Təhsil naziri Misir Mərdanov 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərinə vakant yerlərə müəllimlərin işə qəbulunun təşkili barədə əmr imzalayıb.
Modern.az-ın məlumatına görə, “Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri və peşə liseylərinin pedaqoji kadrlara tələbatının müəyyənləşdirilməsi və işə qəbulun tənzimlənməsi qaydaları” işlənib hazırlanıb.
Nazirlik bəyan edib ki, müəllimlərin işə qəbulu ilə bağlı elektron proqram təminatının təkmilləşdirilməsi istiqamətində iş aparılıb, proqrama yeni modulun daxil edilməsi təmin olunub ki, bu da müsabiqənin daha şəffaf keçirilməsinə zəmin yaradır.
Ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üçün elektron ərizələrin qəbulu və imtahanların nəticələrinin nazirliyin İnternet saytında yerləşdirilməsi nəzərdə tutulub. Bu istiqamətdə hazırlıq işləri aparılıb, 1 iyul 2012-ci il tarixdən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu üçün bütün zəruri tədbirlər görülüb.
Misir Mərdanovun əmrinə əsasən, 2012-2013-cü tədris ilində ümumi təhsil müəssisələrində və peşə liseylərində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada, elektron proqram təminatı tətbiq olunmaqla müsabiqə yolu ilə həyata keçiriləcək.
İyul ayının 1-dək vakant yerlər barədə məlumatlar nazirliyin rəsmi internet saytında və "Azərbaycan müəllimi" qəzetində veriləcək.
Müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə “Test bankı”nın hazırlanacaq.
İşə qəbulun keçirilməsi üçün müsabiqə komissiyasının və apelyasiya komissiyasının tərkibi yaxın vaxtlarda təsdiqlənəcək
Müəllimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələri nazirliyin rəsmi internet saytında yerləşdiriləcək, təsdiq olunmuş siyahıların müşayiətedici məktubla yerli təhsili idarəetmə orqanlarına və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinə göndəriləcək.
Modern.az