“Mən başa düşmürəm ki, əgər siyasətdən gedirsinizsə, sonra niyə qayıdırsınız?”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu uzun illərdir siyasi fəaliyyətlə məşğul olmayan AMİP lideri Etibar Məmmədovun yenidən siyasi arenaya qayıtması haqda səslənən fikirlərə münasibət bildirib. Partiya sədri Modern.az-a açıqlamasında Etibar Məmmədovun 7 ildən sonra böyük siyasətə qayıdışının düzgün olmadığını bildirib:
“Azərbaycanda siyasət yoxdu, o ki qaldı böyük siyasət olsun. Belə bir məşhur söz var ki, “Kral öldü yaşasın kral”. Maraqlıdır, Etibar Məmmədov nə üçün seçkiöncəsi yenidən siyasətə qayıtmaq istəyir? Siyasətdə belə bir anlayış var ki, seçki qutarandan sonra yenisi başlayır. Bu baxımdan ardıcıl şəkildə siyasi fəaliyyətlə məşğul olmamaq, mübarizə aparmamaqdan sonra, epizodik olaraq siyasi proseslərə qoşulmağın heç bir mənası yoxdur. Bu, cəmiyyətə heç bir fayda verməyəcək”.
ADP sədri Etibar Məmmədovu bir neçə il öncə siyasi mübarizədən çəkilməkdə ittiham edərək, onun yenidən qayıdışının cəmiyyətə heç bir fayda verməyəcəyini vurğulayıb.
“Bəzi adamlar xalq qarşısında çıxaraq, siyasətdən getdiyini bildirirlər. Bir neçə ildən sonra - 4 ilə 5 il ötür - çıxıb yenidən gündəmə gəlib bildirirlər ki, mən yenidən siyasətə qayıtdım. Onlara demək lazımdır ki, bu zamana kimi harada idiniz? Hansı situasiya yetişdi ki, yenidən siyasətə qayıtmaq istədiniz?
Mən şəxsən bunu çox yalnış hesab edirəm. Düşünürəm ki, siyasətçi mübarizə aparırsa, mütəmadi olaraq mübarizə aparmalıdır. Birdən yoxa çıxmaq, sonra meydana çıxmaqla nəsə əldə etmək olmaz”,-deyə S.Cəlaloğlu əlavə edib.
Qeyd edək ki, 2013-cü ildə keçiriləcək prezident seçkiləri ərəfəsində AMİP lideri Etibar Məmmədovun yenidən siyasi fəaliyyətə başlayacağı ilə bağlı məlumatlar yayılıb. AMİP rəsmiləri də E.Məmmədovun qayıdışını müsbət qarşıladıqlarını bildiriblər.
Xatırladaq ki, AMİP-in ilk sədri olan E.Məmmədov 2005-ci ildən siyasi fəaliyyətdən gedib
Anar RÜSTƏMOV