Və ya yəhudi olmaq istəyərdim
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib ki, bu ölkədə çəkilən seriallarda bizim qadınların dayə, qulluqçu obrazında verilməsinin günahı özümüzdədir. Belə ki, Azərbaycan qadınları Türkiyəyə məhz bu məqsədlə gəlir və türklərin yaddaşında belə qalırlar...
Mən nə aktrisamızın açıqlamasının əleyhinəyəm, nə də qadınlarımızın qardaş ölkəyə gedib orada qulluqçu, dayə işləmələrini əsla qınayıram. Zaman-zaman, elə indinin özündə də bu ölkəyə, Dubaya, bir müddət əvvəl Hindistana gedib bədənlərini satan qadınlarımız az deyil. Bu yolun iyrənc, biabırçı olduğunu desək də, bilsək də, kimsənin bu yola kefindən getdiyinə inanmıram. Azərbaycanın özündə əxlaqsız yolla pul qazanan gənc yaşda qızlar xeyli saydadır. Bunun da müxtəlif səbəbləri var. Bir jurnalist kimi araşdırmalarımda bu yolun yolçularının bu addımı müxtəlif səbəblərdən və baş səbəbin iqtisadi çətinlik, məcburiyyətdən atdıqlarının şahidi olmuşam.
Hər gün TV-lər müxtəlif proqramları ölkədə əhalinin iqtisadi, sosial vəziyyətinin yaxşı olmasından xəbər verilir, yeni iş yerlərinin açılışı görüntülənir. Amma yenə də bu ölkənin vətəndaşları Azərbaycanı dolanışıq ucbatından tərk edir. Ölkə qanunlarına görə vətəndaşımız 35 yaşına kimi gənc sayılır. Bəs yaş həddi 35-dən yuxarı olan vətəndaşlarımız nəylə məşğul olmalıdır? Bir qismi özəl sektorda iş tapmalı, ya az maaşla, ya da tanışlıqla. Bir qismi isə ya dilənməli, ya ölkəni tərk edib Türkiyədə dayə, qulluqçu, kişilər Rusiya bazarlarına üz tutub orada pomidor, nar satmalı, bəzi qadınlar da Dubaya məlum peşəylə məşğul olmağa getməlidir. Oxucular deyəcək ki, bu, köhnə və məlum mövzudur, bunu təkrarlamağa ehtiyac yoxdur. Bu köhnə və məlum mövzunu təkrarlamadığımız üçün qardaş dediyimiz Türkiyə seriallarında qadınlarımızı aşağı səviyyədə, qulluqçu, dayə obrazında dünyaya tanıdırlar...
Türkiyə əhalisinin sayı 73 milyon, Azərbaycan əhalisinin sayı 9 milyona yaxındır. Bizim neftimiz, qazımız, suyumuz, 9 iqlim qurşağımız, digər təbii sərvətimiz var və dərindən düşünsək, dünyanın ən zəngin dövlətlərindən sayılarıq. Təkcə neftdən gələn gəlirlə bu ölkənin hər bir vətəndaşının yaşayışını bəzi ərəb və Avropa ölkələrindən daha da yüksək səviyyəyə qaldırmaq mümkündür. Qardaş ölkədən hər hansı qadının Azərbaycana gəlib dayə, qulluqçu işlədiyinin kim şahidi olub? Heç kim. Və ya Azərbaycandan bu ölkəyə gedib iş qadını kimi ad çıxaran xanımlarımızdan kim var? Yenə də heç kim. Bir yandan da Azərbaycanın bir çox nazirləri, məmurları dünyanın zəngin insanları siyahısındadır. Amma ölkənin qadınları Dubaya, kişiləri isə yenə də Rusiyaya gedir, çörəkpulu qazanmaq üçün.
Azərbaycanda fəaliyyət göstərən hotellər, tibb klinikalar, supermarketlər şəbəkələri, şadlıq evləri, tikinti biznesi “bizdə korrupsiya yoxdur, əhalinin yaşayış səviyyəsi yüksəkdir” deyən məmurlara məxsusdur. Bu obyektlərin rəhbər vəzifələrinə, işlətmələrinə Türkiyə vətəndaşları gətirilir. Məhz buna görə də onlardan vəzifəcə aşağı olan azərbaycanlı işçilərə üstdən aşağı baxır, ölkəmizdə bizlərlə qulluqçu kimi davranırlar. Doğurdanmı, bu işləri idarə edə biləcək bizlərdən heç kim yox səviyyəsindədir?
Şəhər küçələrində maşın tıxaclarını, marketlərdə bolluğu görənlər deyirlər ki Azərbaycanı kasıb ölkə hesab etmək olmaz. Onu da deyirlər ki, Bakıdakı bahalığa Avropanın az şəhərlərində rast gəlmək mümkündür. Deyirlər ki, bizdə olan xarici markalı “Jeep”lərin sayı qədər nə 73 milyonluq Türkiyədə, nə də Avropada rast gəlmək olur. Və bir də onu da deyirlər ki, bu görünən xarici avtobomillərin bir qismi məmur ailələrinin, bir qismi bəzi məmurların xanımlarının sevgililərinin, bir qismi elə məmurların sevgililərinə məxsusdur. Bunlar haradan, necə, nə cür alınır, satılır, verilir, bunu məncə açıqlamağa lüzum yox. Az sayda insanlar buna alın təriylə sahibdir...
Yerli telekanallarda evlilik proqramlarında bölgələrdən gələn qızlarımızın əksəriyyəti şəhərdə işi, evi olan talib axtarışındadırlar. Normal arzudur. Deməli, bölgələrdə yaşayış səviyyəsi yüksəl olsaydı nə qızlarımız ərə getmək üçün Bakıya, nə də oğlanlarımız iş axtarmaq üçün ölkədən kənara üz tutardı. Bəzən telekanallar bölgələrdə sosial-iqtisadi vəziyyətin yaxşı olması, rayonlarda abadlıq işlərinin getməsi, Milli Olimpiya Komplekslərinin açılması barədə xəbərlər verir, süjetlər göstərir. Amma qeyd edilmir ki, bəzi rayonlarda icra başçıları sakinlərin evlərinin, sahib olduğu dükan və mağazaların ətrafını onların cibinin hesabına məcburən gördürür. İdman komplekslərinin yarısının qapısı ya bağlı olur, ya da binada direktor, katibə, bilgisayar yığıcısı və mühafizəçidən başqa kimsə olmur. Çünki idmanla məşğul olmaq üçün əksər hallarda gəncləri ora buraxmırlar ki, oturacaqları sındırar, idman alətlərini qırarlar. Az təminatlı ailələr üçün nəzərdə tutulan sosial yardımı elə məmurun özü mənimsəyir. Belə ki az təminatlı ailələrə sosial-təminat şöbəsinin müdiri şərt qoyur ki, yardımın ilk 4-5 aylığı ona məxsusdur, əks təqdirdə kimsəyə yardım yazılmayacaq... Bax, məhz bu kimi hallara görə Bakıda əhalinin sıxlığı pik nöqtəyə çatıb. Çünki Azərbaycan Bakıdan ibarətdir. Belə olmasaydı bölgələrdə yaşayanlar şəhərə üz tutmazdı. Bakıda fəaliyyət göstərən supermarketlərdə nisyə dəftəri qoyulmur, bölgələrdəki marketlərdə bir deyil, bir neçə nisyə dəftərinə rast gəlmək olar...Yəqin məlum oldu, niyə zəngin Azərbaycanın qadınları nə üçün qulluqçu, dayə, fahişə olur...Bunu aradan qaldırmağın üç yolu var: korrupsiya aradan qaldırılmalı, 35 yaş həddi götürülməli, insanlar yüksək maaşlı işlə təmin olunmalıdır.
...Azərbaycandan fərqli olaraq İsrail quru torpaqdan başqa heç nəyə sahib deyil. Nə nefti, nə qazı, nə suyu, nə də digər təbii sərvəti var. Amma nə ölkənin özündə, nə də dünyanın digər bir yerində yəhudi qadınları fahişə, qulluqçu, dayə işləyir. Bütün bayramlarında dövlət və özəl sektorda çalışan təmizləyici xanımlar bahalı hədiyyələrlə təmin edilir, onların harada işləməsindən asılı olmayaraq, qadın kimi hər zaman yüksəkdə dayandıqlarını hörmətlə xatırladırlar. Əri olmayan tək analara dövlət elə bir aylıq yardım verir ki, o ananın ömür boyu işləməsinə ehtiyac qalmır. Bu ölkədə qanun keşikçisi küçədə meyvə satan qadından pul dilənmir və qadını küçədə sürüyüb üst köynəyini əynindən çıxarmır. Bəzən bu ölkəyə və bu ölkənin qadınlarına qıbtə edirəm. Kaş ki mən də yəhudi doğulsaydım...
P.S. Azərbaycanda “kim qara kürü yeyir” deyə sorğu keçirilərsə, vətəndaşlardan 1000-dən biri “mən” deyəcək.
P.P.S. Qonşu Gürcüstanda rüşvət, korrupsiya anlamı yoxdur. Necə də xoşbəxtdir “korrupsiya, rüşvət yoxdur” deyən gürcü xalqı...