
ABŞ Senatının Xarici Münasibətlər Komitəsi Azərbaycana səfir namizədi məsələsini müzakirə edib. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, iyunun 13-də ABŞ Senatının Xairici Münasibətlər Komitəsi senator Cin Şahinin sədirliyi ilə keçirilən dinləmələr zamanı ABŞ-ın Azərbaycan Respublikası, Niderland Krallığı və Surinam Respublikasında səfirləri namizədlərini nəzərdən keçirib. Xarici Münasibətlər Komitəsinin sədri, demokrat senator Con Kerri hər üç diplomatı təqdim edərək Azərbaycana səfir göndərilən Riçard Moninqstar haqqında xüsusilə bildirib ki, o, təqdim edilən vəzifəyə tələb olunan dərrakə, məsuliyyət, bölgə barədə dərin biliyə və geniş təcrübəyə malikdir.
“Bu namizədlik olduqca vaxtında irəli sürülüb” deyən senator Kerri Azərbaycanın ABŞ-dakı səfiri vəzifəsinin ABŞ üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinə uzun müddətli və hərtərəfli nizamasalınma yolunun tapılması ABŞ üçün bölgədə üzləşdiyi ən vacib məsələdi. Komitə sədri həmkarlarını səfir namizədlərini dəstəkləməyə və onların təsdiqi prosesini tezliklə yekunlaşdırmağa çağırıb.
Dinləmələrdə sədrlik edən Nyu-Həmpşir ştatından demokrat senator Cin Şahin də müzakirələrdə çıxış edərək Azərbaycanı strateji əhəmiyyətli Xəzər bölgəsində Amerikanın vacib tərəfdaşı adlandlırıb. Bu il ölkələrimiz arasında 20 illik diplomatik münasibətlər tarixinin qeyd edilməsini diqqətə çəkən xanım Şahin xatırladıb ki, hazırda BMT Təhlükəsizlik Şurasının üzvü olan Azərbaycan bu yaxınlarda NATO-nun zirvə toplantısında təşkilatın “sülh tərəfdaşı” kimi iştirak edib. İraq, Kosovo və Əfqanıstanda ümumi səylərə töhvə verən Azərbaycan bu gün Əfqanıstana koalisiya qüvvələri təchizatının ötürülməsində mühüm keçiddir. Nəhəng enerji ehtiyatları olan Azərbaycan Avropa enerji təhlükəsizliyində vacib rol oynayaraq həm də şərq dəhlizinin aparıcı hissəsidir. Senator Şahin Ermənistanla Azərbaycan arasında təmas xəttində son günlər artan zorakılıqdan narahatlığını ifadə edib, hər iki tərəfi münaqişəni sülh yolu ilə həll etmək və 1994-cü ildə qurulan atəşkəs rejiminə əməl etməyə çağırıb. O, deyib: “Münaqişənin hərbi həlli yolu yoxdur, davamlı zorkaılıq hər iki tərəf üçün fəlakətli ola bilər. Uzun müddətli həll yolunun tapılması üçün Minsk qrupunun diplomatiyası vacibdir”.
Daha sonra dinləmələrdə ABŞ-ın Azərbaycana səfiri kimi namizədliyi bu il aprelin 27-də Prezident Barak Obama tərəfindən irəli sürülən, hazırda ABŞ Dövlət Departamentində Avrasiya enerjisi məsələləri üzrə xüsusi nümayəndə vəzifəsində çalışan Riçard Moninqstar çıxış edib. O, qeyd edib ki, Birləşmiş Ştatlar dinc, demokratik, inkişaf edən və ABŞ-la Avropaya strateji şəkildə bağlanan Azərbaycandan yalnız faydalana bilər. Azərbaycanın olduqca böyük potensialı vardır. Bu il ABŞ Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd edib. Bu təqvim tək əməkdaşlığımızın dərinliyini qiymətləndirmək deyil, həm də münasibətlərimizin hər üç mühüm istiqaməti- təhlükəsizlik, enerji və demokratik və iqtisadi islahatlarda hansı yolu keçdiyimizə nəzər salmağa imkan verir. ABŞ hakimiyyəti bu sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi zərurətinə inanır və birgə işləyərək bölgənin qarşılaşdığı çətinlikləri aradan qaldırmağa ehtiyac görür.
Riçard Moninqstar Senat Komitəsi üzvləri qarşısında onu da bildirib ki, ABŞ Azərbaycanı beynəlxalq təhlükəsizliyin təmin edilməsində artıq uzun müddətdir ki, etibarlı tərəfdaş hesab edir. O, deyib: “Biz, sentyabrın 11-dən sonra Azərbaycan Prezidenti Heydər Əliyevin Amerkaya ehtiyac vaxtında ilk dəstək əli uzadanlardan biri olduğunu və ölkəsinin terrorla mübarizədə yaxın əməkdaşlığını təklif etdiyini xatırlayırıq. Həmin əməkdaşlıq Kosovo, İraq, bu gün isə Əfqanısatnda davam edir. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) dəstək olan minlərlə təyyarə Azərbaycanın hava məkanından Əfqanıstana keçib, minlərlə konteyner Bakıdan yola salınıb. ABŞ bu il ilk dəfə qeyri-daimi üzvlüyünü başlayan Azərbaycan ilə BMT Təhlükəsizlik Şurası çərçivəsində də yaxından və səmərəli şəkildə işləyir”.
Moninqstar daha sonra ABŞ-ın Azərbaycan ilə enerji sahəsində uğurlu əməkdaşlığı, demokratik və iqtisadi islahatların həyata keçirilməsi üzrə aparılan birgə işdən bəhs edib. Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, diplomat vurğulayıb ki, bölgənin daha təhlükəsiz və rifahlı gələcəyinin təmin edilməsi üçün Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsindən yüksək prioritet yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar Helsinki Yekun Aktının əsas prinsipləri, o cümlədən güc tətbiqindən çəkinmə, ərazi bütövlüyü, hüquq bərabərliyi və insanların öz müqəddaratını həll etməsi prinsiplərinə əsaslanaraq uzun müddətli həll yolunun tapılmasını dəstəkləyir.
Moninqstar Senat üzvlərinə bildirib ki, Azərbaycana səfir təsdiq olunacağı təqdirdə haqqında danışdığı bütün istiqamətlərdə irəliləyişin əldə olunması üçün çalışacaq və ABŞ-ın burada maraqlarının təmin edilməsi üçün əlindən gələni edəcək.
Azərbaycan, Niderland Krallığı və Surinama Amerikanın səfir namizədlərinin çıxışları dinləndikdən sonra diplomatlar Senat Komitəsi üzvlərinin suallarını cavablandırıblar. Xüsusilə, Riçard Moninqstar Senator Riçard Luqarın Nabukko layihəsi ilə bağlı hazırki vəziyyətə və bu yaxınlarda Prezident Obamanın Trans-Anadolu ixrac kəmərinə səsləndirdiyi dəstəyin səbəblərinə aydınlıq gətirməsini xahiş edib. Senator Çin Şahin Azərbaycanda insan haqlarının pozulması halları ilə maraqlanıb, Ermənistanla Azərbaycan arasında təmas xəttində son günlər baş verənlərin münaiqişənin həlli prosesinə təsiri ilə bağlı səfir namizədin münasibətini öyrənib. Senator Con Barroso Azərbaycanın cənub qonşusu İranın ölkəmizin enerji sahəsində iştirakı barədə və bunun ABŞ maraqları ilə necə uyğunlaşdığını soruşub. Azərbaycanın İsraillə əməkdaşlıq məsələsi də diqqət mərkəzində olub. Senatın Xarici Münasibətlər Komitəsinin üzvü, ermənipərəst mövqeyi ilə tanınan Nyu-Cersi ştatının nümayəndəsi Robert Menendez də dinləmələrin sual-cavab hissəində iştirak edərək Riçard Moninqstardan Azərbaycanda olarkən Naxçıvana səfər edərək “Culfada dağıdılan erməni tarixi-mədəni abidələrini” ziyarət etməyi tələb edib. Ermənistanla Azərbaycan arasında təmas xəttində atəşkəs rejiminin pozulması hallarını yalnız erməni mövqeyindən şərh edən və erməni itkilərini sadalayan Amerikalı senator Azərbaycan Prezidenti İlham Əliyevi “dünya erməniləri ilə düşmənçilik” etməkdə ittiham edib və onun müharibə çağırışlarına Riçard Moninqstarın münasibətini öyrənmək istəyib. Çıxışına “bilirsiniz ki, bunları sizdən soruşmalıyam” ifadəsi ilə başlayan senator Menendez səfir namizədinə hələ çox sualları olduğunu bildirib, onları yazılı şəkildə təqdim edəcəyini deyib.
Dinləmələrdə sədrlik edən xanım Şahin müzakirələri yekunlaşdıraraq rəsmi protokolun hələ növbəti iki gün ərzində açıq qalacağını bildirib. Bu müddət ərzində Senat Komitəsi üzvləri Azərbaycanla bağlı suallarını Riçard Moninqstara ünvanlayıb Dövlət Departamentindən rəsmi cavablar ala biləcklər. Daha sonra Komitə namizədə səsvermə vasitəsilə münasibətini bildirəcək.
Qeyd edək ki, dinləmələrdə diplomatın həyat yoldaşı Feyt Moninqstar, qızı Cil Moninqstar və kürəkəni, ABŞ Xəzinədarlığı nazirinin müavini Alister Fitzpeyn də iştirak ediblər. 67 yaşlı diplomat əvvəlki vəzifələrində ABŞ-ın Avropa Birliyinə səfiri, eləcə də ABŞ Preizdenti və Dövlət Katibinin sabiq Sovet ölkələri üzrə xüsusi müşaviri kimi xidmət edib.
Xatırladaq ki, Birləşmiş Ştatların Bakıda səfiri vəzifəsi ötən ilin dekabrından bəri vakant qalmaqdadır. Prezident Obamanın ilk namizədi Mətyu Brayza Senatın Xairici Münasibətlər Komitəsində erməni maraqlarını təmsil edən üzvlərinin səyləri nəticəsində təsdiqlənməmiş, Obama “tətil təyinatı” hüquqndan istifadə edəndən sonra Amerikanın Azərbaycandakı səfirliyinə yalnız bir il başçılıq edə bilib.