbərdarlıq da edib.
“Son günlər əhalinin dincliyini pozmamaq üçün bəzi avtomobillərdən mikrofonlar yığışdırılıb. Lakin qeyd edim ki, istifadəsi zəruri olan avtomobillərdə bu mikrofonların götürülməsi nəzərdə tutulmayıb. İstifadəsinə icazə verilən avtomobillərdə səsgücləndiricidən yalnız zəruri hallarda istifadə edilə bilər. Bununla bağlı xüsusi tapşırıqlar verilib. Ancaq yol hərəkəti təhlükəsizliyi ilə əlaqədar ehtiyac duyulduğu təqdirdə istifadə oluna bilər. Ehtiyac duyulmadıqda isə qəti şəkildə siqnalların verilməsi yolverilməzdir”.
Yeniliyin səbəbləri haqqında danışarkən K.Əliyev qeyd edib ki, bu addım əhalinin yay vaxtında istirahətini pozmamaq üçün atılıb. “İnsanlar isti havalarda dincəlməyə çalışırlar. Şəhərin mərkəzində, və eləcə də insanların sıx məşkunlaşdığı yerlədə, təbii ki, belə səsgücləndiricilərin istifadəsi vətəndaşların narahatlığına səbəb olur”.
Qeyd edək ki, artıq bir neçə gündür ki, paytaxtla yanaşı, bölgələrdə də polisə məxsus xidməti avtomobillərindən siqnal və mikrofonlar yığışdırılıb.
Anar RÜSTƏMOV