Deputat: “İctimai rəy güclüdürsə, orada özbaşınalıq ola bilməz”
Ölkənin müxtəlif rayonlarına təyin olunan icra başçıları çox zaman işlədikləri yerin tarixi, adət-ənənələri və mədəniyyəti haqqında az bilgilərə malik olurlar. Bu da bəzən icraedici struktur başçıları ilə yerli əhali arasında müəyyən anlaşılmazlıqlara səbəb olur. Bəzən isə bu anlaşılmazlıqlar daha pis formada təzahür edir: bilgilərinin az olması nəticəsində yerli mədəni-tarixi abidələr məhv edilir.
Ümumiyyətlə icra başçılarının təyin olunduqları rayon barədə bilgilərini artırmaq üçün nələr edilməlidir?
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı millət vəkillərindən münasibət öyrənməyə çalışıb.
Millət vəkili Sabir Rüstəmxanlı hesab edir ki, rayonlara təyin olunan icra başçılarının əksəri Azərbaycanın bütün guşələrini tanıyan adamlardır. Onun sözlərinə görə, rayon icra başçılarının içərisində millət vəkilləri və əvvəllər vəzifə sahibi olmuş adamlar az deyil. Onlar konkret həmin rayonu görməsələr belə, ölkə haqqında ümumi məlumata malik olurlar.
“Məsələn, Yardımlıya icra başçısı olaraq keçmiş millət vəkili Sevindik Hətəmovu göndəriblər. O, Laçında – dağ rayonunda anadan olub. Dağ şəraitindən xəbəri olan insan kimi bilir ki, burada da şərait eyni cürdür. Ona görə qeyd etdiyiniz nöqsanını bütün icra başçılarına şamil etmək olmaz. Tək-tük icra başçıları var ki, onlar da təyinatdan dərhal sonra tarixi abidəni sökməklə işə başlamırlar. Həm də bəzi məsələlər icra başçısının ixtiyarında deyil. Hansı rayondakı ümumi ictimai rəy, yerli təşkilatlar güclüdür, orada icra başçısı özbaşına heç nə edə bilməz”.
S.Rüstəmxanlı qeyd edib ki, bu gün əsas problem icra başçılarının öz səlahiyyətlərini tam, dəqiq müəyyən edə bilməməsidir. “Yerli idarəetmə orqanlarının səlahiyyət bölgüləri hələ tam müəyyənləşməyib. Bələdiyyələrin, icra başçılarının hansı səlahiyyətlərinin olduğu bilinmir. Bu sahədə dəqiqləşmələr aparılmalıdır”, – deyə millət vəkili vurğulayıb.
Millət vəkili İlyas İsmayılov qeyd edib ki, bu insanın fərdi xüsusiyyətlərindən asılı bir məsələdir. “Elə insan var ki, çox hazırlıqlıdır. Rayona icra başçısı getməmişdən öncə idarəçiliyi bilir, təyin olunduğu yerin yerli xüsusiyyətlərini öyrənir. Bu insanın fərdi xüsusiyyətlərindən asılıdır və buna birmənalı cavab vermək olmaz. Hamı üçün bir müəyyən resept yazmaq mümkün deyil”.
Aytən Əliyeva