ONA GÖRƏ Kİ, KİÇİK OĞURLUQ CİNAYƏTDİ, BÖYÜK OĞURLUQ SİYASƏT...
Dünyamızda və məmləkətdə əndrəbadi hadisələr baş verməkdə davam edir. İnsanlar yaşamaq uğrunda mübarizədə ən gözlənilməz yollara əl atırlar... Ancaq hüquq-mühafizə orqanları, sağ olsunlar, onların ayıq-sayıq, operativ tədbirləri sayəsində bir sıra tamahı həddini aşmış cinayətkarların əməllərinin qarşısı vaxtında alınır. Yoxsa yarılmamış ev, dükan, tövlə, hin, girilməmiş cib qalmaz...Məsələn, bu günlərdə Zaqatalada polis çevik və operativ tədbirlər sayəsində 9 nəfərdən ibarət məşhur mağaza oğrularını həbs edib. Və yaxud Binəqədi polisi 3 nəfərdən ibarət maşın oğrusunu tutub. Özü də Cəbrayıldan qaçqın... Qaçqın olasan, belə fərasət yiyəsi olasan, qaçırdıqları maşın xarab olduğundan evakuator çağırıb metaləritmə sexinə aparıb 50 manata satıblar, onun da 20 manatın veriblər evakuatora, özlərinə 30 manat qalıb... Gör, ilin-günün bu vaxtında korrupsiyaya, oğurluğa qarşı kəskin və gərgin mübarizənin getdiyi bir vaxtda bu qaçqın uşaqları nə qədər harınlayıb həddini aşıblarsa, qanunsuz yolla 30 manat (!) gəlir əldə etməyə cürət ediblər. Hələ üstəlik, ondan əvvəl başqa avtomobildən bir maqnitofon da oğurlayıblar...
Amma ölkədə ən təhlükəli oğrular toyuq oğrularıdır. Çünki möhtərəm deputatımız Siyavuş Novruzov “Yevrovijin” ərəfəsindəki bəyanatlarından birində onları hər gün ölkəmizin imicinə zərbə vuran “vicdan məhbusları” ilə müqayisə edərək vurğulayıb ki, nə onlar, nə də toyuq oğruları islah olunmayınca məsuliyyətdən yaxa qurtara bilməyəcəklər... Siyavuş müəllim çox düz deyir, bunlar milləti toyuq yerinə qoyub, yetəni yolurlar... Yaxşı ki, şərəfli və rəşadətli polisimiz vaxtında bu qatı cinayətkarların qarşısını alır... Yoxsa məmləkət nə günə qalardı?. Qoy getsinlər otusunlar türmədə, ağılları başlarına gəlsin...
Türmə dedim, yadıma iki gün öncə baş vermiş bir əndrəbadi təbii hadisə düşdü... 8 və 12 saylı cəzaçəkmə müəssisələrinin yaxınlığında qəflətən peyda olan burulğan bircə dəqiqədə hər iki türmənin hasarlarını, dam örtüklərini uçurmuş, dirəklərini, tikanlı məftillərini, elektrik və rabitə xətlərini sıradan çıxarmışdır... İndi analitiklər bu hadisənin səbəblərini cürbəcür izah edirlər. Bəziləri deyir ki, Azərbaycanda az görünsə də, bu, adi təbii hadisədir... Ancaq radikal islamçı analitiklər bu hadisəyə başqa cür yanaşırlar. Onların bir qismi deyir ki, gör, həmin zindanlarda yatanlar nə qədər çox günah ediblərsə, Tanrı bu qasırğa ilə də onlara qəzəbini çatdırır... Doğrudan da Peyğəmbərimizin(s.) hədisində oxumuşam ki, külək Allahın qəzəb əlamətlərindəndir...
Azərbaycanımızın daxili və xarici uğurlarına qısqanclıqla yanaşan bəzi əcnəbi qüvvələrə bağlı daha radikal islamçılar isə çox əndrəbadi bir mövqedən çıxış edirlər. Onlar deyirlər ki, bu qasırğa Allahın içəridəki yox, çöldəki cinayətkarlara qarşı qəzəbinin əlamətidir... Çünki bayırda elə dəhşətli cinayətkarlar var ki, türmələrdə adi oğurluq üstdə yatanların, məsələn, elə bayaq dediyimiz mağaza və maşın oğrularının cinayətləri onların etdiklərinin yanında dəryada damla kimidir... Bu islamçı radikal analitiklər tez-tez telekanallarda gördüyümüz mələksifətli nazirlərimizi, bəzi məsum məmurlarımızı, icra başçılarımızı, rəislərimizi, deputatlarımızı və s. korrupsiyada, narkobiznesdə, adam, qadın alverində, qumarda və s. ittiham edərək türmələrdə kiçik və bir neçə orta oğruların əvəzinə bunların oturmalı olduğunu iddia edirlər... Üstəlik, onu da bildirirlər ki, zindanlarımızda icazəsiz mitinqdə-filanda tutulmuş, cibinə, maşınına narkotik atılmaqla, yaxud başqa cür şərlənərək həbs edilmiş yüzlərlə günahsız insan var... Odur ki, Allahın qəzəbi tutub türmələri dağıdır ki, həmin günahsızlar, “vicdan məhbusları”, din xadimləri azadlığa çıxsınlar...
Nazirlərimizin, məmurlarımızın böyük oğru, cinayətkar olmasını təsdiqləmək üçün əlimdə bir dəlil-sübut yoxdur. Amma hətta əgər belədirsə də, mərhum Elçibəy, demiş, bu da təbii haldır... Çünki tarixən bütün dünyada belə olub; həmişə yumurta, toyuq, qoyun oğrusu, mağaza, maşın oğrusu kimi kiçik oğrular tutulub, minlərlə barrel neft, milyon kub metrlərlə qaz, milyon tonlarla mazut, asfalt, sement, daş oğurlayan böyük oğrular isə kef çəkiblər... Məsələn, məşhur diktator Stalin Bakıda o qədər qızıl oğurladı ki, gedib Rusiyada Leninlə birgə inqilab etdi, sonra da Lenin babamızın da başını əkib 30 il SSRİ boyda super ölkəyə başçılıq etdi, super babamız oldu... O, öləndə məmədeyəndən pəpəyeyənədək hamı hönkür-hönkür ağlayırmış... Amerika dövləti nə birinci, nə də ikinci dünya müharibələrinə, demək olar ki, qarışmadı, amma Avropadan, Rusiyadan oğurladıb daşıtdığı qızılın hesabına super güc olub sonunda SSRİ-ni dağıtdı... Yaxud neft ölkələrini götürək, məsələn, Küveytin, Səudiyyə Ərəbistanın kralları nə qədər neft oğurlayıblarsa, artıq gözləri doyub camaata pul paylayırlar, hamı başlarına and içir... Amma Gopustan Respublikasının məmurları nə qədər qaz, neft, qızıl, kürü və s. talayıb-oğurlayırlarsa da, gözləri doymur, camaata pulu qırta-qırta verirlər... Odur ki, onlar dünyada daha məşhur siyasətçidirlər... Yəni, böyük oğurluqla məşğul olub tutulmayanlar sonda dünya şöhrətli siyasətçi də ola bilirlər... Kiçik oğrular isə elə ömür boyu ya türmədə, ya çöldə sürünürlər. Amma hərdən daha böyük oğrular bir az kiçikləri güdaza da verirlər. Məsələn, Pinoçet, Səddam, Qəddafi, Mübarək və s. xalqın sərvətini talamaqla milyardlar toplamışdılar. Ancaq böyük qardaşlarının qəzəbinə gəlib hansı günlərə salındılar, hamı bilir...
Xülasə, sözümün canı ondadır ki, kiçik oğurluq cinayətdir, böyük oğurluq siyasət... Çalışın, lap böyük oğurluq edəsiniz ki, tutulmayasınız... Yoxsa, qasırğa da dadınıza çatmaz...