TDQK rəsmisi: “Bundan ötrü həbsxana və universitet rəhbərləri danışıqlar aparmalıdır”
Qanunvericiliklə məhkumlara orta və peşə təhsili almaq hüququ verilsə də, onların ali təhsil almaları imkansız görünür. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov da məhkumların ali təhsil almalarının imkansız olduğunu bildirir.
Şöbə rəhbərinin sözlərinə görə, vaxtilə 8 nəfər azyaşlı, yəni 18 yaşı tamam olmamış məhkumlar imtahan verərək kollecə qəbul olub: “Amma bu bir layihə xarakteri daşıyırdı. Ancaq bu günə kimi TQDK-nın xətti ilə ali məktəblərə qəbul aparılmayıb. Beş-altı il bundan əvvəl kolleclərə qəbul layihə xarakteri daşıyırdı. O, QHT-lərin iştirakı ilə aparıldı. Amma indi belə bir şey yoxdur”.
M.Sadıqov bütün cəzaçəkmə müəssisələrinin kompüterlə təmin olunduğunu desə də, onların internetə çıxışının olmadığını bildirdi. Onun sözlərinə görə, qanunla həbsxanada internetə çıxış olmadığından məhkumların ali təhsil almaları da imkansızdır: “Təhlükəsizlik baxımından internetə çıxış yoxdur. Ona görə də məhkumların ali məktəbə qəbul imtahanı verib universitetdə oxumaq imkan xaricindədir”.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bu il belə bir addımın nəzərdə tutulmadığını dedi. Onun sözlərinə görə, belə imtahanlar müraciət əsasında həyata keçirilir. O, cəzaçəkmə müəssisələrində qəbul imtahanı keçirmək və məhkumların ali məktəblərdə oxuması üçün ilk növbədə universitet rəhbərləri ilə danışıqlar aparılmalı olduğunu bildirdi: “Bu uzunmüddətli prosesdir. İlk növbədə həbsxana rəhbərləri ilə universitet rəhbərləri danışıqlar aparmalıdırlar. Bundan əlavə, azadlıqdan məhrum olanların ali məktəbdə necə təhsil almaları üçün təhsilin forması müəyyənləşdirilməlidir. Bu isə vaxt aparan proses olduğundan yaxın illər üçün belə bir şey nəzərdə tutulmayıb”.
Gültəkin Ələsgər