Modern.az

Azərbaycanda xeyriyyəçilik haqqında qanun qəbul oluna bilər

Azərbaycanda xeyriyyəçilik haqqında qanun qəbul oluna bilər

Ölkə

2 İyul 2012, 15:57

Milli Məclisin komitə sədrinin müavini deyir ki, hazırda bununla bağlı qanunvericiliyin olmaması narahatedici məsələdir


“Hesab edirəm ki, Azərbaycanda xeyriyyəçilik fəaliyyəti ilə bağlı qanun qəbul olunmalıdır. Bununla bağlı araşdırmalar aparıram və yəqin ki, payız sessiyasında bizim komitənin gündəminə belə bir məsələnin salınmasını təklif edəcəm”.
 
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, deputat Musa Quliyev deyib. Onun sözlərinə görə, hazırda bununla bağlı ölkədə qanunvericiliyin olmaması narahatedici məsələdir.

“Cəmiyyətin üzvlərinin daim bir-birinə ehtiyacı var və təkcə bütün köməkləri dövlətdən gözləmək və bütün problemləri dövlətin üzərinə qoymaq da cəmiyyətin davranış etikasına və inkişaf qanunauyğunluqlarına aid deyil. Ona görə də hətta orta əsrlərdən başlayaraq, cəmiyyətdə bir xeyriyyəçilik ənənəsi formalaşıb, hətta müxtəlif dinlərin, sahibkarlığın, zadəganlığın xeyriyyəçilik ənənəsi var. Düşünürəm ki bizim cəmiyyətdə də bunu tətbiq etmək lazımdır”.

Millət vəkili qeyd edib ki, Azərbaycanda kifayət qədər iş adamları, sahibkarlar, böyük holdinqlər, şirkətlər var və onların qazanclarının çox cuzi bir hissəsini xeyriyyəçlik fəaliyyətinə sərf etməsi cəmiyyətdə həm harmoniya yaradar, həm gərginliyi aradan qaldırar, həm də onların ümumi qazanclarının mənəvi baxımdan halallığına şərait yaradar.

“Bütün ölkələrdə, o cümlədən Azərbaycanda bu ənənə var. Heç təsadüfi deyil ki, dünyada ən böyük mesenatlarından biri azərbaycanlı Hacı Zeynalabdin Tağıyevdir və bütün xeyiryyəçilik ensiklopediyalarında da bu əks olunub. Bu gün Tağıyevdən də varlı olan iş, biznes adamlarımız var və onların xeyriyyəçilik təşəbbüslərinin olmaması, ya da çox cuzi şəkildə olması arzuolunan hal deyil”.

M.Quliyev deyir ki, Azərbaycandan kənarda-Rusiyada, Türkiyədə, Ukraynada, Qazaxstanda və başqa ölkələrdə yaşayan çox imkanlı iş adamları var ki, onlar da ölkə üçün müəyyən xeyriyyəçilik işləri görə bilərlər.

“Öz kəndləri, doğulduqları yerlərdə yaşayan insanlar, bütövlükdə cəmiyyət üçün faydalı işlər görə bilərlər. Bundan üçün birinci növbədə maarifləndirmə işinin aparılması lazımdır”.

Deputatın sözlərinə görə, xeyriyyəçiliyin ölkədə dövlət siyasəti səviyyəsində təqdir olunduğunu vurğulayan hüququ baza yaratmaq lazımdır.

“Eyni zamanda müəyyən vergi güzəştlərinin edilməsi lazımdır ki, onların xeyriyyəçilik fəaliyyəti stimullaşdırılmış olsun və başqa xeyriyyəçilər, sahibkarlar, iş adamları da bu məsələyə həvəslə girişsinlər. Hər halda onların gördükləri işlərin təbliğ olunması, onların cəmiyyətin dəyərli üzvləri, insanları kimi tanınması işi hesab edirəm lazımdır. Belə bir qanunun olması düşünürəm ki, Azərbaycan cəmiyyətində harmoniyanın yaranmasına, halallığın təbliğ olunmasına, hümanizm prinsiplərinin geniş şəkildə əks olunmasına və sosial ədalətin, həmrəyliyin bərqərar olunmasına xidmət edər”.

Azərbaycan dövlətinin kifayət qədər güclü, eyni zamanda öz vətədaşlarının, o cümlədən imkansız insanlaın problemlərini həll etməyə qadir olduğunu vurğulayan Musa Quliyev bildirib ki, bu dövlətdən bəhrələnərək özünə kapital toplamış, sahibkarlıq işi ilə məşğul olaraq zəngin bir həyat sürən insanlar da ölkənin başqa vətəndaşlarına hümanist münasibət bəsləməli və kömək etməlidir.

“Azərbyacandan xaricdə minlərlə tələbəmiz oxuyur. Onların müəyyən hissəsi dövlət proqramı çərçivəsində oxuyursa, müəyyən hissəsi dövlət proqramı çərçivəsində oxumur. Onlara kömək etmək olar. Azərbaycanda müalicəsi olmayan xəstələr var ki, onların vəsaiti yoxdur. Və yaxud da özəl xəstəxanalarda son texnologiyaları tətbiq etməyə ehtiyac duyurlar. Bu sıranı genişləndirmək lazımdır. Bu aksiyalar daimi və ya birdəfəlik ola bilər. Bütün bunların hamısının hüquqi əsaslarını yaratmaq lazımdır və ümumi bir məxrəcə gətirməkdən ötrü xeyriyyəçilik qanunun qəbul olunmasına ehtiyac var. Hazırda bununla bağlı araşdırmalar aparıram”.

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı