Modern.az

Azərbaycana gələn xarici turistlər hansı bölgələrimizi seçirlər?

Azərbaycana gələn xarici turistlər hansı bölgələrimizi seçirlər?

Ölkə

26 İyun 2012, 11:05

Azərbaycanda iyun ayının 13-dən rəsmi olaraq turizm mövsümü açıq elan olunub. Yay fəslinin istilərinə dözməyən insanların bir çoxu Azərbaycanın regionlarına, digər qismi isə xarici ölkələrə üz tuturlar. Statistikaya əsasən, ölkə vətəndaşlarının böyük hissəsi Türkiyə, Gürcüstan və Avropanın bir neçə ölkəsinə dincəlməyə gedir. Qarşılıqlı olaraq xarici ölkə vətəndaşları da istirahət üçün Azərbaycana üz tuturlar. Açıqlanan son rəqəmlərə görə, ölkəyə gələn turistlərin sayı artıb. Bəs görəsən xarici turistlər Azərbaycanda daha çox harada istirahətə üstünlük verirlər?

Ümumiyyətlə, Azərbaycanın turizm sektorundakı qiymətlər xarici vətəndaşları qane edirmi?

Məsələ ilə əlaqədar ilk olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat katibi İntiqam Hümbətov Modern.az-a açıqlamasında bildirdi ki, bu il ölkəmizə gələn turistlərin sayında artım var. Nazirlik rəsmisi digər illərə nisbətən turistlərin sayının artmasını, ölkədə keçirilən böyük tədbirlərlə bağlı olduğunu deyib.

“Biz bunu proqnozlaşdırırıq, amma tam neçə faiz artımın gözləndiyini demək hələ çətin məsələdir. Bu artım indidən hiss olunur. Ölkədə keçirilən beynəlxalq musiqi yarışması və ardınca payızda baş tutacaq böyük futbol tədbiri Azərbaycana gələn turistlərin sayını artırıb. Bu gün həm paytaxtımızda, həm də bölgələrimizdə ildən-ilə müasirləşən çox gözəl istirahət mərkəzləri, otellər var. Şimal-qərb, qərb, cənub bölgəsində müasir tələblərə cavab verən istirahət mərkəzləri fəaliyyət göstərir. Yay mövsümü olduğu üçün xarici turistlər əsasən Quba-Qusar və Şəki-Qəbələ zonasında dincəlirlər”.

Turizm Universitetinin müəllimi Bahadur Bilalov xarici turistlərin Azərbaycanda bir qayda olaraq daha çox Bakıya meyl etdiklərini deyir:

“Azərbaycana gələn xarici turistlər daha çox paytaxtımızı sevirlər. Bu şəhər onlar üçün daha maraqlıdır. Yay fəsli ilə əlaqədar olaraq bölgələrə də gedənlər az deyil. Son zamanlar Rusiyadan gələn turistlər Nabrana, Avropa ölkələrindən gələnlər isə Şəki-Qəbələ zonasına daha çox üstünlük verirlər”.

Turizm üzrə ekspert Ruslan Quliyev son vaxtlar turistlərin ölkəyə gəlişində artım olduğunu deyir.

“Əsasən Türkiyə, İran , MDB, Hollandiya, Almaniya, Honq-Konq, Çin, Böyük Britaniya, Cənubi Koreya, Çexiya kimi ölkələrin vətəndaşları ölkəmizə gəlirlər. Onlar Quba-Xaçmaz və Lənkəran-Astara bölgələrində istirahət etməyə üstünlük verirlər. Bundan başqa Şamaxı-İsmayıllı-Qəbələ və Şəki-Zaqatala zonası da xarici turistlərin istirahətində üstünlük təşkil edir. Oradakı qiymətlər çox normaldır. 3 otaqlı bir kotecin qiyməti 150 manatdır. Orada 4+1 və 4+2 ilə yerləşmək mümkün olur. Bu da səhər yeməyi daxil olmaqla 25-30 manat edir. Belə düşünürəm ki, bu elə də baha qiymət deyil”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı