Modern.az

Ceyhun Məmmədov: “Biz başa salırıq, amma bizi başa salan olmayıb” - MÜSAHİBƏ

Ceyhun Məmmədov: “Biz başa salırıq, amma bizi başa salan olmayıb” - MÜSAHİBƏ

Ölkə

16 İyun 2012, 15:20

“Acından qurbağaya da tamah salmışam...”

Modern.az-ın “Tanınmış idmançılar” rubrikasının budəfəki qonağı 6 qat Avropa, 7 qat dünya, 2 dəfə Dünya kubokunun sahibi və 1 dəfə gənclər arasında dünya çempionu, idmanın qeyri-olimpiya növündə “Şöhrət” ordeni almış məşhur samboçu Ceyhun Məmmədovdur.

– İdman gəlişiniz necə olub, öz istəyinizlə, valideynlərin təkidi ilə?

– Ailəmizdə heç vaxt idmançı olmayıb. Evdə də heç zaman istəməyiblər idmana gedim. Öz marağım olub. İlk dəfə rayonda sərbəst güləşlə məşğul olmuşam. O vaxt sərbəst güləş üzrə Azərbaycan birinciliyinin qalibi olmuşam. Ağdamda sərbəst güləş inkişaf etmədiyinə görə sambo növünə keçdim. Sambo mənim üçün uğurlu oldu.

– 6 qat Avropa, 7 qat dünya, 2 dəfə Dünya kubokunun sahibi və 1 dəfə gənclər arasında Dünya çempionu olmusunuz. Sambo idman növündəki bu birinciliyi qoruyub saxlamaqda nə kömək edib sizə? Nələri itirmisiniz, nələri qazanmısınız?

– Burada insanın əqidəsi böyük rol oynayır. Mənim də əqidəm olub. Hərdən deyirlər ki, filankəsin ətrafı pis oldu, kiməsə qoşuldu və yaxud da dostları pis oldu. Bunlar düz yanaşma deyil. Hər şey insanın özündən asılıdır. Sadəcə olaraq iradəm olub. Rayondan Bakıya gəlmişəm və heç bir qohumum burada yaşamayıb. Yığma komandanın bazası olub orada qalmışam. 1984-cü ildə yeniyetmələr arasında, 1986-87-ci illərdə isə gənclər arasında Dünya çempionu oldum. 1988-ci ildə Dünya çempionu olduqdan sonra hökumət tərəfindən ev ilə təmin olundum. Bu cəhətdən hər şey insanın özündən asılıdır. İdman iradə deməkdir. İradəsiz insan istər idmanda olsun, istərsə də  başqa sənət sahəsi üzrə o heç kimdir.

– Sambonun Olimpiya oyunlarına daxil ediləcəyi barədə məlumatlar varmı. Bu barədə siz nə deyə bilərsiniz?

– 1980-ci ildə Sambo Olimpiya yarışlarına düşə bilərdi. Həmin ildə böyük şans var idi. Amma Brejniev həmin il Hindistanın baş naziri İndira Qandinin şərəfinə otüstü xokkey növünü Olimpiya yarışlarına daxil etdi. İndi sambo idman növünün Olimpiya yarışlarına düşməsi üçün kompaniyalar gedir. Dünyanın 71 ölkəsində sambo federasiyaları fəaliyyət göstərir. Bir neçə müddətdən sonra sambonun Olimpiya yarışlarına daxil ediləcəyinə inanıram.

– Qarşıdan Olimpiya oyunları gəlir. İdmançılarımızın hazırlığını necə qiymətləndirirsiniz?


– Bütün idmançılarımızın qızıl medal qazanmasını istərdik. İnanıram ki, yaxşı olacaq. 10 bürüncdən, gümüşdənsə, 2 qızıl medal yaxşıdır. 

– Hansısa məqamda idmana gəlməyinizdən peşman olmusunuzmu?

– Heç vaxt belə bir fikrim olmayıb. Bu gün hər bir şeyi idmana görə əldə etmişəm. Buna görə də idmana borcluyam.

– Övladlarınızdan, iki oğlunuzdan hansısa bu yolu davam etdirirmi?

– Elədir, iki övladım var. Birinina adı Məhəmməd, digərinin adı isə Ömərdi. Kiçik oğlum Ömər  özünün böyük həvəsi olduğu üçün yunan-Roma güləşi ilə məşğul olur. Onun idmanın bu növünə böyük marağı var.

– İdmançı kimi əldə edə bilmədiyiniz nə isə varmı?

– Hər bir şey Allahın əlindədir. Elə məqamlar olur ki, onu həll etməyə qadir ola da bilərsən, olmayada bilərsən. Heç kim deyə bilməz ki, bu mənəm o işi həll edəcəm. Heç zaman yarışa gedəndə deməmişəm ki, burada çempion olacam. Elə idmançılar var ki, deyir, çempion olmağa gedirəm. Bu söz heç zaman xoşuma gəlməyib. İdmançı deyə bilməz ki, hamıdan güclüyəm və hər getdiyim işi aşıracam. Nə əldə etmişiksə, hamısı idmana görədir. Hər zaman idmana və xalqımıza borcluyuq.

– Elə idmançı olub ki, yarışdan öncə onu fikirləşəsiniz? Hər zaman sizin üçün çətin rəqib olan biri varmı?

– Gərək qarşındakı rəqibi uşaq saymıyasan. Qarşındakı hər biri rəqibi böyük idmanı saymalısan. O da öz ölkəsinin çempionudur. Kimisə zəif saya bilərsən və o döşəyə çıxıb səni uda bilər. Məsələn, onunla keçən il final görüşmüsən. Yenə onunla görüşəndə üstünlük verirsən həmin idmançıya. Heç kəsi zəif saymamışam. Hər birinə eyni müqavimət göstərmişəm. İnsan hər zaman öz üzərində çalışmalıdır. Elə bir rəqib olur ki, oturub onun güləşinə baxırsan. Onun elədiyi fəndin üzərində işləyirsən. Heç vaxta mən kiminsə üzərində işləməmişəm. Həmişə öz üzərimdə işləmişəm. Heç kimin güləşinə baxmamışam. Güclüsən mümükün deyil sənin qabağını almaq. Vaxtlı vaxtında məşqini eləsən, yatsan, yeməyiniyesən öz üzərində çalışsan heç kimə sənə güc gələ bilməz.

– Şərq idman növlərində belə qayda var ki, güc tək qolda deyil. Ən əsası ürək və bir də başdır. Sizcə, doğurdanmı idmançının əsasən ürəyi olmalıdır?

– Ürəyin olmalıdır, lakin insanı idarə edən başdır. Adam tanıyıram ki, gücü ilə ağacı yerindən qoparda bilər. Ağıl olmayandan sonra boş bir işdir. Hər bir işdə əsas ağıldır. Birinci ağıl daha sonra güc və texnika olmalıdır. 8-0 hesabı ilə qalib gələn insan daha sonra uduzursa, deməli, bu insanın ağlı yoxdur. Adam var 1-0 hesabı ilə udur, onu axıra qədər saxlayır. Təkbətək döyüş növündə belədir. Qruppa şəkilində bu çətindir.

– Fərdi idman növündə üstünlüyümüz çoxdur. Bəs nədən kollektiv idman növlərində irəliləyiş əldə edə bilmirik?

– Bu günlərdə Avropa çempionatına baxıb başqa ölkələrə azarkeşlik edirik. Çox heyfslənirəm ki, bizim ölkə orada yoxdur. Niyə orada olmayaq. Digər tərəfdən, Türkiyənin olmadığına təəssüflənirəm. Biz eyni ölkəyik. Ən əsası özləri bilirlər problem nədədir. İdmançının canında istək olmayandan sonra məşqçi heç nə edə bilməz. İstəyirsən dahi futbolçu Peleni ora məşqçi qoysunlar. Bu bizim canımızda olmalıdır. Həm də burada kötük olmalıdır. Bunu əkmək ilə bitən deyil.

– İdmançı daha çox nə üçün idmanda uzaqlaşır? Daha çox bunun zədə ilə əlaqədar olduğunu deyirlər, siz necə bununla razısızmı?

– Yox belə deyil. İdmançı çəki saldığına və çəkdiyi zülmə görə idmandan uzaqlaşır. 52 kilo çəkidən güləşirdim. O çəkini əldə etmək üçün 8 kilo çəki atırdım. Bu çox çətindir. Bir gün yemək yeməyə bilərsizmi? Buna dözmək çox çətin olur. Elə olub ki, adi qurbağa gölünə tamah salmışam. Elə məqam olur ki, çəkini salmaq mümkün olmayıb. Elə olub demişəm ki, güləşmirəm. İtaliyada qoluma girib tərəziyə çıxarıblar. Deyirsən, day bəsdir də, mən də yemək istəyirəm, yaşamaq istəyirəm (gülür) . Daha sonra əziyyətin bəhrəsini görəndə sevinirsən. Bütün böyük idmançılar bunu yaxşı bilir. İdmançını öz sahəsindən uzaqlaşdıran çəki salmaq olur. İdmançıların hamısı çəki salmaqdan əsəbidir. İdmançı xeyli stress keçirir, duru yemək yemədiyinə görə, mədəsi xarab olur. Bundan başqa hava soyuyan kimi sınan yerlərin hamısı sızıldayır. Əziyyətsiz heç bir iş yoxdur.

– 1997-ci ilə qədər böyük idmanda olmusunuz. Bir çox idmançılar zədə səbəbindən idmanı tərk edir. Sizin idmanla vidalaşmağınıza səbəb nə oldu?

– Yaş məhdudiyyətinə görə tərk etdim. Böyük idmançıların hər birində zədələr olur. 1995-ci ildə mən də dizimdən əməliyyat olundum və həmin il Dünya çempionu oldum. Əziyyət çəkməsən, bəhrəsini görməzsən. Böyük idmançı olandan sonra əziyyətlərin bəhrəsini görmüşük. Bu günə qədər idmanın çörəyini yeyirik və ona görə bizə hörmət olunur. Bu gün idmançı olduğuma görə Daxili İşlər Nazirliyində, Nərimanov rayonu cinayət axtarış şöbəsində polkovnik-leytenant rütbəsində işləyirəm. Bunların hamısı idmançı olduğumdan irəli gəlir və idmançı olmağımla fəxr edirəm. Az da olsa, ölkəmi tanıda bilmişəm. 

– İdman meydandan kənarda hansı hallarda köməyinizə çatıb?

– Böyük idmançılar düşüncəli insan olur. Heç zaman davakar olmamışam. Həmişə özümüzü yığışdırmışıq ki, qıraqdan bizə baxanlar var.

– Yüksək nəticələr qazanan idmançıların bəzisi kriminal aləmə meyllənir. Bir neçə belə tanınmış idmançı var ki, bu işlə məşğul olub və yaxud olmaqdadır...


– Həmin idmançılara münasibətim çox pisdir. İdmançı kimi öz işinlə məşğul olmalısan. 

– “Ulduz xəstəliyi”ndən başları gicəllənən idmançılar da var...

– Bu, hər bir kəsin özündən asılıdır. Elə adamlar olur ki, başa salırsan anlamır. Deyirəm ki, siz düz yolda deyilsiniz. Geyiminə fikir ver, evə gec getmə, sən üzdə olan adamsan. Deyirlər, müəllim oldu. Sonra görürsən yenə öz bildiyini edir. Biz başa salırıq. Amma bizi başa salan olmayıb. Kimsə deyə bilməz ki, bizi başa salıb. Bu gün bütün idmançıların atası, anası yanındadır. O vaxtı belə deyildi. Biz rayondan bura gəlirdik. İndi bütün rayon burdadır. Yaxşı dost, qardaş idmançını siqaret çəkən, içki içən görəndə danlamalıdır. Bunu etmirsə, o sənin düşmənindir.

– Hobbiniz varmı?


– Köhnə Azərbaycan filmlərinə baxmağı xoşlayıram.

– Bəs musiqi?

– Daha çox muğama qulaq asıram. Bu Qarabağlı olmağımdan irəli gəlir. Amma ümumiyyətlə hər bir Azərbaycanlı muğamı sevməlidir.

Bir çox məmurlar idmançılarla dostluq edirlər. Sizin necə məmur dostlarınız varmı?

– Çoxdur. Adlarını çəkmək istəmirəm. Amma polis rəisləri, general olan dostlarım daha çoxdur.

– İdmançılardan daha çox kimlərlə dostluq edirsiniz?


–Ülvi Quliyev, Elçin Cəfərov, Füzuli Musayev, Namiq Abdullayev, Elnur Məmmədli, Vüqar Ələkbərov və bu sıranı çox uzatmaq olar. Yaxşı idmançıların hamısı dostumuzdur. Füzuli Musayevlə ilk tanışlığımdan danımaq istərdim. Gəncədə Respublika çempionatı keçirilirdi. Bizim uşaq var, o güləşir, mən də kənardan qışqırıram. O zamanlar Füzuli Musayev karate ilə təzə-təzə məşğul olmağa başlamışdı. Mənə dedi ki, bir az yavaş danış. Bu vaxt aramızda mübahisə yarandı. Dedim, gəl çıxaq çöldə “söhbət edək”. Boyda məndən çox böyük idi. Durdum ağaya, qucaqladı məni, ondan sonra dostlaşdıq. Bundan başqa idman aləmində ən mədəni, səviyyəli insan kimi Ülvi Quliyevi görmüşəm. Onun yeri başqadır. Onda olan səbr, təmkin çox nadir rast gəlinir. İnanmıram ki, kim isə Ülvi Quliyevi tanıya və onun haqqında pis danışa.

– İdmana yeni başlayanlara tövsiyəniz. İdmanla təhsil arasında qalanlara hansı seçimi etməyi məsləhət görərdiniz?


– Təhsilin öz yeri var və o, hamıya lazımdır. Həmişə öz övladlarıma da bunu məsləhət görürəm. Valideyin övladını məcbur etməli deyil. Hər seçim insanın özündən asılıdır. Oxumursa 10 nəfər  müəllim tutmağın xeyiri yoxdur. Fikir başqa yerdədirsə çətin məsələdir. Varsa oxuyacaq,  yoxdursa güc etməyə dəyməz. Amma təhsilli olmaq daha da gözəldir. Ən əsası idmanı isə rejimini bilməlidir. Hər bir işi yəni yatmağı, durmağı, məşqi rejimlə olmalıdır. Bunu etmirsə özünə başqa sənət tapsın. Yalandan özünü aldatmasın. Özü bilməlidir ki, nə istəyir və ona qadir olmağa çalışmalıdır. Həyatla müabrizə aparmalısan. Apara bilmirsənsə deməli zəifsən.











Anar Kəlbiyev
Elçin Ağayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı