“Seçkilərdə qalib gəlmək üçün xüsusi güc mərkəzi yaradılmalıdır”
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu müxalifət qüvvələrinin birləşdiyi İctimai Palatanın 2013-cü il prezident seçkilərində vahid namizədlə təmsil olunması və onun perspektivlərini Modern.az-a şərh edib. Partiya sədri ölkəmizdə keçiriləcək prezident seçkilərində İctimai Palatanın uğur qazanmayacağını bildirərək, təşkilatın dağılacağını proqnozlaşdırıb:
“İctimai Palata prezident seçkiləri ərəfəsində ya dağılacaq, ya da seçkilərin nəticələrini boykot edəcək. Prezident seçkilərində vahid namizəd məsələsi İctimai Palatanın sərhədlərindan kənarda müzakirə olunmalıdır. Mənə elə gəlir ki, seçkilərlə bağlı ayrıca güc mərkəzi yaradılmalıdır. İctimai Palatanın daxilində olan insanlar da indi bu həqiqəti başa düşməyə başlayıblar. Seçkilərdə vahid namizəd məsələsində İctimai Palata razılığa gələ bilməyəcək.
Həmin təşkilat mövcud müxalif qurumlar arasında ən güclüsü olsa da, seçkilərdə onlar bu strategiya ilə heç nəyə nail olmayacaqlar”.
S.Cəlaloğlu İctimai Palatanı ittiham edərək müxalifət birliyinin daxilində ciddi fikir ayrılığının olduğunu qeyd edib.
“Liderlik məsələsinə gəlincə, İctimai Palata bu missiyanı daşımaq iqtidarında deyil. İctimai Palata ideoloji baxımdan müxalifət qüvvələri arasında lider olmadığı kimi, seçkilərdə də vahid namizədlə təmsil oluna da bilməyəcək. Artıq bu baxımdan Palatada fikir ayrılığı da formalaşıb. Hesab edirəm ki, bu gedişlə seçkiöncəsi İctimai Palata dağılacaq”, -deyə ADP sədri vurğulayıb.
Qeyd edək ki, İctimai Palatada 2013-cü il prezident seçkilərində vahid namizədlə iştirak etmək məsələsi qaldırılsa da, bu istiqamətdə hələki ciddi müzakirələr aparılmayıb. Müsavat başqanı İsa Qəmbər Modern.az-a müsahibəsində bildirib ki, Azərbaycanda normal seçki mühiti olmadığı üçün vahid namizəd məsələsindən danışmaq absurddur.
Anar RÜSTƏMOV