Azərbaycanlı meyxana ustası İntiqam Rüstəmovun məşhur “Davay, dosvidaniya” qafiyəsi Rusiya şou-biznesində böyük qalmaqala səbəb olub.
Modern.az bildirir ki, Rusiya şou-biznesinin ən parlaq ulduzlarından sayılan Timati digər repçi həmkarları ilə birgə “davay, dosvidaniya” qafiyə-nəqarəti ilə müşayiət olunan rep oxuyublar. Tanınmış rep ustalarının stol arxasında meyxanaçılar kimi deyişməsini əks etdirən video-sujet bomba kimi partlayıb. Bu rep-deyişmədə Timati də digər repçilər Rusiya şou-biznesinin “ulduzları”nı, o cümlədən Filip Kirkorovun ünvanına xeyli döşəyiblər. Nəticədə böyük qalmaqal düşüb. Artıq iki gündür ki, rus telekanallarının maqazin proqramları və tok şoularında bu qalmaqal şərh olunur. Forumlarda “axır ki, bu havayıyeyən dəstənin maskasını cıranlar tapıldı” deyərək, Timatiyə dəstək verənlər artmaqdadır. Şərhlərdə “Azərbaycandan gələn meyxana Rusiyanı silkələdi” deyən yazanlar meyxana janrı barədə daha çox məlumat almaq niyyətini qeyd edirlər.
Xatırladaq ki, Astarada bir toyda deyişən meyxanaçı İntiqamın “tı kto takoy, davay dosvidaniya” qafiyəli meyxanasının nəqarəti rus müxalifətçiləri tərəfindən götürülərək “Putin, tı kto takoy” kimi Youtube”də yayılıb. Bu deyişməni qısa vaxt ərzində 2 milyon 500 min adam izləyib.