Modern.az

Elman Məmmədov: “Ermənilər ağıllarına gələn qələtləri edirlər...”

Elman Məmmədov: “Ermənilər ağıllarına gələn qələtləri edirlər...”

Ölkə

20 İyun 2012, 15:12

“Biz torpaqlarımızı azad etməyənədək ermənilər Qarabağda istədiklərini edəcəklər”

Millət vəkili Elman Məmmədov qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək prezident seçkiləri ilə bağlı başlanan kampaniyaya etiraz edib. Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən deputat qanunsuz seçki kampaniyasını dayandırmaq üçün beynəlxalq ictimaiyyətə müraciət edib:

“Bu qondarma, cinayətkar bir qurumdur. Separatçı qurum heç bir beynəlxalq təşkilat tərəfindən rəsmi şəkildə tanınmır. Bütün dünya bilir ki, ora Azərbaycan ərazisidir. Mən Azərbaycan vətəndaşı, millət vəkili olaraq buna qəti şəkildə etiraz edirəm. Azərbaycan torpağında qanunsuz seçki keçirmək cinayətdir. Nə üçün beynəlxalq təşkilatlar buna göz yumurlar? Onlar da öz etirazlarını bildirməlidirlər”.

Deputat qeyd edib ki, torpaqlarımız azad edilməyənə kimi ermənilər Qarabağda cinayətkar əməllərini davam etdirəcəklər.

“Reallıqla hesablaşmaq lazımdır. Əgər onlar 1991-ci ilin payızından bu cinayətkar qurumu yaradıblarsa və bu günə qədər də fəaliyyət göstərirlərsə, beynəlxalq ictimaiyyət də onlara qarşı heç bir sanksiya tətbiq eləmirsə, onlar bundan sonra da iyrənc əməllərini davam etdirəcəklər.

Əgər onlar varsa, fəaliyyət göstərirlərsə, Azərbaycan torpaqlarında hazırda öz cinayətkar əməllərini davam etdirirlərsə, orada prezident seçkiləri də keçirəcəklər, parlament seçkiləri də.  Ağıllarına nə qələt gələrsə, edəcəklər. Azərbaycan qanunları həmin torpaqlarda qüvvəyə minməyənə kimi onlar öz əməllərindən əl çəkməyəcəklər”, - deyə E.Məmmədov vurğulayıb.

Qeyd edək ki, qondarma “Dağlıq Qarabağ Respublikası”nda prezident seçkiləri  ilə əlaqədar kampaniyaya başlanıb. Erməni mətbuatının yazdığına görə, hazırda qondarma rejimə prezidentliyə ən real namizəd kimi hazırki “prezident” Bako Saakyan göstərilir. Qondarma respublikada seçkilər iyulun 19-da keçiriləcək.

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı