Modern.az

Hindistanda buraxılan dərman Azərbaycanda niyə 50 qəpiyə satılır?

Hindistanda buraxılan dərman Azərbaycanda niyə 50 qəpiyə satılır?

Ölkə

13 İyun 2012, 10:00

Nazirlik rəsmisi və QHT rəhbəri fərqli izahlar verir...

Saxta dərman bəlası hələ də dünya ölkələrində həllini tapmayan problemlərdən biri olaraq qalır. Hər il bir milyondan çox insan bu bəla ucbatından öz həyatı ilə vidalaşmalı olur. Hesablamalara görə, bir sıra ölkələrdə saxta dərmanlar ümumi dərman dövriyyəsinin 10, bəzilərində isə hətta 50%-ni təşkil edir.

Yeri gəlmişkən, bu dərmanlar sırasında vitaminlər və antibiotiklər üstünlüyə malikdir. Azərbaycanda istehlakçıların keyfiyyətinin azlığından ən çox şikayət etdikləri antibiotik  isə pensilindir. İddiaya görə, hətta Hindistanda belə bahalı dərman olan pensilinin Azərbaycanda 50 qəpiyə satılması yerli bazardakı həmin əczaçılıq məhsulunun keyfiyyətsizliyinə dəlalət edir. Xatırlatmaq yerinə düşər ki, bu dərman dünyanın bir çox ölkələrində ümumiyyətlə qadağan olunub.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirir ki, hazırda Azərbaycandakı dərman bazarında məhsulların ən azı 40%-i saxtadır. Dövriyyədəki bu dərmanların içərisində insulinlər xüsusi ilə çoxluq təşkil edir. “Dərmanların keyfiyyəti istehlakçıları qane etmir. Onlar şikayət edirlər ki, alınan preparatların təsiri yox dərəcəsindədir. 2007-ci ildə Azərbaycanda  Dünya Gömrük Təşkilatı bu mövzuda 3 günlük konfrans təşkil etmişdi. Konfransda dərman qaçaqmalçılığının qarşısını almaq barədə mülahizələr səsləndi. Amma nəticə almaq mümkün olmadı. Bütün dünyada və ölkəmizdə Səhiyyə Nazirliyi buna qarşı mübarizə aparılsa da, qarşını almaq mümkün olmur”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Modern.az-a nazirliyin tabeliyindəki Analitik Ekspertiza Mərkəzi tərəfindən daimi monitorinq və nəzarət aparıldığını deyib.
“Keyfiyyətsiz dərmanlar sərhəddən bazara buraxılmır. Ola bilər ki, hər hansısa qaçaqmal ölkəyə keçə bilsin, amma apteklərdə həftədə bir neçə dəfə reydlər keçirirlər və saxta dərmanların satışı günbəgün azalır. Hazırda nəzarət çox güclüdür”. 

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi (DVAEM) sonuncu dəfə Bakının Yasamal rayonunda fəaliyyət göstərən bir sıra apteklərə baxış keçirib. Reydlər nəticəsində 8 aptekdə ümumilikdə 282 qutu yararlılıq haqqında analiz protokolu olmayan dərman preparatları aşkarlanıb. Eyni zamanda bu apteklərdə termolabil preparatlarının saxlanma qaydalarına riayət olunmadığı da bildirilib.

Şahanə RƏHİMLİ

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı