“Azərbaycan hökuməti Rafiq Əliyevə 32 min avro təzminat ödəməli olsa da, bu məsələ açıq qalır”. Bu barədə keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı, “Azpetrol” şirkətinin sabiq rəhbəri Rafiq Əliyevin vəkili Muxtar Mustafayev Modern.az saytına bildirib.
Vəkil qeyd edib ki, İnsan Haqları üzrə Avropa Məhkəməsinin bununla bağlı müvafiq qərarı mart ayında qüvvəyə mindiyi üçün təzminatın ödənilməsinə 3 ay vaxt verilir.
“İnsan Haqları üzrə Avropa Məhkəməsi Rafiq Əliyevin şikayəti əsasında ona dəyən mənəvi zərərin ödənilməsi haqda qərar qəbul edib. Həmin qərar da mart ayında qüvvəyə mindiyi üçün göstərilən məbləğin ödənilməsinə 3 ay vaxt verililir. Təzminat bu müddətdə ödənməlidir. Lakin hələ də biz də bu haqda məlumat yoxdur. Hətta mən Rafiq Əliyevin qardaşı ilə əlaqə saxladım. O da bu haqda yeniliyin olmadığını dedi”,-deyə M.Mustafayev vurğulayıb.
Qeyd edək ki, bir müddət əvvəl İnsan Haqları üzrə Avropa Məhkəməsi Rafiq Əliyevlə bağlı qərar çıxardıb. Qərara əsasən, Azərbaycan hökuməti Rafiq Əliyevə mənəvi ziyanın kompensasiyası qismində 7 min, xərclərə görə isə 25 min avro ödəməlidir. Müvafiq qərar cari ilin mart ayında qüvvəyə minsə də, hələ də təzminatın ödənilməsi haqda bir məlumat yoxdur.
Xatırladaq ki, Əliyev 2005-ci ilin oktyabr ayında saxlanılıb. Rafiq Əliyev vergidən yayınma, mənimsəmə, yanacaq qaçaqmalçılığı və digər əməllərdə təqsirli bilinərək 2007-ci ilin oktyabrında 9 il müddətinə azadlıqdan məhrum edilib.
Anar RÜSTƏMOV