ASC rəsmisi: “Əhali qrupu üçün sayğaclar dövlət vəsaiti hesabına həyata keçiriləcək”
“May ayından etibarən abonentlərin smartkart tipli sayğaclarla, yəni suyun ödənişli sayğaclarla təminatına başlanılıb”. Bu sözləri Modern.az-a açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O qeyd edib ki, ilkin mərhələdə müxtəlif diametrli (15, 20, 40, 50, 70, 100 və s.) su xətlərinə iki mindən çox belə sayğac quraşdırılıb. “Bunlar əsasən kommersiya obyektlərində, yəni qeyri-əhali qrupunda quraşdırılıb. Növbəti mərhələdə, yəni qarşıdakı aylarda əhali qrupunda da, ilk növbədə su sərfiyyatı böyük olan ərazilərdə, həyət evlərində smartkart tipli sayğacların quraşdırılmasına başlayacağıq”.
“Bildiyiniz kimi, Bakı şəhəri və onun kəndlərinin sosial-iqtisadi inkişafına dair dövlət proqramının müzakirəsi zamanı cənab prezident bildirdi ki, smartkart tipli sayğacların quraşdırılması effektli bir variantdır və bu iş sürətləndirilməlidir. Yəni su təchizatı və kanalizasiya sistemlərində görülən işləri yüksək qiymətləndirən dövlət başçısı sayğaclaşmanın sürətləndirilməsi barədə tapşırıq verdi”, – deyə A. Cəbrayıllı vurğulayıb.
A. Cəbrayıllı bu tapşırıqdan irəli gələrək “Azərsu” ASC-nin bu işi artıq sürətləndirdiyini qeyd edib. Onun sözlərinə görə, bu istiqamətdə deyilən tədbirlərin təşkilinə başlanılıb. “Smartkart tipli sayğaclar qeyri-əhali qrupu üçün ödənişli əsaslarla quraşdırılacaq, yəni onun pulunu obyektlərin sahibləri ödəyəcək. Diametrdən asılı olaraq sayğacların quraşdırılmasının qiymətləri müxtəlifdir, 200 manatdan başlayaraq 800-900 manata qədər dəyişir. Bu qiymətə eyni zamanda həmin sayğaclara “Azərsu” ASC” yazılmış qapaqların quraşdırılması, əl haqqı da daxildir. Amma əhali qrupu üçün bu sayğaclar sırf pulsuz, dövlət vəsaiti hesabına həyata keçiriləcək”.
Smartkart tipli sayğacların əsasən Türkiyə istehsalı olduğunu deyən A. Cəbrayıllı vurğulayıb ki, qeyri-əhali qrupunda sayğacların quraşdırılması Bakının mərkəzi rayonlarında, Nəsimi, Yasamal, Binəqədi, Nərimanov rayonlarda geniş vüsət alıb. “Artıq digər rayonlardan da hansı obyektlərdə smartkart tipli sayğacların quraşdırılması ilə bağlı sifarişlər daxil olub”.
Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, bu sayğacların tətbiqi su sərfiyyatının uçotunun daha dəqiq aparılmasına, yəni yığım səviyyəsinin yüz faiz təmin olunmasına imkan verəcək.
“Mexaniki sayğaclarda belədir ki, aylarla su işlədir, sonra pul verilir. Elə olur ki, aylarla yubanmalar olur, amma smartkart tipli sayğaclarda isə əvvəlcədən pul verildiyi üçün yığım 100 faiz təmin olunacaq. Digər üstünlüyü ondadır ki, bu sayğaclara müdaxilələr qeyri-mümkündür. Mexaniki sayğaclarda biz belə hallarla çox rastlaşmışıq, yəni sayğacın rəqəmləri geri fırladılır, onun su sərfi bilərəkdən azaldılır. Amma yeni sayğaclara müdaxilə olsa o dərhal qapanır, həmin istehlakçı sudan istifadə edə bilmir”.
A. Cəbrayıllı smartkart tipli sayğacların quraşdırılmasının uzun müddət çəkəcəyini qeyd edib.
“Bu böyük prosesdir. Bilirsiniz ki, “Azərsu”yun 1 milyondan çox abunəçisi var. Digər kommunal xidmətlər neçə illərdir ki, bunu tətbiq edirlər, amma tam bitirə bilmirlər. Biz artıq qərar vermişik ki, bu gün beynəlxalq layihələrlə, o cümlədən rayon mərkəzlərində görülən işlərdə smartkart tipli sayğacların quraşdırılmasını tətbiq edək. Yəni bir üstünlüyümüz odur ki, onlar artıq birbaşa smartkart tipli sayğaclarla çalışacaq. Bakıda isə əksəriyyət mexanikidir və biz onu tədricən dəyişəcəyik”.


Aytən Əliyeva